Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-05 10:16:00
Açıq suallar yığışdırılsın ! : TESTLƏRLƏ BAĞLI QALMAQAL

Bir neçə ildir ki, Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış və ali məktəblərə qəbul imtahanlarının tərtibatında müəyyən dəyişiklik edir. Lakin müşahidələr onu göstərir ki, imtahanların forması dəyişsə də, ümumi struktur, tərz dəyişmir.


Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, Azərbaycanda olduğu kimi dünyanın əksər ölkələrində də imtahanlar test üsulu ilə keçirilir:


“2008-2009 - cu ildən təstiq olunmuş qaydaya əsasən ölkəmizdə 2019-cu ildən etibarən buraxılış və ali məktəblərə qəbul imtahanları kurikulum sistemi ilə keçirilir. Lakin çatışmayan məqamlar mövcuddur. Abituriyentlər tərəfindən cavablandırılması tələb olunan açıq tipli və yazılı suallar var. Düşünürəm ki, həmin sualların cavablandırılması müəyyən qədər zaman alır. Bu kimi sualların ləğv olunması vaxt itkisinin qarşısını almaq baxımından səmərəlidir. Əgər yazı tipli tapşırıqları saxlamaqla şagirdlərin özünü ifadəsinə yer ayırmaq istəyiriksə, o halda imtahan veriləcək fənlərin sayını minumuma endirməliyik”.


Ekspert beynəlxalq təcrübəni nümunə çəkərək bildirib ki, dünyanın əksər ölkələrində universitetlərə qəbul prosesi təməl fənlər üzərində aparılır: “Qonşu ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, iki, yaxud üç fəndən imtahan verərək universitetlərə qəbullar keçirilir. Düşünürəm ki, biz də bu təcrübəni tətbiq edə bilərik. Bu yaxınlarda elm və təhsil naziri Emin Əmrullayev yüksək bal toplayan şagirdlərin esse yaza bilmədikləri barədə fikir bildirmişdi. Abituriyentlər 5-6 fəndən imtahan verdiklərinə görə mövzuları sadəcə imtahan üçün əzbərləyilər, sonra isə unudurlar. Bu da onların yazı bacarıqlarının inkişaf etməsinə əngəl olur”.



Həmsöhbətimizin sözlərinə görə abituriyentlərin özünüifadəsini təkmilləşdirmək üçün yeni qəbul qaydaları tətbiq edilməlidir: “DİM artıq iki ildir şəkilli sualların buraxılış və qəbul imtahanlarına salınması ilə bağlı qərar qəbul edib. Lakin hələ də bu tətbiq olunmur. Bu o deməkdir ki, abituriyentər tapşırıqda qoyulan şəkillərə müvafiq olaraq öz fikirlərini ifadə etməlidir. Bu tip imtahan modelinə keçmək üçün düşünürəm ki, şagirdlərin fənn yükü azaldılmalıdır. Ancaq bundan sonra imtahanların strukturunda dəyişiklik görə bilərik”- deyə fikirlərini tamamlayıb.

 

Sifayə Abbas