Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-21 15:21:00
DİM sədri buraxılış imtahanlarının erkən keçirilməsindən DANIŞDI

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış imtahanlarının erkən keçirilməsinə görə şagirdlərin davamiyyətinin aşağı düşməsi məsələsinə münasibət bildirib.

 

AzEdu.az xəbər verir ki, Məleykə Abbaszadə APA-ya açıqlamasında deyib ki, şagirdlər dərs ilinin sonuna qədər dərsə getməlidir:

 

 

“Çünki mövzular var və tədris davam edir. Həmin mövzular da qəbul imtahanlarında istifadə edilir. Buna görə də şagird o mövzuları mənimsəməlidir. Digər tərəfdən, hər imtahandan sonra yazı işlərinin yoxlanılması bir ay, ay yarım vaxt tələb edir. İmtahanlarda yeni format olduğu üçün apellyasiya prosesini uzatmışıq. Bilirsiniz ki, hər şey tam şəffafdır. İştirakçı nə yazıbsa, həmin dəqiqə DİM-in saytına da yerləşdiririk. Məsələ burasındadır ki, abituriyent nə yazdığını oxumadan apellyasiyaya müraciət edir. Onların sayı 70 faiz təşkil edir. Biz isə bütün müraciətlərə yenidən baxmağa məcburuq. Çünki abituriyent müraciət edəndə onun işi avtomatik olaraq koddan çıxır və araşdırılır. Təsəvvür edirsinizmi bunun üçün nə qədər vaxt tələb olunur?! Bəzən elə olur ki, abituriyentin vərəqi boşdur və bir söz belə yazmayıb. Amma müraciət edir ki, bunu yenidən yoxlayın. Cavab verməyəndə də deyirlər ki, bizə cavab verilmədi. Biz də bilmirik həmin vərəqdə nə var. Məsələn, min dənə boş vərəq var, lakin müraciət edən şəxsin vərəqinin onların arasında olub-olmadığını müəyyənləşdirmək üçün məcbur olub yenidən baxırıq.

 

Biz ona görə prosesi bu şəkildə aparırıq ki, yeni imtahanlara inam yaradaq. Apellyasiyanın şərtlərini daha da sərtləşdirib, vərəqi boş olan abituriyentlə əlaqə saxlayıb bu barədə onlara məlumat verməsək, vaxta qənaət etmiş olarıq".

 

M.Abbaszadə qeyd edib ki, rəsmi nəticənin təsdiqlənməsi o zaman mümkündür ki, bütün apellyasiyaların cavabları araşdırılsın:

 

"Burada bir məsələ də var. Bizim hazırda 5000-dən çox markerimiz var. Onların sayı nə qədər çox olsa, onda ola bilsin ki, bu vaxt da azala bilər".