Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-13 13:46:00
Tələbə yataqxanasının ödənişi 50 manatdan çox olmamalıdır  

Azərbaycanda ali məktəb tələbələrinin qarşılaşdığı çətinliklərdən biri də yerləşmə məsələsidir. Onlar ya kirayə qalmalı, ya da tələbə yataqxanasından istifadə etməlidirlər. Ancaq hazırda bir çox yataqxanaların qiyməti az qala kirayə qiymətlərindən bahadır. Bu da tələbələr arasında narazılığa səbəb olur. 

Bəs tələbə yataqxanalarının ödənişi necə tənzimlənməlidir?  

AzEdu.az məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndinin rəyini öyrənib.
 

Müsahibimiz tələbə yataqxanalarının hazırki durumunu şərh edib:
 

“Ümumiyyətlə, ölkədə 50-dən çox ali təhsil müəssisəsi var. Təəssüf ki, onların hər birinin yataqxanası mövcud deyil. Yataqxanası olanlarda da bildiyimiz kimi, məcburi köçkünlər məskunlaşıb. Yerdə qalan digər universitetlərin yataqxanalarının da minimal qiyməti nadir hallarda 30-40, bir çox hallarda isə 100-150 manat təyin olunub”.

 

E.Əfəndi bildirib ki, standart qiymət müəyyənləşdirilməli və onun əsasında yataqxanalardan istifadəyə icazə verilməlidir:

 

“Düşünürəm ki, tələbə yataqxanalarının qiyməti məhz tələbələrin büdcəsi, maliyyə imkanları nəzərə alınmaqla təyin olunmalıdır. Standart bir qiymət müəyyənləşdirilməli, onun əsasında yataqxanalardan istifadəyə icazə verilməlidir”. 

 

Təhsil eksperti deyib ki, tələbə yataqxanasında ödəniş 50 manatdan çox olmamalıdır:

 

“Hazırda şəhər ərazisində təhsil alan rayon sakinləri faiz nisbəti ilə götürsək, ümumi tələbələrin  30-35 faizini təşkil edir. Onların da əksəriyyətinin maliyyə imkanları ideal vəziyyətdə deyil. Bir çoxları şəhər ərazisində kirayə ev tapmaqda çətinlik çəkir. Fikrimcə, tələbə yataqxanasında minimal  ödəniş 50 manatdan çox olmamalıdır. 

Respublikamızda ödənişsiz fəaliyyət göstərən yataqxana da mövcuddur. Bakı Ali Neft Məktəbinin yataqxanası müasir standartlara uyğun şəkildə, ödənişsiz olaraq tələbələrin istifadəsinə verilib. 

Nəzərə almalıyıq ki, ölkəmizdə təhsil haqları kifayət qədər yüksəkdir. Bu halda yataqxana xərcləri də tələbələrin illik təhsil haqqına daxil edilməlidir. 

Ümumilikdə isə bütün tələbələrin büdcəsi nəzərə alınmalı, onların mənafeyinə uyğun qərar verilməlidir”.