Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-15 11:25:00
Hicran Hüseynova: “Bu gün Eynşteyn də testin heç birindən keçə bilməz”

“Əslində təhsilverənlərin sertifikatlaşdırılması çox mühüm əhəmiyyətə malikdir. Müasir dövrdə məktəbdə inkişafetdirici və dəstəkləyici mühitin yaranması müəllimlərin qarşısında bir çox vəzifələr qoyur”.

 

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deputat Hicran Hüseynova deyib.

 

Deputat qeyd edib ki, bir çox ölkələrdə sovet dövründə təhsil alan müəllimlərin hamısı işdən kənarlaşdırıldı: “Səbəb isə göstərildi ki, onlar yeni dönəmə uyğun deyil. Azərbaycanda isə bu edilmədi. Belə fikirləşirəm ki, təhsildə müəllim təkcə fənni tədris edən deyil, o həm psixoloq, həm pedaqoq olmalıdır. Sertifikasiyadan keçən şəxs auditoriyada dil tapa bilmir. Çox güclü mütəxəssisdir, amma psixoloq, pedaqoq deyil. Bunlar üçün də ayrıca yoxlanılmalıdır. İkincisi, rayonlarda bir çox məktəblərdə müəllimlər bir neçə fənni tədris edir. Bunu necə yoxlayacaqsınız? Sertifikasiyası hansı istiqamətdə aparılmalıdır? Bu müəllimlər bir neçə fənni məcburiyyətdən deyib. Çünki kənd yerlərinə müəllimlər getmək istəmirdilər, müəllim çatışmazlığı var idi”.

 

Hicran Hüseynova təcrübəli müəllimlərimizin olmasına da diqqət çəkib: “Onların gələcəyini düşünməliyik. Bu gün Eynşteynə də desən ki, get testdən keç, heç birindən keçə bilməz. Doğrudur, müəllim öz üzərində çalışmalıdır və düşünməlidir ki, auditoriyada oturan uşaq bir barmağı ilə kompüterdən bütün informasiyanı ala bilir. Buna görə də müəllim də öz üzərində işləməlidir. Amma bunun üçün müəllimlərə şərait yaradılmalıdır. Bu istər orta təhsil verən müəllimlər, istər ali məktəblər üçün keçərlidir”.

 

Apa.az