Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) məzunlarla əlaqələrin gücləndirilməsi məqsədilə yeni platforma istifadəyə verilib.
AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov rəsmi feysbuk hesabında paylaşım edib.
O bildirib ki, “UNEC Məzun Platforması” ölkədə və xaricdə yaşayan bütün UNEC məzunlarını vahid informasiya və əməkdaşlıq məkanında birləşdirməyi hədəfləyir.
Rektorun sözlərinə görə, platformanın əsas məqsədi məzunlar arasında əlaqələri gücləndirmək, peşəkar şəbəkələşməni təşviq etmək və universitetin inkişafına məzun töhfələrini artırmaqdır.
Qeyd edilib ki, UNEC məzunu olmaq ömürboyu davam edən mənəvi bağlılıqdır və bu platforma həmin bağlılığın daha da möhkəmlənməsinə xidmət edəcək.
Bütün UNEC məzunları platformada qeydiyyatdan keçməyə dəvət olunub. Qeydiyyat linki: //alumni.unec.edu.az/auth/register Gəlin bu bağlılığı birlikdə daha da gücləndirək və universitetimizin gələcəyinə birlikdə töhfə verək. Hər şey daha da yaxşı olacaq”, – deyə paylaşımda qeyd olunub.