Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-03 10:49:00
Təlimləri uğurla bitirən UNEC tələbələri  işlə təmin olunacaqlar

Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatada təlim keçmək hüququ qazanan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri ilə görüşüb.

Bu barədə Azedu.az-a UNEC-dən məlumat verilib.

Rektor Ədalət Muradov məzunların işlə təmin olunmasının ali təhsil müəssisələrinin əsas keyfiyyət göstəricilərindən olduğuna diqqət çəkərək, əməyin qiymətləndirilməsində əməkhaqqı səviyyəsinin mühüm rol oynadığını bildirib. Sürətlə dəyişən dünyada tələbələrə yumşaq və sərt bacarıqların aşılanmasının əhəmiyyətindən danışan rektor UNEC-də bu istiqamət üzrə fənlərin tədris olunduğunu deyib.

Ədalət Muradov işəgötürənlərin işçi üçün UNEC-ə müraciət etməsinin bir ilk olduğunu vurğulayaraq, Hesablama Palatasının bu təşəbbüsündən qürur duyduğunu deyib. Maliyyə, mühasibat uçotu və audit ixtisasları üzrə yüksək göstəriciləri olan 42 tələbənin Hesablama Palatasında təlim və təcrübə keçəcəyinin hər iki tərəf üçün faydalı olacağından əminliyini ifadə edib.

Vüqar Gülməmmədov məzunu olduğu UNEC-in ali təhsilin ən yüksək keyfiyyət göstəricilərini özündə birləşdirdiyini və ölkənin aparıcı universitetlərindən biri olduğunu qeyd edib. Palata sədri işəgötürənlərin məzunların bilik və bacarıqlarına olan tələblərindən, eləcə də ölkədə maliyyə uçotu və audit sahəsində peşəkar mütəxəssis çatışmazlığından danışıb.

O, UNEC ilə Hesablama Palatası arasında imzalanan memorandum çərçivəsində dövlət auditi sahəsində peşəkar kadr hazırlığı məqsədilə 12 proqram üzrə təlimlərə start verildiyini deyib. Diqqətə çatdırıb ki, təlimləri uğurla bitirən UNEC tələbələri Hesablama Palatasında işlə təmin olunacaqlar.

Sonra Hesablama Palatasının nümayəndələri təmsil etdikləri qurumun fəaliyyəti haqqında təqdimatla çıxış ediblər.