Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-15 11:09:00
İdarəetmə bacarığın varsa, uğurlu karyera qurmaq asan olacaq - “Brend tələbə”

AzEdu.az Təhsil Portalı universitetlərlə birgə tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını gələcək tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə”lərin siyahısını tərtib edib.

 

AzEdu.az bu siyahıda yer alan “Brend tələbə”lərlə silsilə müsahibələrə davam edir.

 
Budəfəki müsahibimiz Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Hafiz Şükurovdur.

 

- Özünüzü necə bir tələbə kimi təsvir edərdiniz ?

 

- Mən universitetimizin aktiv gənclərindən biriyəm. Hazırda Nəqiliyyat  fakültəsi üzrə Tələbə Gənclər Təşkilatının sədriyəm. Universitetə daxil olmağım pandemiya vaxtına düşsə də, öz aktivliyimi göstərirdim. Bu dövürdə müxtəlif platformalardan görüşlərə qatılırdım, təlimlərdə iştirak edirdim. Bu mənim fəaliyyətimə müsbət təsir etdi. Özümü inkişaf etdirməyə davam edirəm. 

 

- Seçdiyiniz ixtisasdan razısınız? Yəni tədsadüfən ora düşmüsünüz, yoxsa onu ilk sıralarda qeyd etmişdiniz?

 

- İxtisasım “Yer quruluşu və daşınmaz əmlakın kadastrı”dır. Seçimdə bu ixtisası ilk sıralara yazmışdım. Və yaxşı ki, qəbul olundum. Bu ixtisasdan çox razıyam. 

 

- Müəllimləriniz və yaxınlarınız sizin haqqınızda necə düşünür ?

 

- Məktəb illərindən ictimai həyata marağım böyük olub. Müəllimlərim, dostlarım, tanışlarım həmişə mənim gələcəyimi parlaq görüb və bu yolda dəstəkləyiblər. Təbii ki, bunun əksini düşünənlər də var. Özümü inkişaf etdirmək üçün atdığım addımları təqdir etməyənlər, mənasız yerə pul xərclədiyimi fikirləşən yaxınlarım da var. Amma düşünürəm ki, bu yaş dövrümdə hələ ki  könüllü fəaliyyətlərlə məşğul olmaq kifayətdir. Gələcəkdə də daha çox inkişafa stimul olacaq.

 

- Özünə qapanansız, yoxsa qaynayıb-qarışan?

- Olduğum məclislərdə çox zaman qaynayıb-qarışıram. Çalışıram ki, hamı ilə ünsiyyətdə olum. İnsanlarla qarşılıqlı nələrsə bölüşüb, danışmaq mənə maraqlı gəlir. Bu üsulla cəmiyyətdən müxtəlif şeylər öyrənə bilirəm.

 

- Həyatınızda sizin üçün maraqlı və yadda qalan hadisə nə olub?

 

- Keçən il universitet nəzdində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının seçkilərində namizəd olmuşdum. Təxminən 2022-ci ilin aprel, may ayları idi. Bu dövrdə dostlarım məni yüksək şəkildə ruhlandırırdı. Onların mənə bu qədər inanmaları, dəstək olmaları özüm üçün böyük bir fəxr hissi idi. Hatta dostlarım dəstək olmaq üçün əl atdıqları bəzi vasitələr də var idi ki, bir qədər problemlərə səbəb olmuşdu. Buna baxmayaraq, sırf məni ruhlandırmaq məqsədi ilə atdıqları bu addımları məni təəccübləndirdi və özümə yaxşı dostlar seçdiyimi anladım.

Açıklama yok.

 

-Hansı istiqamətlərə marağınız var və buna səbəb nədir ?


- Təhsilimdən əlavə layihələrlə də maraqlanıram. Bu istiqamətdə çoxlu təlimlərdə iştirak etmişəm. Layihələrin yazılması, idarə edilməsi və s. mənim marağımı çəkən nüanslardır. Çünki idarəetmə bacarığı indiki dövrün tələblərindən biridir. Bu bacarıq varsa, uğurlu karyera qurmaq daha asan olacaq. 

 

- Ehtiyaclarınızı necə qarşılayırsız?

 

- Hazırda işləmirəm. Özümü inkişaf etdirmək üçün onlayn kurslara qoşuluram. Ehtiyaclarımı isə universitetdən müəyyən qədər aldığım təqaüdlə ödəyirəm. Ali məktəbə daxil olduğum ildən bəri aldığım təqaüd mənə böyük dəstəkdir. Təbii ki, valideynlərim də mənə kömək edir.