Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-01 17:14:00
Startap layihəsinin inkişafı ilə bağlı ciddi ADDIM

Ötən gün "InMerge Innovation Summit"i çərçivəsində İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, SOCAR və “PAŞA Holdinq” arasında Azərbaycanda İnnovasiya və Startap ekosisteminin inkişafı üçün əməkdaşlıq ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

 

Startapların qlobal bazara çıxışı və akselerasiya proqramlarının keçirilməsi, təhsil müəssisələrində korporativ mühitə addım atmaq istəyən, biznesin əsas elementlərini daha dərindən qavramaq istəyən tələbələrə “Sahibkarlığa Giriş” üzrə təlimlərin və innovasiya və startap ekosisteminin təbliği üçün “Bakı İnvestisiya Günü” (“Baku ID”) tədbirinin keçirilməsi istiqamətində razılığa gəlinib.

 

Sözügedən məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən  fəlsəfə doktoru, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov bildirib ki, bütövlükdə təhsil, innovasiyalar və müasir texnologiyalar naminə mütləq şəkildə yeni biliklər istehsalına zərurət var:

 

“Eyni zamanda, bu, beynəlxalq çağırışdır. Çox sevinirəm ki, son illərdə Elm və Təhsil Nazirliyi bu istiqamətdə ciddi işlər həyata keçirir. Hesab edirəm ki, bütün bunlar təhsilimizin müasir tələblər səviyyəsində inkişafına dəstək verəcək. Hesab edirəm ki, məhz müvafiq dövlət qurumlarının qeyd olunan istiqamətdə səylərini birləşdirməsi zərurəti zamanın tələbidir. Yeni yaradıcı mühitin formalaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Eyni zamanda, artıq dünya kifayət qədər dəyişib və biz təhsil üslublu ölkələrin inkişaf yoluna nəzər salsaq görərik ki, məhz həmin ölkələrdə məktəb yaşından başlayaraq təhsil alan şagirdlərə, eyni zamanda, ali məktəblər tələbələrinə artıq peşəkar vərdişlər formalaşdırlır. Onların təşəbbüslərinin dəstəklənməsi istiqamətində bu kimi startap layihələrə ciddi önəm verilir”.

 

Həmsöhbətimiz qeyd edib ki, Elm və Təhsil Nazirliyi yanında Təhsilin İnkişafı Fondunun sonuncu forumu məhz bu istiqamətdə işlərə həsr olunmuşdur:

 

“Artıq Elm və Təhsil Nazirliyi müvafiq dövlət qurumları ilə birgə bu istiqamətdə əməli işlərə başlayır. Bütün bunlar təhsil sistemimizin müasir tələblər səviyyəsində inkişafına nail olmaq üçündür. Azərbaycanın elm və təhsilinin gələcəyi, tutumlu ölkələr sırasında yer almasına hədəflənib. Bizim xalq kifayət qədər intellektual potensiala malik olan xalqdır. Düşünürəm ki, təhsil sistemində bu kimi yeniliklərə ehtiyac var. Bütövlükdə dünyada əlbəttə ki, təhsili iqtisadiyyatsız təsəvvür etmək mümkün deyil. Hesab edirəm ki, Azərbaycan hərbi müstəvidə qazandığı qələbəni elm ,təhsil və texnologiyalar sahəsində də qazanmağa qadirdir. Bunun üçün qeyd olunan istiqamətdə birgə əməkdaşlıqdan, bütövlükdə təhsil sistemində yeni yanaşmanın tətbiqindən və eyni zamanda innovasiyaların praktiki müstəviyə keçirilməsindən ibarətdir”.