Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-07 16:25:00
Qurultay təhsilimizin inkişafına öz töhfəsini verəcək

Dekabrın 15-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin növbəti XVI qurultayı keçiriləcək.


Qurultayın keçirilməsinin əsas məqsədi Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş əhəmiyyətli nailiyyətlər, eləcə də 2018-ci ilin noyabrında keçirilmiş Azərbaycan müəllimlərinin XV qurultayından sonrakı müddət ərzində təhsil sistemində həyata keçirilmiş tədbirlər və islahatlar barədə Azərbaycan ictimaiyyətini məlumatlandırmaqdır.

 

Maraqlıdır, Azərbaycan müəllimlərinin növbəti XVI qurultayında təhsilin inkişafı ilə bağlı hansı müsbət addımlar müzakirə ediləcək?


Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, belə bir qurultayın keçirilməsi çox önəmli və vacibdir:


“Çünki biz yeni bir mərhələyə daxil olmuşuq. Məlumdur ki, təhsil sahəsində islahatlar həyata keçirilir və təhsili gücləndirmək üçün müəyyən gözləntilər var. Qarşıda təhsilin inkişafı üçün atılan addımlar, eləcə də təhsillə bağlı yeniliklərin gözlənilməsi, müasir tapşırıqların verilməsi, ölkədə həyata keçirilən təhsil islahatları ilə bağlı müzakirlərin aparılması, hədəf və məqsədlərin müəyyənləşdirilməsi, təhsildəki problemlərin müzakirə edilməsi və baxımından belə bir qurultayın keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Sözügedən qurultay, bütövlükdə təhsilimizin inkişafına öz töhfəsini verəcək və müəyyən məqsədlərimizi müəyyənləşdiriləcək”.


Müəllimlərin XV qurultayında iştirak edən Azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Bezrajvard qeyd edib ki, qurultay maraqlı bir xatirə kimi yaddaşımdadır:

“Nazirin eləcə də qurultay iştirakçılarının nitqini dinləmək olduqca maraqlı idi. Hər birinə ayrı-ayrılıqda hörmətim var. Qurultayın məqsədi ümumi şəkildə təhsil haqqında olan islahatları, yenilikləri və problemləri işıqlandırmaqdır. XV qurultayda müəllimlərin sertifikatlaşdırılıması mövzusunda geniş müzakirə aparıldı. Müzakirələrdən dərhal sonra bu müsabiqənin tətbiq olunması, düşünürəm ki, çox mühüm addım oldu.


Ümumi olaraq burada təhsilin inkişafı üçün müsbət addımların təməli qoyuldu. Sertifikasiya imtahanının keçirilməsi ilə müəllimlərin bilik və bacarıqları müəyyənləşdi. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyinin qəbul etdiyi qərarlar təhsilin gələcək inkişafı naminədir. Yeni qurultayda hər bir müəllimə uğurlar arzu edirəm”.