Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-23 10:24:00
Bəzi ixtisasların ballarında artım olacaq 

Bu il magistr pilləsinə imtahan verən bakalavrların ötən illərə nisbətən daha yüksək nəticə göstərdikləri müşahidə olunub. Bu da öz növbəsində ali təhsil müəssisələrində ayrılan plan yerlərinə təsir göstərəcək. 

 

AzEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bu il magistratura pilləsinə imtahan verənlərin nəticələri haqqında danışıb. Ekspert keçən illərə nisbətən bu il daha yüksək nəticə göstərilməsini əsas gətirərək, bir sıra ixtisaslarda artım olacağını vurğulayıb. 

 

"Rəqəmlərə əsasən danışsaq görərik ki, son illər magistratura pilləsinə qəbul olunmaq istəyənlərin sayında azalma müşahidə olunur. 2016-cı ilə qədər təxmini 25 min nəfər magistratura pilləsinə qəbul olunmaq istəyirdisə, 2018-2019-cu illərdə bu rəqəmlərin azaldığını gördük. Misal üçün, 2020-ci ildə ayrılan 9393 plan yerinə 8270 nəfər qəbul olundu. 2021-ci ildə 1135 plan yeri var idi və yenə də müəyyən hissəsi boş qaldı". 

 

Ekspert tələbələrin yüksək nəticə göstərməsinin səbəblərindən də danışıb:

 
"Verilən məlumata görə, təxminən 19 min nəfərə yaxın şəxs imtahanda iştirak edib. Dövlət İmtahan Mərkəzi (DİM) keçirilən imtahanda əvvəlki sınaq və qəbul imtahanlardarında istifadə olunan suallara da yer vermişdi. Eyni zamanda, DİM-in nəşr etdiyi məntiq test toplusundan və informatika vəsaitinin tərkibindən suallar salınmışdı. Bu da tələbələrin nisbətən daha uğurlu nəticə göstərməsinə səbəb oldu".

 
K.Əsədov deyib ki, bəzi ixtisaslar üzrə ballarının artacağı proqnozlaşdırılır:

 

"Bu il ali təhsil müəssisələrinin magistratura pilləsinə təxminən 12 minə yaxın plan yeri proqnozlaşdırılıb. Bu o deməkdir ki, rəqabət olduqca güclü olacaq. Hətta birinci imtahan nəticələrinin ilkin təhlili onu göstərir ki, aşağı bal toplayanların sayı keçən ilə nisbətən azdır. Orta və yüksək bal toplayanların sayı isə çoxluq təşkil edir. Bakalavrların seçəcəkləri ixtisaslar, məsələn metodika, hüquq, informasiya texnologiyaları, informasiya təhlükəsizliyində ballarının artacağı proqnozlaşdırılır. 

Eyni zamanda, MBA və ödənişsiz ixtisaslar üzrə balların bir neçə vahid qalxacağını gözləyə bilərik". 

 

Ekspert plan yerlərinin az olacağını əsas gətirərək, təxminən 6 min tələbənin kənarda qalacağını düşünür:

 
"Bu il 18724 bakalavr ərizə təqdim edib. Onlardan bir çoxunun ikinci cəhd imtahanında iştirak edəcəklərini nəzərə alsaq,  nəticələr daha da yüksələ bilər. Ayrılan plan yerləri də buna uyğun tənzimləndiyinə görə, təxminən 6 min tələbənin kənarda qalacağını deyə bilərik".