Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-20 11:14:00
AzMİU Beynəlxalq Konqres təşkil edəcək

Aprelin 26-da Bakıda Azərbaycan Memarlıq ve İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi ilə “Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS 2023) Beynəlxalq Konqresi keçiriləcək.   

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, konqresdə Türkiyə, Amerika Birləşmiş Ştatları, Yaponiya, Kanada, İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Portuqaliya, Hindistan, Yunanıstan və digər ölkələrdən olan nüfuzlu alimlər iştirak edəcəklər. 

 

Konqresin plenar iclasında Tokio Texnologiya İnstitutunun fəxri professoru, Yaponiya Seysmik İzolyasiya Cəmiyyətinin prezidenti Akira Wada “Seysmik İzolyasiya Yastıqları və Sönüm Cihazları üçün Yeni Yüksək Performanslı Dinamik Sınaq Təsisi”, ABŞ-nın Arizona Universitetinin professoru Tribikram Kundu “Qeyri-dağıdıcı sınaq və Struktur Sağlamlığa Nəzarət Texnologiyasında Son Nailiyyətlər”, AzMİU-nun professoru, Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə “Yeni Struktur Seysmik İzolyasiya Sistemi” mövzusunda məruzə ilə çıxış edəcəklər. Bundan əlavə, Kanada British Kolumbiya Universitetinin professoru, zəlzələ araşdırma mərkəzinin direktoru Carlos E. Ventura, Türkiyənin Boğaziçi Universitetinin fəxri professoru Mustafa Erdik, İtalya Casaccia Araşdırma Mərkəzinin direktoru, professor Paulo Clemente, Türkiyənin Orta Doğu Texnik Universitetinin professoru Haluk Sucuoğlu və digər nüfuzlu alimlər də məruzə ilə çıxış edəcəklər. 

 

AERS 2023 Beynəlxalq Konqresinin məqsədi Zəlzələ Mühəndisliyinin əsas hədəfləri istiqamətində aparılan tədqiqatlar haqqında hərtərəfli təsəvvürün əldə olunması, qurğuların seysmik həssaslıq dərəcəsinin azaldılması,  mövcud İnşaat Norma ve Qaydalarında  Zəlzələ Mühəndisliyinin əsas hədəflərindən olan üç dizayn amilinin hər birinə diqqətin artırılması, gələcək zəlzələlərin təsirinin qarşısının alınmasında müasir yeni qurğu sistemlərindən istifadəyə çağırış və bu kimi aktual məsələlərdən ibarətdir.

 

Konqresin nəticəsi olaraq Fəlakətsiz Zəlzələ Mühəndisliyi  “Mühəndislər layihə və tikintidə səhv etməsələr, zəlzələlər fəlakət deyil”  şüarının mühəndislikdə tətbiqi, məruzə və elmi məqalələrin beynəlxalq Springel yayın evinde (İsveçre) və “Elmi Əsərlər” jurnalının xüsusi buraxılışında çap edilməsi, Azərbaycan Memarlıq İnşaat Universiteti ilə dünyanın aparıcı ölkələrinin zəlzələ mühəndisliyi üzrə elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlıq əlaqələrinin qurulması və gələcəkdə birgə layihələrin icrası, Qurğular Dinamikasında Fəlakətsiz Zəlzələ Mühəndisliyi (Non-Disaster Earthquake Engineering in Structural Dynamics) Beynelxalq jurnalının təsisi və dərc edilməsi planlaşdırılır. 

 

2 gün davam edəcək Konqreslə bağlı daha ətraflı məlumat əldə etmək üçün konqresin rəsmi saytına (https://aers2023.com) keçid etmək lazımdır.