Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-25 16:03:00
Sertifikasiyadan kəsilən müəllimlərin təlimi davam edir

Aprelin 1-dən Bakı şəhəri, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz regionları üzrə ixtisasartırma təlimlərinə başlanılıb.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkil etdiyi bu təlimlər sertifikatlaşmada təkrar iştirak edəcək təhsilverənlərə dəstək məqsədi daşıyır.

 

Sözügedən təlimlər müdavimlərin yaşayış yerləri nəzərə alınmaqla 53 təlim mərkəzində təşkil olunur.

 

İnstitutdan bildirilib ki, 2700-dən çox ibtidai sinif müəllimini əhatə edən bu təlimlərdə sertifikatlaşmada yüksək nəticə göstərən müəllimlərin də təlimçi kimi fəaliyyət göstərmələrinə şərait yaradılıb.

 

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dair sonuncu görüş 19 aprel tarixində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində çalışan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə keçirilib.

 

Görüş zamanı sertifikatlaşdırılmanın mərhələləri, məzmunu haqqında məlumatlar verilib. Həmçinin sertifikatlaşdırılmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında, əməyin stimullaşdırılması və əməkhaqqının diferensiallaşdırılması tədbirlərində nəzərə alınacağı bildirilib.

 

Tədbirin sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb.