Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-31 10:50:00
Müəllimlər etiraz nümayişlərinə başladılar

Novruz bayramı tətili zamanı təhsil müəssisələri bağlı olduğundan İrandakı müəllimlər Təbriz, Bojnord, Zəncan, Malayer, Ərdəbil, Kirmanşah və Həmədan şəhərlərində etiraz nümayişlərinə çıxıblar.

AzEdu.az xəbər verir ki, qeyd olunan şəhərlərdə mart ayının 28-də müəllimlərin kütləvi mitinqləri təşkil olunub. İlk baxışdan bu etirazlar İranda son aylarda baş verən mitinqlərin davamı deyil, çünki küçələrə çıxanlar əsasən müəllimlərdir və müəllim sindikatları bu nümayişləri keçirilməsini təşviq edib. Onların etiraza qalxmasının əsas səbəbi həyat səviyyəsinin aşağı olması və aldıqları məvaciblərin aşağı olmasıdır.

İranda iqtisadi vəziyyət hər keçən gün pisləşməkdə davam edir. İran rialı dollar qarşısında dəyərini il ərzində 55 faizdən daha çox itirib. Bununla yanaşı, büdcədən maliyyələşdirilən təşkilatlarda məvaciblərin gecikdirilməsi halları da son zamanlar artıb. Elə müəllimlərin etiraza qalxmasının bir səbəbi də fevral-mart ayları üçün nəzərdə tutulan məvaciblərin verilməməsidir.

İran hökuməti müəllimlərin etirazına digər peşə sahiblərinin də qoşulacağından ciddi narahatdır. Çünki bu ölkədə həyat şəraitindən razı olan heç bir kəsim qalmayıb.

İqtisadi vəziyyət isə ağırlaşmaqda davam edir.