Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-11 13:58:00
“Bölgələrdə futbol məktəbləri yoxdur” -  Proqram qəbul edilsin!  

 

 

 Ölkəmizdəki futbol komandalarının üzvlərinə nəzər yetirdikdə legionerlərin sayının çox olduğunu aydın müşahidə edə bilirik. Bunun səbəbi bəzən onunla izah olunur ki, Azərbaycanda futbol məktəbləri yoxdur. Məhz ona görə də yaxşı futbolçu formalaşdırmaq mümkün olmur. Bu üzdən də legionerlərə üz tutulur. Əlbəttə, bu yanaşmada həqiqət payı olmamış deyil. Ölkəmizdə çoxsaylı bacarıqlı uşaqlar var. Məhlədə futbol oynayan, topla peşəkar davrana bilən elə uşaqlar görürük ki... Bəlkə də onlara imkan yaradılsa, gələcəyin Messisi ola bilərlər. Amma biz onları məktəblərə cəlb etmirik, nəticədə futbola olan həvəsləri və bu sahədəki bacarıqları öz məhəllərində “dəfn olunur”.

Maraqlıdır, görəsən niyə futbol məktəbləri yarada bilmirik, nə üçün orta məktəblərdəki bacarıqlı uşaqları futbola cəlb etmirik?

 

Bizə belə milli komanda lazım deyil! - Aydın Bağırov yazır

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında Azərbaycan Respublikasının Əməkdar jurnalisti, idman eksperti Aydın Bağırov bildirib ki, Azərbaycanda uşaq futbolu ilə bağlı böyük bir problem var:

 

 

“Azərbaycanda uşaq futbolu ilə bağlı böyük problem var. Burada söhbət sadəcə orta ümumtəhsil müəssisələrindən getmir. Xüsusi futbol məktəbləri və akademiyaları mövcuddur. Uzun illərin təcrübələri də göstərir ki, uşaq futbolu ilə bağlı vəziyyət ürəkaçan deyil. Ümumiyyətlə, bu sahədə ciddi nöqsanlar müşahidə olunur. Bu gün “Qəbələ” və “Sabah” klublarını çıxmaq şərtilə digərləri uşaq futboluna elə də dəyər vermirlər. Onlar daha çox Avropada oynamaq üçün çalışırlar. Burada söhbət təkcə “Qarabağ” komandasından getmir.

 

 

 

Başa düşmək lazımdır ki, təcrübəsiz futbolçularla Avropada uğur qazanmaq mümkün deyil. Bu sadəcə Azərbaycanda yox, bütün dünyada sınaqdan keçmiş bir təcrübədir. Məsələ burasındadır ki, Azərbaycana legionerlər gətirilir, amma bir çox hallarda görürük ki, onlar yerli oyunçulardan zəif olur. Normalda, legionerlər ona görə gətirilir ki, komandanı gücləndirsin, amma bizdə bu günə qədər gətirilənlərin 80-90 faizi özünü doğrultmur. Əksinə, bizim yerli oyunçularımızın qarşısını kəsiblər”.

 

 

 

Ekspert futbol sahəsində akademiya və məktəblərin yaradılmasının da vacibiliyini vurğulayıb:

 

“Dəfələrlə təklif etmişik ayrılan pullar yerli futbolçulara xərclənməli idi. Bölgələrdə futbol akademiyaları, məktəbləri yoxdur, uşaqlar bu sarıdan korluq çəkirlər. Təəssüf ki, Azərbaycan Futbol Federasiyasiyaları Assosiyasiyası buna laqeyd yanaşır.

 

 

Onlar yerli futbolçularımızın yetişməsinə önəm vermirlər, əvəzində Dağıstan, Türkiyə, Almaniya və digər ölkələrdən azərbaycanlı olmayan futbolçuları ölkəmizə cəlb ediblər. Guya milli komanda bununla güclənəcək. Bu da uğursuz və məntiqə sığmayan siyasətdir. Əvəzində bu illər ərzində böyük pullar xərclənib. Burada söhbət milyonlardan gedir.

 

Halbuki, bu vəsaitlərlə Azərbaycanın bir çox bölgəsində futbol akademiyaları qurmaq olardı və onların sayəsində də məhlələrdən, kəndlərdən seçilən yerli uşaqları yığıb həmin akademiyalara cəlb etmək olardı.

 

 

O akademiyada yetişən futbolçular Azərbaycan futboluna fayda verə bilərdilər. Təəssüf ki, bunlar baş vermir, son 15 ildə uşaq futbolu təmamilə əhəmiyyətsiz bir sahə olub. Bu barədə “Dövlət Proqramı” da qəbul edilib, amma buna da nəzarət edilmir. Bu da bu gün nəticələrə təsir göstərir.

 

 

Bu gün Azərbaycan futbolu sözün əsl mənasında kadr problemi yaşayır. Düşünürəm ki, bundan sonra bu məsələyə dövlət, federasiya və klublar səviyyəsində Azərbaycan futbolunda prioritet sahə kimi ciddi önəm verilməlidir.

 

Bu problemin həlli istiqamətində xüsusilə xarici mütəxəssislərin iştirakilə ciddi bir proqram qəbul edilməli, bununla da Azərbaycan uşaq futbolunun inkişafına başlanılmalıdır”.