Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-20 12:11:00
MEK- də şəhidlərin xatirəsi anılır

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) 20 Yanvar şəhidlərinin xatirəsi anılıb. Əvvəlcə Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

MEK-dən AzEdu.az-a bildirilib ki, tədbirdə çıxış edən kitabxananın direktoru Məmməd Əliyev 34 il əvvəl Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin dərin hörmətlə yad olunduğunu deyib. Həmin illəri xatırladan direktor imperiyanın özünü saxlamaq cəhdlərindən danışıb. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya hücum edən sovet imperiyasının silahlı qüvvələrinin qarşısına əliyalın çıxan mərd oğullarımız olub: “Məhz o gecə biz ilk dəfə şəhid sözünü eşitdik. Təəssüf ki, həmin vaxt ölkəyə rəhbərlik edənlər bu hadisələrə hüquqi-siyasi qiymət verməyə cəsarət etmədilər. Xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Lakin bu mübarizədə xalqımızın iradəsi sınmadı, milli ruhu sarsılmadı. 30 il sonra xalqımız minlərlə şəhid verərək ölkəmizin suverenliyini bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz torpaqlarımızı öz canları hesabına geri qaytardı”, - deyə Məmməd Əliyev vurğulayıb.

 

Direktor əlavə edib ki, daim dövlətimiz tərəfindən şəhid, müharibə iştirakçıları, onların ailə üzvlərinə diqqət və qayğı göstərilir. Mərkəzi Elmi Kitabxana da şəhidlərin xatirəsini hər zaman hörmətlə anır. 44 günlük müharibədən sonra kitabxana sistemində ilk olaraq MEK-də Qarabağ müharibəsi qəhrəmanları fondunun yaradılması da bu diqqətin bariz nümunəsidir.