Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-30 09:15:34
“Heydər Əliyev İli” çərçivəsində AMEA-da 46 kitab və monoqrafiya çap edilib

Dekabrın 29-da AMEA-nın prezidenti akademik İsa Həbibbəyli AMEA-nın Rəyasət Heyəti aparatının əməkdaşları ilə görüşüb.

 

Bu barədə AzEdu.az-a AMEA-dan məlumat verilib. Bildirilib ki, akademik İsa Həbibbəyli aparatın əməkdaşlarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib, bu əlamətdar tarixin Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən qəbul olunduğunu söyləyib. Qeyd edib ki, Ulu Öndər hər zaman dünya azərbaycanlılarının həmrəyliyinə xüsusi diqqət yetirib, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzalayıb (indiki Diasporla İş üzrə Dövlət Komitəsi), onun Sərəncamı ilə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib.

 

Prezident İlham Əliyevin Ulu Öndər dünya azərbaycanlılarının həmrəyliyi siyasətini uğurla davam etdirdiyini deyən akademik dövlət başçısının təşəbbüsü ilə Dünya Azərbaycanlılarının növbəti qurultaylarının keçirildiyini, xarici ölkələrdə Azərbaycanın diaspora nümayəndəliklərinin açıldığını və geniş təşkilatlandığını bildirib: “Beynəlxalq arenada XXI əsrin dünya liderlərindən biri kimi qəbul edilən Prezident İlham Əliyevin Qarabağda nail olduğu tarixi Zəfər, ərazi bütövlüyümüzün tam bərpa olunması, Azərbaycanın bütün ərazilərində Dövlət Bayrağımızın dalğalanması xalqımızın, dünyada yaşayan azərbaycanlıların başını uca etmişdir və bunun üçün dövlət başçısına sonsuz minnətdarıq”.

 

İl ərzində Akademiyanın da ölkəmizin inkişafına öz əməli dəstəyini verdiyini deyən akademik İsa Həbibbəyli 2023-cü ildə əldə olunmuş uğurları diqqətə çatdırıb. O, “Heydər Əliyev İli” çərçivəsində AMEA-da 46 fundamental monoqrafik, 14 konfrans materialının çap edildiyini, bu istiqamətdə, həmçinin keçirilən konfrans və tədbirlərlə qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlindiyini bildirib.

 

Akademik İsa Həbibbəyli çıxışının sonunda Azərbaycanın bu günlərdə dövlət başçısının liderliyində yeni tarixi dövrünü yaşadığını, ölkəmizi inkişafdan intibaha doğru apardığını və alimlərimizin bu prosesdə Prezident İlham Əliyevin ətrafında sıx birləşərək öz töhfələrini verməyə davam edəcəklərini söyləyib.

 

Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının şöbələrinə yeni nəsil kompüterlər təqdim olunub.