Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-19 17:03:03
I sinfə qəbul üzrə qeydiyyat 80 faizə yaxınlaşıb - RƏSMİ

Martın 19-u saat 15:00 olan məlumata əsasən, mektebeqebul.edu.az vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 38 014 sorğu yerləşdirilib.

AzEDU xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, onlardan 35 015-i ümumi təhsil məktəblərini, 2999-i isə lisey və gimnaziyaları seçib.

Bildirilib ki, bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 80 faizinə yaxındır.

Qeyd edək ki, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 22 fevral-15 sentyabr 2018-ci il tarixlərini əhatə edən elektron ərizələrin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə (http://baku.edu.gov.az/az/page/276) müraciət edə bilərlər.

Xatırladaq ki, 2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonlarında da uşaqların I sinfə qəbulu elektron qaydada aparılır. Bu rayon və şəhərlərdə ərizələrin onlayn qeydiyyatı prosesinə martın 12-dən start verilib.