Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-19 11:05:09
Çinli müəllim: “Azərbaycanda repetitor dərsi məktəb dərsindən daha vacib sayılır” - MÜSAHİBƏ

Azərbaycan universitetlərində təkcə əcnəbi tələbələr təhsil almır, həm də müxtəlif xarici ölkələrdən olan müəllimlər də fəaliyyət göstərir. Ali təhsil ocaqlarımızda çalışan əcnəbi müəllimləri ölkəmizə gətirən səbəblər nədir, onlar Azərbaycanla bağlı hansı təəssüratlara malikdirlər...


AzEdu.az Azərbaycandakı ali təhsil müəssisələrində çalışan əcnəbi müəllimlərlə silsilə müsahibələrə davam edir.

Saytımızın "Əcnəbi müəllim" layihəsinin növbəti müsahibi Huang Lidir.

 

Huang Li Azərbaycana Çindən gəlib.

 

- Zəhmət olmasa, öncə özünüz haqqında oxucularımıza məlumat vermənizi istərdik…
 

- Mənim adım Huang Lidir, Çinin Anhui Universitetinin müəllimiyəm. Hazırda isə Azərbaycan-Çin Təhsil və Araşdırma Mərkəzi - Konfutsi İnstitutunun Dövlət İdarəçilik Akademiyasındakı filialında Çin dili müəllimi işləyirəm. Bu mərkəzin Azərbaycanın 8 ali məktəbində filialı yaradılıb.
Mən ilk dəfə 2012-ci ildə Bakıya gəldim. Ötən müddət ərzində Bakı Dövlət Universiteti, ADA Universiteti, Xəzər Universitetində Çin dilini tədris etmişəm. 
Artıq 8 ildir Azərbaycanda müəllimlik edirəm. 

 

- Bəs burada işləməyə necə qərar verdiniz?

 

- 2012-ci ildə Çinin Anhui Universitetində müəllimi işləyirdim. Qrupumda müxtəlif ölkələrdən gələn 30 tələbə var idi. Onlardan biri də azərbaycanlıydı.
Azərbaycanlı tələbəmi çox sevirdim, ölkəniz haqqında, onun təhsil sistemi barədə məlumatlanandan sonra qərara gəldim ki, Bakıya gəlib dərs deyim.
 

- Siz 8 ildir burada tək yaşayırsınız?

 

- Xeyr, ailəm də mənim yanımdadır. 

 

- Buradakı həyat şəraitinə uyğunlaşmaq sizin üçün çətin olmadı ki?

 

- Əksinə, çətinlik çəkmədim. Mən Azərbaycanı bütün qəlbimlə sevirəm. Xüsusilə mətbəxini… 

 

- Azərbaycana uyğunlaşmağınızın asan olduğunu dediniz. Bəs hansı məsələdə daha çox çətinlik çəkdiniz?

 

- Dil məsələsində, mən azərbaycanca danışmağı hələ də öyrənə bilməmişəm.

 

 - Tələbələrinizlə aranızdakı münasibətdən razısınız?

 

- Çox yaxşıdır, biz dost kimiyik. Hətta bəzi tələbələrimin ailəsi ilə də yaxşı münasibətim var. Onlar mənim tələbələrim yox, doğmam kimidir. Tələbələrim mənə çox kömək edir. Bunu təqdir edirəm. 

 

- Müəllim yoldaşlarınız barədə nə deyə bilərsiniz?
 

- Komandamız vahid və pozitiv komandadır. Əvvəllər aramızda anlaşılmazlıq olurdu, amma bu anlaşılmazlıqları danışaraq həll etdik. 

 

- Bakıda müəllim olaraq çalışdığınız müddətdə Azərbaycanın təhsili ilə bağlı hansı nöqsanı dəqiqləşdirə bilmisiniz? 

 

- Gənc müəllimlərin olmaması və ya az olması diqqət çəkir. Bundan başqa, görünür ki, repetitorluq dərsləri məktəb dərslərindən daha vacibdir.

 

- Ümumi olaraq ölkəmizin təhsil sistemi haqqında nə düşünürsünüz?

 

- Azərbaycanın inkişafı ilə daha yaxşı olacaq. 

 

- Müəllim olaraq gənclərimizə tövsiyələriniz nələrdir?

 

- Onlara demək istəyirəm: Siz səhər doğan Günəşsiniz. Gözlənilən parlaq gələcək ola bilərsiniz. Qarşınıza aydın məqsədlər qoyun və onlar üçün əlinizdən gələni etməyə çalışın. 

 

- Azərbaycanın başqa hansı regionlarında olmusunuz?

 

- Sumqayıt, Quba, Lənkəran, İsmayıllı, Göyçay, Gəncə, Qəbələ, Şamaxı, Şəki, Astara

 

- Azərbaycan mətbəxini çox sevdiyinizi vurğuladınız, ən çox hansı yeməkləri sevirsiniz?

 

- Həqiqətən də mətbəxinizi çox sevirəm. Kabab və üzüm yarpağından olan dolma  xüsusilə möhtəşəmdir.

 

- Son olaraq başqa nə demək istəyisiniz?

 

- Burada daha çox tələbə öyrətmək üçün çalışacam. Bu, Çin və Azərbaycan dostluğuna mənim töhfəm olsun..