Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-20 11:02:00
52 yaşlı tələbə DANIŞDI: “İllər arzularımı qamçılasa da, əl çəkmədim”

AzEdu.az təhsil portalı “Maraqlı adam” rubrikasında növbəti müsahibəni təqdim edir.

 

 

Bu dəfə haqqında bəhs etdiyimiz Sevda Hüseynzadə 52 yaşı olmasına baxmayaraq, bu il tələbə adı qazanıb.                                                                                                                        

 

 

Belə ki, o, buraxılış və qəbul imtahanlarından keçərək Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub.

 

 

AzEdu.az-a müsahibə verən Sevda Hüseynzadə öz təəssüratlarını bizimlə bölüşüb:

 

                                                                                                       

Müsahibəni təqdim edirik:

 

 

- İlk növbədə özünüz barədə məlumat verməyinizi istərdim...

 

- Mən Hüseynzadə Sevda. 52 yaşım var. Bu il Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanından 245 bal toplayaraq Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşam.

 

- Düzdür, təhsil almaq heç vaxt gec deyil, amma ali təhsil almaq üçün sizi bu qədər gözlədən nə idi?

 

- 1988- ci ildə orta məktəbi bitirdikdən sonra ilk dəfə 1989-cu ildə qəbul imtahanlarında iştirak etdim. İlk cəhdim uğursuz oldu. Ondan sonra uzun bir müddət qəbul imtahanlarında  iştirak etmədim. Amma hər zaman ali təhsil barəsində düşünürdüm. Uzun bir müddətdən sonra yenə qəbul imtahanında iştirak etdim. İlkində uğursuz nəticə əldə etsəm də, 2-cidə uğur qazandım. Hətta yüksək bal topladım. Pandemiya dönəmi idi. Jurnalistikadan qabiliyyət imtahanından keçməyi unutdum. Eyni ildə, yəni pandemiya dönəmində qızım da ali təhsil müəssisələrinin birinə daxil oldu. Məndə daha da çox oxumaq və imtahan vermək həvəsi yarandı.

 

- Jurnalist olmaq arzunuz idi, yoxsa balınız ona çatdığı üçün seçdiniz?

 

- Jurnalist olmaq istəyim lap kiçik yaşlarından vardı. İllər o arzularımı qamçılasa da, mən istəyimdən əl çəkmədim. Oxumaq mənim üçün yaşadığım başqa problemlərdən qaçış idi sanki. Bir növ “escapismo” (qaçmaq) deyək.

 

- Hazırlıq müddətiniz necə idi?

 

- Hazırlıq müddəti mənə görə əyləncəli idi. Səhər erkən oyanıb ilk yanına qaçdığım kitablarım olurdu. Mətbəxdə yemək bişirərkən,çay dəmlərkən belə fikrim kitabların yanında qalırdı. Ancaq hazırlaşmağa çox vaxtım olmurdu. Ev işləri, yemək bişirmək və ailə ilə maraqlanmaq günün böyük bir hissəsini təşkil edirdi.

 

- Bəs özünüz hazırlaşırdınız?

 

- Özüm hazırlaşırdım, kitabdan oxuyub, test işləyib, sonra cavabları yoxlayırdım. Anlamadığım testləri yenidən işləməyə çalışır və “Youtube”dan müəllimlərə qulaq asırdım.

 

- Universitetin ilk günü qrup yoldaşlarınız və müəllimlər sizi necə qarşıladı?

 

 - Qrup yoldaşlarım ,həmçinin müəllimlər çox yaxşı qarşıladılar. Stimul verdilər mənə. Azca qorxum vardısa da, onların sayəsində yoxa çıxdı.

 

 

- Özünüzü gələcəkdə bir jurnalist kimi necə təsvir edirsiniz?

 

- Obyektiv, qərəzsiz informasiya çatdırmağı planlayan, aktual mövzularda aktiv və doğru istiqamət götürəcək ,toplumun xeyrinə yönəlmiş xəbərlərin üzə çıxmasına köməklik göstərə biləcək bir jurnalist olmağı düşünürəm.

 

- Bəzi abituriyentlər var ki, məktəbi bitirdikləri ilk il universitetə qəbul oluna bilmirlər. Onlara nə demək istəyərdiniz?

 

 - Burdan "Ömrümü başa vurmuşam, daha məndən heç nə olmaz" deyənlərə, uğursuzluqla qarşılaşıb həyatdan kəsənlərə tək bir sözüm var: -Həyat mübarizədir, istədiyiniz hər şeyi ala bilərsiniz həyatdan. Əsas odur ki,istəyin. Heç nəyə və heç bir kimsənin iradına əhəmiyyət verməyin. Çünki zamanın nə gətirəcəyi bəlli olmaz.