Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-07 11:36:00
Misir Mərdanov: “Azərbaycan dili çörək vermir, ona görə rus dili...” - MÜSAHİBƏ

Ötənlərdə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bağçalara qəbulun vaxtını açıqlayıb. O bildirib ki, yaxın 1 ay ərzində məktəbəqədər təhsil müəssisələrinə qəbulun başlaması nəzərdə tutulur:

"İyul ayında uşaq bağçalarına qəbul üçün elektron qeydiyyat başlayacaq. Yaxın vaxtlarda qəbulla bağlı elan ictimaiyyətə açıqlanacaq.

Həmin qeydiyyat bitdikdən sonra boş qalan yerlərə qəbul davam etdiriləcək".


Qeyd edək ki, bağçalara qəbulla bağlı hər il olduğu kimi, bu il də ciddi ajiotaj yaşanır. Kimi övladını rusdilli qruplarda oxutmaq istəyənləri kəskin qınayır. Bu halın gələcəkdə ölkəmizin milli təhlükəsizliyi və mənafeyinə zidd olduğunu iddia edirlər. Kimi isə "Azərbaycan dili çörək vermir" deyərək, övladının rus dilində təhsil almasına müyəssər olmaq istəyir.


Bu ziddyyətli yanaşmalarla bağlı keçmiş təhsil naziri Misir Mərdanovla söhbətləşdik.

AzEdu.az saytı eks-nazirlə müsahibəni təqdim edir:

- "Azərbaycan dili çörək vermir" iddiası ilə razılaşırsınızmı?


- Doğru qənaətdir. Azərbaycan dili çörək vermir, çörək qazandıra bilmir. Ona görə də insanlar məktəb və bağçalarda övladlarını rusdilli siniflərə yerləşdirmək istəyirlər. Amma düşünürəm ki, Azərbaycan insanı ilk növbədə öz dilimizdə təhsil almalıdır. Əslində Azərbaycan dili çörək verməlidir. Balalarımızı Azərbaycan dilində oxutmağa çalışmalyıq. Ancaq fakt odur ki, millət rus dilinə üstünlük verir. Yəqin, nəysə görür ki, belə addım atırlar.

- Cahanşümul alim, yazıçı, türkoloq Əhməd bəy Ağaoğlunun təbirincə desək, "hər hansı bir xalqı məhv etmək istəyirsənsə, onun dil və mədəniyyətini əlindən al". Ümumiyyətlə, xalqlar mədəniyyətini öz dilləri vasitəsilə yayırlar. Bu gün rus dilini öyrənən Azərbaycan gənci, sabah rus mədəniyyətini əxz edəcək ki, bu da onu öz dili və mədəniyyətindən qoparacaq. Doğru yanaşmadırmı?

- Mənə elə gəlir ki, uşaq ibtidai təhsili öz ana dilində alsa, yaxşıdır. Eyni zamanda nə qədər çox dil bilsə, bunun ona yalnız faydası ola bilər.

- Təkliflər var ki, ölkədə türkdilli və ingilisdilli məktəblərin sayını artırmaq lazımdır...

-Konstitusiyamızda yazılıb ki, Azərbaycanda dövlət dili Azərbaycan dilidir. Dövlətimiz təhsili Azərbaycan dilində verməlidir. O başqa məsələ ki, müəyyən sayda özəl məktəblər açmaq mümkündür. Özəl məktəblər açılacaq. Xalqın istəyi olacaqsa, balalarını türk və ingilisdilli məktəblərə yerləşdirə bilər. Buna onların haqqı var. Ancaq bu kütləvi hal alarsa, vəziyyət yaxşı olmaz. Dövlət hesabına kütləvi təhsil Azərbaycan dilində olmalıdır.

- Niyə Azərbaycan dili çörək verən dil ola bilmədi, harada səhvə yol verdik?

- Yaxşı sualdır, amma cavab vermək çətindir. Bununla bağlı müəyyən tədqiqat işləri aparmaq lazımdır.