Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-17 13:47:00
Azərbaycan Linqvistika Olimpiadası keçiriləcək

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində icra olunan ALO-Azərbaycan Linqvistika Olimpiadasına dair hazırlanmış veb-saytın təqdimat mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, təqdimat mərasimində Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova və məktəb direktorları iştirak ediblər.

 

Təqdimat mərasimini giriş sözü ilə açan layihə rəhbəri, Məktəb Lisey Kompleksinin direktoru Esmira Quliyeva ALO-Azərbaycan Linqvistika Olimpiadası barədə ətraflı məlumat verib. Bildirib ki, layihənin məqsədi şagirdlərin gələcəkdə Azərbaycanın  Beynəlxalq Linqvistika Olimpiadasında iştirakını təmin etmək və istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarətdir.

 

BŞTİ-nin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılması baxımından təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin əhəmiyyətindən və  son illərdə bu istiqamətdə görülən işlərdən, müsabiqəyə müraciət edən müəllimlərin sayında olan müsbət dinamikadan danışıb.

 

Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva təhsildə son yeniliklərin gənclər arasında təbliğinin aktuallığı baxımından layihənin önəmini xüsusi vurğulayıb.

 

Qeyd edək ki, ölkəmizdə Beynəlxalq Linqvistika Olimpiadasının milli turu-Azərbaycan Linqvistik Olimpiadası (ALO) təşkil ediləcək. 3 mərhələdən ibarət olimpiadada VII-XI sinif şagirdləri iştirak edə bilər.

 

Olimpiada barədə http://alo.org.az saytında ətraflı məlumat  verilib.