Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-04 11:45:00
"Xalq əmanəti"layihəsində növbəti uğurlu buraxılış -Lətif Kərimov  irsi-FOTO

Lətif Kərimov Azərbaycan mədəniyyət tarixinə yalnız görkəmli ornamentalist və xalçaçı rəssam kimi deyil, eyni zamanda xalça sənətini incəsənətin və elmin ayrıca bir sahəsi olaraq, ilk dəfə hərtərəfli araşdıran dərin tədqiqatçı alim kimi daxil olub. Lətif Kərimov 20 il ərzində Azərbaycan xalçaçılıq məntəqələrindən 1300 xalça elementi toplayıb.


AzEdu.az xəbər verir ki, bu fikirlər “Xalq” Bankın “Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunan Xalq rəssamı Lətif Kərimovun “Azərbaycan xalçası” kitabının təqdimat mərasimində səsləndirilib.


Qeyd edilib ki, layihənin 22-ci nəşri Azərbaycanın Xalq rəssamı Lətif Kərimovun “Azərbaycan xalçası” kitabına həsr olunub.


Təqdimat mərasimində çıxış edən “Azərxalça” ASC-nin rəhbəri Emin Məmmədov bildirib ki, Azərbaycan və ingilis dillərində hazırlanmış bədii albom L.Kərimovun 1961-ci ildə Leninqrad şəhərində çap olunmuş “Azərbaycan xəlçəsi” kitabının əsasında yenidən, ancaq bu dəfə latın qrafikasında dərc edilib. Emin Məmmədov hər bir xalçaçı üçün bu dəyərli vəsaiti dünyada tanıtmağın vacibliyini vurğulayıb.


Lətif Kərimovun nəticəsi, Azərbaycan Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsinin müdiri Əfşan Rzayeva bildirib ki, müasir xalçatoxuma texnologiyasının yaradıcısı Lətif Kərimovun irsini öyrənmək və bu prosesdə iştirak etmək olduqca maraqlıdır. O, Lətif Kərimov irsini yaşadan “Xalq” Banka təşəkkürünü bildirib.


Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva bildirib ki, tanınmış xalça ustası Lətif Kərimovun sevimli tələbəsi və layiqli davamçısı kimi 50 ildən artıqdır həyatını bu sahəyə həsr edib. Kübra Əliyeva 2007-2020-ci illər ərzində xalçaçılıq sənətilə bağlı 40-a yaxın kitab üzərində işlədiyini və bu kitabların Lətif Kərimovun xatirəsinə ucaldılan ən böyük abidə olduğunu söyləyib.


Tədbirdə Xalq rəssamları Fərhad Xəlilov, Eldar Mikayılzadə, Aydın Rəcəbov xalçaçı-alim Lətif Kərimovun nəinki xalça sənətinin dərin tədqiqatçısı, eyni zamanda istedadlı ornamentalist-rəssam kimi yadda qaldığını bildiriblər. Qeyd ediblər ki, Lətif Kərimovun “Azərbaycan xalçası” kitabı ensiklopedik xarakter daşıyır. Bu əsər klassik Azərbaycan xalçalarının öyrənilməsində əvəzsiz mənbədir. Kitab milli naxışların zənginliyi və dolğunluğu baxımından bütün xalça mütəxəssisləri, o cümlədən bədii metal, keramika, tikmə, xalça, divar boyakarlığı ilə məşğul olan rəssamlar, xalq ustaları və həvəskarlar üçün əvəzsiz vəsaitdir.


Gecənin aparıcısı Əməkdar artist Dilarə Əliyeva qonaqlara Azərbaycan xalçaları və Lətif Kərimov irsi barədə məlumat verib. O, Azərbaycan xalçalarının əsrlər boyu yalnız Azərbaycan və Qafqazda deyil, dünyanın bir çox ölkələrində şöhrət qazandığını, dünya bazarlarında çox yüksək qiymətləndirildiyini söyləyib. Bildirib ki, mahir xalça ustalarımızın bu vaxta kimi yaratdığı ən gözəl və yüksək bədii keyfiyyətli xalçalar dünyanın bir çox məşhur muzeylərində nadir sənət əsərləri nümunəsi kimi saxlanılır.


Bildirilib ki, Lətif Kərimovun “Azərbaycan xalçası” əsəri yeni nəşrdə öz məzmun və əsas quruluşunu saxlayıb. Əsərdə ilk dəfə olaraq xalçalar xovsuz və xovlu kimi iki hissəyə bölünür, onların dörd əsas inkişaf mərhələsi təyin edilir. Müəllif yenə də ilk dəfə Azərbaycanın ayrı-ayrı xalça məktəblərini “növ” və “qrup” adı ilə Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz kimi növlərə ayırır, daha sonra ayrı-ayrı qruplara bölür, bu qruplara daxil olan xalçaların qısaca da olsa, bədii və texniki xüsusiyyətlərini təhlil edir.


Sərgini iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək ziyarət etmək mümkündür. Giriş sərbəstdir.