Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-14 11:28:00
Dövlət imtahanı ləğv olundu - Deputatların fikri HAÇALANDI

Elm və təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrində dövlət imtahanının ləğv olunduğunu bildirib. 

 

Ali məktəblərdə dövlət imtahanın ləğvi təhsil ictimaiyyətində necə qarşılanıb?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan Milli Məclisin deputatı Etibar Əliyev qərarın tərəfdarı olduğunu bildirib:

 

"Dövlət imtahanının ləğv olunmasını dəfələrlə müzakirə etmişik. Bu sovetdənqalma imtahan idi. Bolonya sisteminə görə, bakalavr pilləsini bitirmək üçün tələbə 240 kredit toplamalıdır. Bunu 4 ildə ona tədris olunan fənnlərdən toplayır. Və burada dövlət imtahanı nəzərə alınmır. Bu səbəbdən dövlət imtahanının ləğvi vacibdir. Digər tərəfdən, tələbələri çox imtahanla yükləmək olmaz. Dövlət imtahanının adı tələbələr arasında böyük həyəcana səbəb olurdu. Onlar bu imtahana çox vaxt sərf edirdilər. Mən bu qərarın tərəfdarıyam. Dövlət imtahanı haqlı olaraq ləğv olunub. Tələbə hər bir ixtisas fənni üzrə seminar, dərsə davamiyyət, sessiya imtahanlarinda öz biliyini göstərir. Bunun təkrar olaraq dövlət imtahanınada yoxlanılması məqbul sayıla bilməz. Daha yaxşı olar ki, müəllimlər imtahan prosesinə çox aludəçi olmasınlar. Tələbənin gündəlik dərs zamanı bilik və bacarıqlarını orataya çıxarsınlar".

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov isə qərarın tərəfarı olmadığını bildirib:

 

"Məsələ bilavasitə Elm və Təhsil Nazirliyinin səlahiyətindədir. Hesab edirəm ki, bunun üçün mövcud hüquqi bazada, sənədlərdə müəyyən dəyişiklik edilməsinə ehtiyac duyulur. Yanaşmalar müxtəlifdir, bəziləri dəstəkləyir, bəziləri əksini düşünür. Bu məsələdə universitetlərin də rəyləri nəzərə alınmalı, müzakirələr aparılmalıdır. Bunun effektivliyinin nə dərəcə olacağına baxılmalıdır. Mövcud qanunları dəyişirik, lakin bunun sonrakı nəticəsi ağır və mürəkkəb ola bilər. Atılan hər bir addım ciddi şəkildə düşünülüb, araşdırılmalıdır. Mənim şəxsi mövqeyimə gəlincə, bu yanaşmanı tam olaraq dəstəkləmirəm. Bunun tələsik atılan bir qərar olduğunu düşünürəm. Ciddi düşünüb, məsləhətləşib, daha sonra qərar vermək olardı. Bəzən qərar verilir, addım atılır, daha sonra biz onun fəsadlarını yaşayırıq. Hesab edirəm ki, burada yenidən ciddi araşdırma və  təhlillərə ehtiyac var".

 

Sabiq deputat Sona Əliyeva deyib ki, dövlət imtahanının ləğv olunması tələbələrdə stressi azaldacaq:

 

"Məsələ ilə bağlı şəxsi fikrim budur ki, imtahan nə qədər az olarsa, biz tələbələri o qədər stressdən qorumuş olarıq. Azərbaycanda ümumilikdə imtahanlar gənclərdə ciddi stress qaynağıdır. Bizim universitetlər tədqiqat, araşdırma yönümlü olsalar, orada fəaliyyət daha çox elmin yaradılmasına, istehsalına yönəlsə, o zaman bu müsbət qərar olaraq düşünülə bilər. Universitetlərin məqsədi təkcə cəmiyyət üçün diplomlu, ali təhsilli şəxslər yetişdirmək deyil. Onların əsas vəzifəsi elmi, biliyi yaratmaq, istehsal etməkdir. Və bunu bütün sahələrdə istifadə etməkdir.
Dövlət imtahanının lğvi tələbələr arasında stresis aradan qaldıracaq. Bu, müsbət məqamdır. Amma Azərbaycan təhsil sisteminə dayansaq, imtahanlar yaxşıdır. Çünki bizim tələbələr imtahan zamanı dərs oxuyur. Azərbaycan təhsil sistemi elə bir haldadır ki, oxuyanlar sadəcə əzbərçidir. Şablon sualları oxuyub imtahan verirlər. Yaradıcılıq, tədqiqat, araşdırma kimi işlərdən çox, əzbərçiliyə meyillidirlər".