Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-28 11:37:00
“Sertifikasiya nəticəsini reklam vasitəsi kimi istifadə etmək doğru deyil”

Məlum olduğu kimi, bu il ibtidai sinif müəllimləri ilə yanaşı Azərbaycan dili və ədəbiyyat müəllimləri də sertifikasiya prosesinə cəlb olundu. Bu müsabiqədə maksimum və yüksək nəticə göstərən müəllimlər də var idi.

 

Sosial şəbəkədə səs salan məlumatlardan biri də sertifikasiya imtahanlarından yüksək nəticə toplayan müəllimlərin repetitorluğu ilə bağlıdır. Qeyd edirlər ki, həmin müəllimlər sertifikasiya balından istifadə edərək hazırlıq qiymətini qaldırırlar.

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, bəzi müəllimlər şagirdlərin nəticəsi ilə yox, öz nəticələri ilə fəxr edir:

 

“Hazırda bir sıra müəllimlər var ki, dərs dediyi şagirdlərin nəticələri ilə deyil, öz uğur və sertifikatları ilə daha çox fəxr edir. İndiki prosesdə yeni bir mərhələ başlayıb ki, bu da sertifikasiya imtahanıdır. Sertifikasiya həmin müəllimin orta ümumtəhsil məktəbində işləməklə bağlı peşə yararlığını təsdiq edir. Lakin sertifikasiyadan müvafiq nəticəni toplayan bəzi müəllimlər bunu şişirdərək hər yerdə paylaşır”.

 

Ekspert vurğulayıb ki, sertifikasiya imtahanından əldə edilən nəticəni reklam vasitəsi kimi istifadə etmək doğru deyil:

 

“Məlumdur ki, Azərbaycan dili və ədəbiyyat müəllimləri repetitorlar arasında daha çoxdur. Buraxılış imtahanlarına görə bütün abituriyentlər bu fəndən repetitor hazırlığına getməli olurlar. Müşahidələr onu göstərir ki, bəzi Azərbaycan dili müəllimləri sertifikasiyadan topladıqları balı qabardaraq daha çox abituriyenti özlərinə çəkməyə çalışır. Halbuki belə olmamalıdır. Yəni həmin şəxslərin diplomlu olmağı kifayət qədər onların peşə yararlığını təsdiq edir. Sertifikasiyadan yüksək nəticə toplayanlar bunu sosial şəbəkə hesablarından paylaşım edirlər. Bu isə reklam xarakteri daşıyır. Azərbaycanda heç bir repetitor əminliklə deyə bilməz ki, “mən istənilən abituriyentdən yüksək nəticəli mütəxəssis yetişdirə bilərəm”. Düşünürəm ki, sertifikasiya imtahanından əldə edilən nəticəni reklam vasitəsi kimi istifadə etmək doğru deyil”.