https://www.zirve.edu.az/
21.09.2018 13:59
Prorektor doktorantura pilləsindəki ən əsas çatışmazlıqları sadaladı:”Tezliklə ciddi addımlar atılacaq”

Anar Eminov  - “Son zamanlar, xüsusilə iqtisadiyyat sahəsində doktorantura ilə bağlı yazılan işlərdə riyazi modelə dayanıqlı elmi işlərə az yer verilir. Lakin buna ehtiyac çoxdur”

Ali təhsil cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssis hazırlığı üç pilləlidir:

Birinci pillə – bakalavr;
İkinci pillə – magistratura;
Üçüncü pillə – doktorantura.

Doktorantura ali təhsil bazasında elmi və elmi-pedaqoji kadr hazırlığını, ixtisas və elmi dərəcələrinin yüksəldilməsini təmin edir. Doktorantura təhsili ali təhsilin ən yüksək pilləsi olaraq ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalar (hərbi təhsil müəssisələrində adyunkturalar) vasitəsilə həyata keçirilir.

Azərbaycanda doktorantura iki pilləlidir və aşağıdakı elmi dərəcələr müəyyənləşdirilir:

Fəlsəfə doktoru;
Elmlər doktoru.

Ümumiyyətlə, Azərbaycanda ali təhsilin doktorantura pilləsinin vəziyyətini necə qiymətləndirmək olar?

“Doktorontura sahəsində son zamanlar müəyyən inkişaf hiss olunsa da, burada da bütün sahələrdə olduğu kimi çatışmazlıqlar müşahidə olunur. Bu çatışmazlıqların birinci səbəbi odur ki, doktorantura ixtisaslarında motifikasiyalar dəyişməlidir. Ümumiyyətlə, həm magistratura, həm də doktoranturada ixtisaslar bir az fərqli istiqamətdə olmalıdır”, - deyə Anar Eminov bildirib.

Anar Eminov Azərbaycan Turizm və Menecment Universitetinin Elm və İnkişaf məsələləri üzrə prorektorudur.

O, hesab edir ki, bununla bağlı Təhsil Nazirliyi də müəyyən addımlar atmalıdır:

“Bildiyimiz kimi, hazırda, doktorantura ilə bağlı məsələlər Təhsil Nazirliyindən kənardı.

“Son zamanlar, xüsusilə iqtisadiyyat sahəsində doktorantura ilə bağlı yazılan işlərdə riyazi modelə dayanıqlı elmi işlərə az yer verilir, amma buna ehtiyac çoxdur. Üstəlik, sosial sahələrə istiqamətlənən elmi işlər az işlənilir. Hesab edirəm, tətbiqi xarekterli işlər yazılmalıdır. Bundan əlavə, standartlarda da bir sıra dəyişikliklər olmalıdır”.

“Ali Attestasiya Komissiyasındakı dəyişikliklərdən sonra, hesab edirəm ki, daha ciddi addımlar atılacaq…”

Prorektor əlavə edir ki, yazılan elmi işlər praktiki və sosial sahələrə istiqamətli olmalıdır:

“Hazırda mən doktorluq işi ilə bağlı yekun işləri aparıram. Elmi rəhbərlərim Türkiyə və Azərbaycandandır. Azərbaycandakı elmi məsləhətçim rəsmidi, buna baxmayaraq, magistratura təhsilimi Türkiyədə aldığım üçün oradakı professorlarla da məsləhətləşirəm. Türkiyədə xüsusi nümunələr verirlər ki, doktorluq – fəlsəfə və ya elmlər doktorluğu daha praktiki və sosial sahələrə istiqamətlənmiş, riyazi isbatlardan keçən işlər olmalıdır ki, beləcə təsdiqini tapsın. Son dönəmlərdə Ali Attestasiya Komissiyasında edilən dəyişikliklərdən sonra, hesab edirəm ki, Azərbaycanda da daha ciddi addımlar atılacaq”.

Bəs konkret olaraq doktorantura pilləsinə daxil olan hansı ixtisaslarda dəyişikliklər edilmələlidir?

“Misal üçün, Azərbaycanda bu gün turizmin inkişafı diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq, Azərbaycan Dövlət Turizm Agentliyi də yaradılıb. Mən çox istəyərdim ki, turizm və turizmə yaxın olan sahələrə - mehmanxana, turizmin idarə edilməsi və s, ilə bağlı konkret ixtisaslar yaradılsın. Və nəticədə, bu sahələrdə yeni tədqiqatlar ortaya qoyulsun - elmi işlər yazılsın.

Əlavə olaraq, dünyada təcrübəsində doktoranturanın elmlər doktoru pilləsində “təhsilin idarə olunması-təhsil menecmenti” ixtisası da var. Bu, hazırda ən reytinqli ixtisaslardan hesab olunur. Bu ixtisas Azərbaycanda doktorantura pilləsində yaradılsa və tətbiq edilsə, çox gözəl olar”, - deyə A.Eminov bildirib.

Qeyd edək ki, ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturanın birinci pilləsinə magistr və ona bərabər tutulan mütəxəssislər, ikinci pilləsinə isə fəlsəfə doktorları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada qəbul olunurlar. Fəlsəfə və elmlər doktoru elmi dərəcələrinin verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.