Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-09 09:37:00
Universitetlərə yüksək balla qəbul olunmuş tələbələr qış imtahanlarından kəsilib? - ARAŞDIRMA 

Universitetlərdə qış imtahan sessiyası 1 aya yaxındır ki, başa çatıb. AzEdu.az saytına verilən məlumata görə, 2022-ci ildə ali məktəblərə 600 baldan yuxarı nəticə ilə qəbul olunmuş I kurs tələbələrinin bəziləri qış imtahan sessiyasını aşağı göstəricilərlə başa vurub.

Bəs bu məlumatlar nə dərəcədə əsaslıdır?

Əməkdaşımız 2022-2023-cü ilində ali təhsil müəssislərinə yüksək balla qəbul olinmum tələbələrin payız semestrinin qış imtahan sessiyasını necə başa vurduqlarını araşdırmağa çalışıb. Bunun üçün universitetlərin mətbuat xidmətlərilə əlaqə saxlamışıq.


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov ümumi vəziyyət haqqında məlumat verib:

“2022-2023-cü tədris ilində 600-dən çox bal toplayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olunmuş 262 nəfər tələbənin hamısı payız semestrinin imtahanlarında iştirak edib. Onlardan 254 nəfəri imtahanları müvəffəqiyyətlə verib. 21 nəfər “əla”, 114 nəfər “əla”, “çox yaxşı” və “yaxşı”, 119 nəfər isə qarışıq qiymətlər alıb, 8 nəfərin akademik borcu olub.  Ümumilikdə universitetə yüksək balla qəbul olan tələbələrin payız semestrinin müvəffəqiyyət göstəricisi 96,9% təşkil edir”.


ADA Universitetindən bildirilib ki, ötən il yüksək balla bu ali təhsil ocağına qəbul olmuş tələbələr qış imtahan sessiyasını uğurla başa vurublar:


“İmtahan sessiyasını uğurla tamamlaya bilməyən tələbələrin müvafiq fənlər üzrə hazırlığını təmin etmək məqsədilə akademik dəstək xidməti göstərilir. Məlumat üçün bildirmək istərdik ki, ADA Universitetinə 2022-2023-cü tədris ilində 1004 tələbə qəbul edilib. Qəbul edilən tələbələrin 35 faizi müxtəlif təhsil haqqı güzəşti əldə ediblər. Həmin tələbələrdən 8-i isə respublika fənn olimpiadalarının qalibləridir”.

 

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Kəmalə Namazova qeyd edib ki, 2022-2023-cü tədris ilində 600 baldan yüksək nəticə ilə I kursa qəbul olunan 284 tələbədən 43 tələbə əlaçı, 175 zərbəçi olub, 61 tələbə müvəffəq qiymət alıb. I kurs üzrə 10 Prezident təqaüdçüsündən 8 nəfər əlaçı, 2 nəfər isə zərbəçi kimi imtahan sessiyasını başa vurub.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədovadan aldığımız məlumata əsasən, 2022-2023-cü tədris ilində bu ali təhsil müəssisəsinə 183 nəfər 600 və daha çox bal toplayan abituriyent qəbul olunub. Onlardan 9 nəfəri Prezident təqaüdçüsüdür. 183 tələbədən 176-sə qış imtahan sessiyasınının nəticələrinə görə “əlaçı” təqaüdünə düşüb, 9 Prezident təqaüdçüsü öz təqaüdlərini qoruyub saxlaya bilib. Ümumillikdə, UNEC-də 35 Prezident təqaüdçüsü var, onlardan 34-ü hazırda da Prezident təqaüdü alır. UNEC-in xüsusi təqaüdünü (175 manat) qazanaraq, “TOP 1-lik”ə düşən tələbələrdən 3 nəfəri Prezident təqaüdçüsüdür.


Qərbi Kaspi Universitetinin mətbuat xidmətinin rəhbəri Vüsal Məmmədli
tələbələr üçün qış imtahan sessiyasının yaxşı keçdiyini vurğulayıb:


“Tələbələrimiz qış imtahan sessiyasında yaxşı nəticə göstəriblər. Onların pandemiyadan sonra dərsə uyğunlaşdığını deyə bilərik. Yüksək balla qəbul olunmuş tələbələrin hamısı imtahanlarda da öz bilik və bacarıqlarına uyğun nəticə göstəriblər, onların arasında akademik borcu yaranan olmayıb”.

 

Azərbaycan Tibb Universitetinin Mətbuat xidmətinin rəhbəri Günel Aslanova imtahan sessiyası ilə bağlı vəziyyəti açıqlayıb:

“2022-2023-cü tədris ilinin qış imtahan sessiyasını 1102 tələbəmiz əla qiymətlərlə, yəni 91-100 bal toplamaqla başa vurub. 3043 tələbə imtahanlardan A, B, C alıb - “Əla” və “çox yaxşı” nəticə göstəriblər.
I kurs tələbələrinin böyük qismi imtahanı yaxşı qiymətlərlə başa vurublar. Bəzi fakültələrdə əcnəbi tələbələrin sayı çox olduğu üçün onların nəticələri nisbətən zəif olub”.

 

Azərbaycan Dillər Universitetindən bildirilib ki, 2022-2023-cü tədris ilində universitetə 550-600 baldan yuxarı nəticə ilə qəbul olmuş tələbələr əsasən Xarici dil, Ədəbiyyat müəllimliyi və Tərcümə fakültələrində təhsil alırlar. Onların bu semestr üzrə nəticələri yüksəkdir. Tərcümə fakültəsində 600-dən çox bal toplayan tələbələrin demək olar ki, hamısı əlaçıdır. Alman, ingilis və fransız dili müəllimliyi üzrə təhsil alan tələbələr isə əsasən, əlaçı və zərbəçidirlər. Onların qiymətləri A, B, C-dir. Bu tələbələrdən heç birinin akademik borcu yaranmayıb”.