Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-18 16:50:18
Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasına yeni sədr təyin olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının növbəti tədbiri keçirilib.

 

Bu barədə AzEdu.az-a institutdan bildirilib. Qeyd olunub ki, tədbirdə institutun direktoru professor Nadir Məmmədli gənclərin müəssisənin elmi və ictimai həyatındakı rolundan danışıb, onlara tövsiyələrini verib.

 

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının əsasını qoyduğu “Dilçilik tribunası” layihəsi çərçivəsində Nəzəri dilçilik şöbəsinin elmi işçisi Pərvin Bayramovanın “Ünsiyyətin verbal və qeyri-verbal növləri” mövzusunda məruzəsi dinlənilib və mövzu ətrafında müzakirələr aparılıb. Son iki il ərzində “Dilçilik tribunası”nda müxtəlif mövzularla çıxış etmiş dörd gəncə təşəkkürnamə təqdim olunub.

 

Tədbirdə Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasında sədrlik müddətini başa vurmaq üzrə olan Günel Orucova bu müddətdə görülən işlər barədə hesabat təqdim edib.

 

İnstitut heyətinin ortaq qərarına əsasən, Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının yeni sədri vəzifəsinə Türk dilləri şöbəsinin elmi işçisi Arzu İsgəndərzadə, sədr müavini vəzifəsinə Kompüter dilçiliyi şöbəsinin elmi işçisi Nigar Vəlizadə, katib vəzifəsinə isə kitabxanaçı Talehə Bakıxanova təyin olunub.

 

Sonda çıxış edən institut əməkdaşları Günel Orucovanın sədrlik dövründə fəaliyyətini yüksək dəyərləndirib, yeni heyətə uğurlar arzu ediblər.