Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-05 14:40:31
Söylədiklərin qədər deyil, etdiklərin qədərsən -"İlin gənc müəllimi" Leyla Camal yazır

Söylədiklərin qədər deyil, etdiklərin qədərsən. Oxuduğun mahnıya rəqs edə bilmirsənsə, kimsəyə faydan olmaz. Xoşbəxtliyi axtarmaqla tükənər ömrün. Xoşbəxtliyi başqa yerlərdə axtarma. Xoşbəxt olmaq istəyirsənsə, özündən başla. Çünki sən özünü xoşbəxt hiss etmədiyin müddətcə kimsəni xoşbəxt edə bilməzsən. Ətrafındakılardan şikayətlənmək yerinə sən tərəfdən "6" görünəni onların tərəfindən "9" görməyə çalış.

 

Çıx qabığından, at zəncirlərini. Burax kürəyindəki daşları. Boş verməyi öyrən. Dərdlərinlə başa çıxmazsan onlar sənin axırına çıxar. Çarəsi olan heç nə üçün üzülmə. Çarəsizlərisə çıxart beynindən. Olmayınca olmur. Məcburiyyət əzaba hamilədir. Doğulan hər əzab böyüyəcəkdir mütləq. Yükləmə ürəyini. Sən özünü parçalasan da, bəzi şeyləri dəyişməkdə gücsüzsən. Ya vəziyyəti qəbullan, ya vəziyyətlə ayaqlaş. Ya da burax su axıb çuxurunu tapsın. Çuxurun önünə daşlar düzmə. Qırdılarmı? Parçalarını birləşdir. İncitdilərmi? Yaralarına məlhəm ol. Sənə olunan hər nankorluğun yeganə günahkarı elə sən özünsən. Başına tac etdiklərin gün gələr başın ölçüsündən şikayətlənər. Sən istəmədiyin müddətcə kimsə səni üzə bilməz. Məsafələrini bəlirlə. Yaxınlaşan yansın, uzaqlaşan donsun.

 

 Gözləntilərini azalt. Umduğun yerdən küsmək əvəzinə, ünvanı unut. Umma, gözləmə. Xəyalların suda rəqs etməsin deyə hər arzunun baş roluna özünü təyin et. İnsanları yüksək rəflərə qaldırma. Hər kəsi əlin çatacaq yerə qoy. Hər kəsi aid olduğu yerə qoy ki, sonra yerlərini yadırğamasınlar. Sən hər kəsi insan pilləsinə qoysan belə sonra çoxunu yerində tapmaya bilərsən.

 

Həyatını, ümidlərini, arzularını insanlar üzərində qurma. İnsan fanidir, vəfasızdır, nankordur. Qarşılıqsız hər şey sənə ağrı verər. O zaman özünə haqsızlıq etmə. Hisslərinə, onuruna, qüruruna hörmət et. Kimsəyə sənə verdiyindən artıq dəyəri qaytarma. Burax ölçüdə o səndən irəlidə olsun.

 

Qaçan qovalanır. Kimsənin arxasınca düşmə. Sən getdikcə o bir pillə qalxacaq. Və sənin ən əlçatmazına çevriləcək. Axarına burax hadisələri. Kimsə üçün fədakarlıq etmə. Bu ona nifrətlə nəticələnəcək. Qoy bir az da insanlar sənin üçün çabalasın. Səni itirməkdən qorxsunlar. İncidiyinin, qırıldığının fərqinə varsınlar. Yoxluğunu hiss etsinlər.

 

Unutma, sən ən güclü yaradılışsan. Bacarmayacağın heç nə yoxdur. İstəsən öhdəsindən gələ bilməyəcəyin heç bir çətinlik yoxdur. Hisslərinmi? Onların idarəsi səndə olmalıdır. Nəfsini, kinini, sevgini hətta ehtirasını belə sən idarə etməlisən. Qəlbini dinləyib ağlınla hərəkət et. Sevilirsənsə sev, dəyərini bilirsə aç qollarını. Bilmirsə burax öz dəyərində qalsın. Xətir üçün xəstə olsan günün birində xəstə ürəyinə hesab vermək məcburiyyətində qalarsan. İnsanın sənə verdiklərinə diqqət et. Sözlərə deyil əməllərə inan. Söz pəhləvanları icraatda tut yemiş bülbülə dönür. Dili bəzəkli insanların sevgiləri dayaz olur.

 

"O bunu etməz" anlayışını unut. Hər kəs hər şey edər. Kimsə Mələk deyil. Unutma, şeytan da bir zamanlar mələk idi. Kimsəyə bütün varlığınla güvənmə, şərtsiz bir gün səni peşman edəcəkdir. Qarşındakını bağışlamaq üçün özünə bəhanələr uydurma. Ürəyinə haqsızlıq etmiş olarsan. Kimsənin etdiklərinə don geyindirmə, "etmək istədi və etdi" bu qədər bəsit. Dünyanı sən xilas etməyəcəksən, burax hər kəs səhvini anlasın. Susmalısan bəzən, dinləmək üçün. Hətta daha da irəli get. Öz güşənə çəkil. Kənardan izlə hər kəsi. Hadisələrə üçüncü şəxsin gözüylə baxmaq hər zaman ən doğru üsuldur. İçindən gəldiyi kimi davran. Vicdanının və ya mərhəmətinin qurbanı olma.

 

Dəyərini bil, sənə dəyərsiz hiss etdirən hər kəsdən uzaqlaş. Qorxma, kimsə kimsəsiz ölməz. Heç kəsə özünü sənin oksigeninmiş kimi hiss etdirmə. Sev, amma aysberqin quru səthini göstər ancaq. Çünki əminlik duyğusu qarşındakını səndən uzaqlaşdırır. Qoy hər zaman sənə çatmağa çalışsın. Bütün mənliyinlə ona təslim olsan, şübhəsiz ki marağı öldürəcəksən.

 

Mənfilərini gör, səhvlərini qəbullan, peşmanlıqlarından dərs al. Sənin ən yaxşı müəllimin ən sonuncu səhvindir. Yeganə rəqibin dünənki sənsən. Hədəflərini seç. Ağaca çıxmaq istəyirsənsə mütləq ulduzları hədəf al. Hədəfin Himalay olsa Elbrus sənə təpə kimi görünəcək. Çox çalış, qazanacağına inan. İnam uğurun yarısıdır. Uğurun düsturunu həkk et beyninə: 1% qabiliyyət + 99% tər.

 

Özünütərbiyədən əsla vazkeçmə. Müdrikləşməyə can at. Unutma, səni geyminlə qarşılasalar da, zəkanla yola salırlar. Ağıllarda qalmaq istəyirsənsə kamil ol.

 

Səni öldürməyən dərd gücləndirsin, yandınsa küllərindən yenidən doğul. Əvvəlkindən daha güclü və daha dik dur. Başını əsla əymə, başı aşağı olanın cəlladı çox olar. Beynini fikirlərlə bəzə, insanlarla yox. Boş insanlar ancaq insanları müzakirə edər. Sənsə işləri düşün. Edəcəklərini və qazanacağın qələbələri. Ən böyük qələbə insanın özü özünə qalib gəlməsidir. Nə eşq acısı, nə dost xəyanəti, nə kimsənin yoxluğu, nə olunan haqsızlıq. Bunlar qaraltmasın könlünü, bükməsin belini. Yalanmı danışdılar? Ola bilər, insanlıq halıdır. Təkrar güvənmə, bu dəfə canın yanmayacaq. Xəyanətmi etdilər? Hər şey insan üçündür və sən də insansan. Bağışlama, çünki yalanın və xəyanətin təkrarlanmaq kimi çirkin adəti var. İkinci şans vermək, birinci güllə boşa çıxdı, buyur ikincini vur ürəyimə deməkdir. İnsanlar əsla dəyişməz, sadəcə müəyyən zaman üçün libaslarını dəyişirlər. Hər kəsi olduğu kimi qəbul et. Hər şeyin bir sonu olduğunu əsla unutma. Sevinc də, kədər də əbədi deyil. Tez-tez bu cümləni xatırla: "hər şey ötəridir, bu da ötəcək".

 

Dərdlərini məsələ çevir. Şəffaf torbaya bənzət ürəyini. Səni incidən hər dərdi bir meyvə qəbul et və at torbaya. Zamanla torba ağırlaşacaq və aşağıdakı meyvələr çürüyəcək. Üfunət qoxusu və çirkin mənzərə səni narahat edəcək. Elə isə ürəyini, beynini niyə təmiz saxlamayasan? Torbaya deyil kənara at problemləri. Çiyinlərindəki yükü ağırlaşdırma. Həyatın dadını çıxart. Anı yaşa. Sabahı düşünmə. Sonunu düşünənin qəhrəman olduğuna hələ rast gəlmədim.

 

Kimisi üçün ən ağır şey unutmaqdır. Halbuki çox asandır. Unutmaq istəmədiyin üçün unuda bilmirsən. Yaralarını açıq tutduğun üçün qanayır. Burax qabıqlasın. Bağışlamamaq yaraları açıq tutar. Bağışla və varlığını unut. Ən ağır intiqam unutmaqdır və bu sənin əlindədir. Kimisə əvəzolunmaz hesab etsən ilk vaz keçdiyi insan sən olacaqsan. Çıxart ürəyindən at böyrəyə, süzülüb getsin. Nəyə necə baxarsansa o da sənə elə görünər. Şeytana mələk kimi baxmaqdan əl çək. Qüsurlarını gör, səhvlərini xatırla, ən əsası isə görməməyə çalış. Gözdən uzaq olan könüldən də iraq olurmuş. Gözün görmədiyini könül tez unudur. O zaman beynində boşluq yaratma. Özünə məşğuliyyətlər tap. Fikirlərini dolaşdırma. Bir şeyi düşünməkdən vazkeçdiyin an beyin o informasiyanı arxivləşdirir. Səni üzənləri şüuraltında arxivləşdir. Sən bacararsan. Bir az cəhd və alındı. Heç bir mahnının və ya hansısa hadisənin səni zəiflətməsinə imkan vermə. Ya indi ya heç vaxt. Gün bu gündür. Ya unutmalısan, ya da unutmalısan. Bu qədər asan. Beynini formatlamağı bacar. Lazımsız fikirlərin yerini kitablarla doldur. Onlar insanlardan daha faydalıdır.

 

Heç bir dərdi gözündə qloballaşdırma. Sən problemi gözündə böyütdüyün müddətcə o çətinləşir. Çarəsi olan nəysə üçün narahat olmağın əbəsdir. Su ilə dolu stəkanı saatlarla əlində saxlasan bu qolunun amputasiya olmasıyla nəticələnə bilər. Problemlər də belədir. At beynindən neqativ düşüncələri.

 

Həyat sənə verilən ən böyük ərmağandır. Başqa bir həyatının olmayacağını hesaba qatsaq doya doya yaşa. Həyat üzülməyə dəyməyəcək qədər qısadır. Bu gəminin kapitanı sənsən. Gedəcəyin limanı da sən seçirsən. Addımlarını yerə sağlam bas. Düşüncələrin parlaq olsun ki qaranlığını aydınlata bilsin.

 

Sənə pislik edənləri bağışla. Ağıllı insanlar əsla qisas almazlar. Çünki həyatın Bumeranq effekti olduğunu bilirlər. Kimsə yaşatdığını yaşamadan ölməz. Zaman sənin intiqamını mükəmməl şəkildə alacaq. Uğur ən sancılı intiqamdır. Səni sevməyən hər kəsi üzər. Sənə palçıq atanlardan narahat olma, sənə gəlib çatmasa da onların əlləri kirlənmiş olacaq. Fırtına nə qədər sərt qoparsa qopsun qayadan aparacağı tək şey tozdur. Bar verən ağac daşlanar. Sənə atılan daşlardan pilləkən düzəlt və zirvəyə qalx. Arxadan atılan daş topuğuna belə dəyməsin. Hər sözə veriləcək cavabın olsa da sus. Sözə deyil söyləyənə bax. Sən ona cavab verməyə tənəzzül etmə, qoy o səni susdurduğunu sansın. Ağıllı adam axmaq qarşısında hər zaman susar. Çünki nağara səsi ney səsindən bərk çıxar. Sarımsaq qoxusu ənbər qoxusunu üstələyər.

 

 

Elə isə sərf etdiyin nəfəs, israf etdiyin cümlələr heyif deyilmi? Üzünə qarşı cümlə qura bilməyənlərin arxanda keçirdiyi mətbuat konfransında iştirak etmə. Kənardakıların fikirlərinə əhəmiyyət vermə, kənarda qalmaqları onlara kifayətdir. Boş qazan bərk danqıldayar. Hər nə olur olsun insan olduğunu düşün. Qarşındakı necə davranırsa davransın sən özünü ləyaqətli apar. Hər kəs özünə yaraşanı edər, keyfiyyət heç zaman təsadüfi deyil. Neqativ insanların sənin haqqındakı düşüncələrinə mane olma, bu onların tək təsəllisidir. Əgər sən özünə qarşı nifrət, məhəbbət və paxıllıq qazanmamısansa deməli həyatını boşa yaşamısan. Sənin kimi ola bilməyəcəyini anlayan insanların nifrəti səni qorxutmasın. Yarasa sevmirsə nurlu günəşi, günəşin əksilməz bundan atəşi.

 

Qayadan çiçək ummaq olmaz. Qarşındakının potensialını nəzərə almadan gözləntilərini yüksək tutma. Bəzən kibrit çöpü qədər işığı olmayanlar özlərini sənə məşəl kimi tanıdacaqlar. Sənin uğurlarını, üstünlüklərini tənqid edəcəklər. Unutma, haqsız tənqid gizli heyranlıqdır. Kiməsə bənzəməyə çalışma, özün ol. Bu həddən artıq bayağı görünür.

 

Təkəbbürü çıxart ürəyindən. Sən kimsədən nə yuxarıdasan, nə aşağıda. Olduğun yerdir zirvən. Ancaq unutma, hamıya o zirvədən baxarsan təzyiq səni yıxar. Hər kəsə eyni mövqedən yanaş. Bil ki ən böyük atəşləri belə 10 qəpiklik kibrit yandırır. Daima "mən" desən, ayılanda "mən" deyə biləcəyin tək insan güzgüdəki olacaq.

 

İnsanları sevməyi öyrən. Mükəmməl bir duyğudur. Ürəyində sevgi daşımaq. Düşünsənə, eqoistlik itir. Özündən başqa bir can üçün narahat olmaq, onu düşünmək. Xariqüladə bir daddır. Hər canlıya şəfqətlə yanaş. Unutma sevgi hovuza su doldurmaq kimidir. Nə qədər çox doldursan o qədər tez zamanda daşıb sənə tərəf qayıdar. Sevginin aça bilməyəcəyi qapı yoxdur.

 

 

Hər açılan səhər sənə verilən bir şansdır. Dəyişməyə özündən başla. Özünü sev, səhvlərinlə düzlərinlə qəbullan. Dünyaya fərqli pəncərədən baxmağa çalış. Stəkanın dolu tərəfini gör ki həyat sənə günəşli tərəfini göstərsin. Düşüncələrin nədirsə sən Osan. Pozitiv düşün, gülün tikanından şikayətlənməkdənsə tikanlar içində gül gördüyünə sevin.

 

 

Gözündəki tirdən bixəbər başqa gözlərdəki qıldan narahat olma. Üzündəki təbəssümü əsla əksik etmə. Kim bilir, bəlkə də sənin təbəssümündən ilhamlanıb həyata tutunacaq insanlar var. Arsız olsun gülüşlərin. Dosta keyf, düşmənə dərd olsun. Səbəbsizcə gülümsə. Xoşbəxt olmağın ən asan yolu başqalarına yaxşılıq etməkdən keçir. Həyatın nə qədər ağır olursa olsun, xatırla, ən qaranlıq gecələr belə ən aydın sabahlara açılır. Bəzən Allah səndən gümüşü alır ki əvəzində qızıl versin. Verməməkdə dirənmə. Arxadakı qapını bağlamazsan əgər, önündəki qapılar açılmaz. Hər son bir başlanğıcdır. Faciəyə çevirmə. Tırtılın yolun sonu dediyinə Allah kəpənək deyir.

 

Təsadüf deyə bir şey yoxdur. Olanların mütləq bir səbəbi olduğuna inan və üsyan etməkdən vaz keç. Olmayan duaların üçün üzülmə. Günün birində olmadı deyə şükr edərsən. Allahın hər zaman bizdən daha yaxşı planı olduğuna inan. Qəlbində sevgi toxumları ək ki, ətirli qoxusu bütün varlığını bürüsün. Biçdiklərin xoşuna gəlmirsə əkdiklərinə fikir ver. Buğda əkib biçdiyin arpadan şikayətlənmək məntiqə sığmaz.

 

Geri çəkilməyi bacarmalısan bəzən. Vazkeçmək cəsarətdir bəlkə də. Başqalarının məğlubiyyət zənn etdikləri əslində sənin qələbəndir. Həyatda hər şey insan üçündür və sən insan olduğunu daima xatırla. Nə yaşayırsan yaşa, mütləq peşman öləcəksən. Ya etdiklərindən, ya da etmədiklərindən.

 

Leyla Camal