Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-18 13:19:00
Yüksək bal toplayan 64 yaşlı müəllim :“Sertifikasiyadan qaçmaq qorxaqlıqdır”

Məlum olduğu kimi, avqustun 31-də könüllü şəkildə iştirak etmək istəyən 60 və yuxarı yaşda olan müəllimlər sertifikasiya müsabiqəsindən keçdilər. Elm və Təhsil Nazirliyindən verilən məlumata əsasən, təhsilverənlərin 53 nəfəri 60 və yuxarı yaşda olanlardır ki, həmin müəllimlərin 7-si 51-dən yuxarı bal toplayıb.

 

 

Onlardan birin də Fazil Ellazovdur.

 

Belə ki, Azərbaycan dili və ədəbiyyat müəllimi olan Fazil Ellazovun 64 yaşı var. O, sertifikasiya imtahanında  iştirak edərək 56 bal toplayıb.

 

 

AzEdu.az-a müsahibə verən Fazil müəllim təəssüratlarını  və  müəllimlərə tövsiyələrini bölüşüb:

 

 

- Sertifikasiyadan 56 bal toplayacağınızı gözləyirdinizmi?

 

- Düzünü desəm, daha yüksək olacağını düşünürdüm. Səhv etdiyim suallar çox asan suallar idi. Səhv etməyimin əsas səbəbi şərti düzgün başa düşməməyimdən qaynaqlandı.

 

 

-Yəni rahat şəkildə maksimum - 60 balı toplaya bilərdiniz ?

 

-Təbii ki də. Əslinə qalsa, imtahandan öncə fikirləşirdim ki, metodika və kurikulum sualları çətin olar və onlardan 1-2 səhv edə bilərəm. Amma dönüb baxanda heç də çətin sualların olmadığını gördüm. Şərtlər məni çaşdırmasaydı, 60 bal toplayardım.

 

-Sertifikasiya imtahanına neçə müddət hazırlaşdınız?

 

-Son 1 ayda, yəni avqustda.

 

-Bəs özünüz hazırlaşdınız, yoxsa kömək edən oldu?

 

-Demək olar ki, özüm hazırlaşmışam. Müəllimlərin diaqonsitik qiymətləndirilməsindən sonra onsuz da bu cür müsabiqələrə hazırlıqlı idim. Son bir ayda bildiklərimi sistemləşdirdim və imtahanda da tətbiq etdim.

 

-Müsahibə mərhələsindən nəticəniz necə oldu?

 

- Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri hələ ki, şəxsi kabinetlərimizə gəlməyib. Amma hesab edirəm ki, nəticəm yaxşıdır. Ən azından bizdən müsahibə götürən ekspertlərin danışığından nəticənin necə olacağı hiss oluna bilir.

 

-Məlumdur ki, 60 yaşından yuxarı müəllimlərin sertifikasiyası könüllü idi. Sizin sertifikasiyada iştirak etmə səbəbiniz nə oldu? Maaş artımı məsələsi, yoxsa özünüzü doğrultmaq?

 

-Bu suala hər ikisi deyərdim. Sertifikasiyada iştirak etməməyim o deməkdir ki, mən 35% maaş artımından imtina edirəm. Əgər mənim potensialım varsa, yüksək nəticə göstərə biləcəyəmsə, niyə görə imtina etməliyəm? Sertifikasiyada iştirak etməməyim bir növ qorxaqlıq etməklə bərabər olardı. Bu şagirdlərim arasında da qəribə qarşılanardı.

 

- Neçə müddətdir, müəllim kimi çalışırsınız?

 

- Mən peşəmi çox sevirəm. 30 ilə yaxındır ki, bu istiqamətdə çalışıram. Düşünürəm ki, ən azı 70 yaşıma qədər də müəllim olaraq fəaliyyətimə davam etdirəcəm.

 

- Növbəti sertifikasiya imtahanında iştirak edəcək müəllimlərə nə kimi tövsiyələr edərdiniz?

 

- Tövsiyəm odur ki, daim  öyrənməkdən, inkişaf etməkdən qaçmasınlar. Bizim məktəbin müəllimlərinin bir yaxşı xüsusiyyəti var idi ki, sertifikasiya imtahanından 1 ay öncə birlikdə müzakirələr aparırdılar. Məsələn, sertifikasiyada düşə biləcək sualları hansısa müəllim başa düşmürsə, digəri ona izah edirdi. Onlar oxuduqca, hazırlaşdıqca etiraf edirdilər ki, sertifikasiya müəllimin inkişafı üçün çox vacibdir.

 

-Yəni sertifikasiyanı dəstəkləyirsiz?

 

- Əlbəttə, sertifikasiyaya hazırlaşanda müşahidə etdik ki, bizim dünya görüşümüz xeyli artdı. Xüsusilə yaşlı müəllimlər köhnə, ənənənəvi metodlardan əl çəkib, müasir dövrün tələblərinə cavab verən tədrislə bağlı xeyli məlumatlandılar. Sertifikasiya müsabiqəsi təhsil üçün çox mühüm bir addımdır. Bunun sayəsində təhsil inkişaf edəcək.