Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-01 13:51:00
“Xaricdəki milli beyinlərimiz”! – 38 minlik universitetdə pulsuz oxuyacaq...

Hər il yüzlərlə tələbə təhsil almaq üçün xaricə üz tutur. Onlar arasında topladığı balı Azərbaycanda ali məktəbə qəbul olmağa kifayət etməyənlər olsa da, yüksək nəticə əldə edib xarici ölkələri seçənlər də az deyil.

 

Həmin abituriyentlər ən çox hansı ölkəni və universiteti, niyə seçirlər?

 

AzEdu.az bunu araşdırmaq üçün “Xaricdəki milli beyinlərimiz” layihəsinə start verir.

 

Bu rubrikamızın ilk müsahibi olan Xanım Sadıqova Amerikada tam təqaüdlə təhsil alacaq. Müsahibəni təqdim edirik:

 

-Özünüzü oxuculara təqdim edərdiniz...

 

Mən Xanım Sadıqova 2002-ci ildə anadan olmuşam. 2023-cü ildə Bakı Dövlət Universitetinin Geologiya ixtisasını bitirmişəm. Magistratura təhsilimi Amerikada biznes sahəsi üzrə San Francisco Bay Universitetində davam etdirəcəyəm. Universitetim Fremont şəhərində yerləşir. Ümumi illik 22 min ABŞ dolları (38 min manat) olsa da, göstəricilərimlə 100% təqaüd qazanaraq, ödənişsiz təhsil hüququ əldə etdim.

 


-Necə oldu ki, xaricdə təhsil almaq qərarına gəldiniz?

 

-Bakalavr ixtisasıma ölkə daxilində hər nə qədər ehtiyac duyulsa da, təəssüf ki, bu peşəni sevmədim və ilk kursdan etibarən marketinq sahəsinə yönəldim. İşlədikcə yazıb, yaratmağın məni daha çox tamamladığını öyrəndim. Hər nə qədər iş təcrübəsi toplasam da, bu sahə üzrə biliklərimi daha da təkmilləşmiş halda fəaliyyət göstərmək üçün xaricdə təhsil almaq qərarına gəldim. Həmçinin, təcrübə qazanmaq, çətinlikləri yaşamaq istəyi də qərarımın bir parçasıdır.

 

-Bu qərarına ailənin münasibəti necə oldu?

 

-Ailəm 5 nəfərdən ibarətdir; anam və biz 4 uşaq. Atam 5 il öncə dünyadan köçməsinə baxmayaraq, o vaxtdan etibarən daim, xüsusilə təhsilimiz üçün çalışmağı, xaricdə təhsil almağı məsləhət görüb və arzulayıb. Eynilə anam da bütün qərarlarıma hörmətlə yanaşıb və dəstək verməyə çalışıb. Ailəmin hər bir fərdi bir-birinə istənilən hadisədə səhv və ya düz olmasına rəğmən yanında olub və nələrisə də bacarmışıqsa, bu, ata və anamın yaratdığı güc, sevgisi ilə olub. Bu gün də onların verdiyi dəstək sayəsində arzularımı reallaşdırmağa doğru gedirəm.

 

-Hazırlıq prosesindən bəs edərdiniz...

 

-Hazırlıq prosesi ifadəsini yazıb, eşitdikdə belə bütün proses bir daha gözümdə canlanır. Proses hər nə qədər yorucu və bəzən insanı son nöqtəsinə çatdırsa da, ən nəhayət insan yetişdiyini və bu gün dünənkinə nisbətən daha yaxşı olduğunu öyrənir. Əvvəla hansı ştatda təhsil alsam, daha yaxşı olar deyə araşdırmağa başladım. Nəticədə biznesin mərkəzi, dünya şirkətlərinin ünvanı və “Silikon Vadisi”nə sahib olan Kaliforniyanı seçdim. Daha sonra şəhər daxilindəki universitetləri araşdırdım və istədiyim ixtisas olanları seçdim. Hər biri ilə ya telefon, ya “mail”, ya da “zoom” kimi platformalarda əlaqə saxladım və bütün lazımi məlumatları əldə etdim. Tələblərini öyrəndikdən sonra imtahanlarımı verdim və müraciət prosesinə başladım. Həm qəbul, həm də imtina aldığım universitetlər oldu. Bu həm meyarlar, həm də rəqabətdən asılı olaraq dəyişən səbəblərdən irəli gəlir.

 

-Təhsilinizi tamamladıqdan sonra ölkəyə dönməməyi düşünürsünüz?

 

-Bu qərarı ora getdikdən sonra vermək niyyətindəyəm. Belə ki, şəraitə, məsafəyə və şərtlərə uyğunlaşmağım, yaxud uyğunlaşa bilməməyim kimi hallar olduğundan, bir müddət sonra qərarlaşdıracam. Hər bir halda ən yaxşı ehtimalı və fürsətləri dəyərləndirəcəm.

 

-Gələcək planların nələrdir?

 

-Qarşımdakı 2 il müddətində magistratura təhsilimi ən uğurlu şəkildə tamamlamaq ilk hədəfimdir. Lakin uzunmüddətli planlarım içərisində hazırda olduğum sahə üzrə davamlı öyrənmək, yeniliklər yaratmaq və uğurlu həyat sürməkdir. Xüsusilə də mənə olan etimadı doğrultmaqdır.

 

-Xaricdə təhsil almaq istəyən gənclərə tövsiyələrin nələrdir?

 

-Hər kəsin həyatda məqsədi və arzuları olur və bunun uğrunda mübarizə aparır. Hədəfiniz nədirsə, durmadan çalışmağı və xüsuilə də səbirli olmağı tövsiyə edirəm. Ruhdan düşdüyünüz, ətrafınızdakı insanların sizin motivasiyanızı aşağı saldığı, hətta məqsədlərinizi aşağıladığı anlar hədsiz çox olacaq. Lakin bütün bunlar sonra şirin xatirə və yorğunluq olaraq, qalacaq və bir anda sizi ruhdan salan insalara həmin məqsədlərlə bağlı tövsiyə verdiyinizi görəcəksiniz. Hər şeydən önəmlisi, arzunuzu həyatınıza çevirməyin. Çalışın, həyatdan zövq də alın.

 

- Sonda bizim toxuna bilmədiyimiz, lakin sizin danışmaq istədiyiniz mövzu varsa, buyurun...

 

- Firuzə xanım, sizə təşəkkür edirəm və özümə borc bildiyim təşəkkürləri də icazənizlə qeyd etmək istəyirəm. Öncəliklə mənə dünyada güclü olmağı, hər problemin öhdəsindən gəlməyi öyrədən anama, uşaqlığımdan bəri öyrətdiklərinin və sevgisinin sayəsində ayaqda qaldığım atama, istər pis olanda, istər sevinəndə mənə dəstək olan bacılarıma və qardaşıma, hər prosesdə yanımda olan dostlarıma sonsuz təşəkkür edirəm. Və həyatımda böyük iz qoyan müəllimlərim; Türkan müəllim, Sevinc müəllim, Qönçə müəllim və Nicat müəllim timsalında “Academstar” tədris mərkəzində mənə dərs deyən bütün müəllimlərə minnətdaram. Əlavə olaraq, bütün tədris prosesimdə mənə daim dözüm göstərən dəyərli iş kollektivim “iBox App”komandasına da təşəkkür edirəm. Son olaraq, bunu oxuyan hər kəsə daha daha böyük uğurlar və şans diləyirəm.