https://modern.az/
2022-11-24 14:41:00
Direktorların işəqəbulu üzrə müsabiqədə təcili olaraq nə dəyişməlidir?-VACİB TƏKLİF

 

“Test mərhələsindən keçən namizədlər üçün təcrübənin artırılması məqsədilə təlimlərin təşkil edilməsi, onların ayrı-ayrı məktəblərdə təcrübə keçməsinə şərait yaradılması arzuolunandır”.

 

Şagird sayı 500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul imtahanlarına start verilib. Həmçinin direktor müavini vəzifəsinə də işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

 

Zaman-zaman hər iki vəzifəyə işə qəbul müsabiqəsində iştirak edən namizədlər arasında müəyyən narazılıqlar səsləndirilirdi.

 

Bəs prosesin təşkili yeni yaradılan Regional Təhsil İdaralərinin nəzarəti altında həyata keçirildikdən sonra nə kimi yeniliklər müşahidə olunur?

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan direktorluğa  namizədlər üçün mentor Arzu Kərimov hazırkı prosesdə müsbət dəyişikliklərin müşahidə edildiyini bildirib:

 

“Direktor və direktor müavini vəzifəsinə işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi təqdirəlayiqdir. Əvvəlki illərdə bir sıra neqativ hallarla rastlaşmışdıq. Amma imtahanların keçirilməsi Regional Təhsil İdarələrinə tapşırıldıqdan sonra prosesdə dəyişikliklər görməyə başladıq. Məsələn, test imtahanı mərhələsinin keçirilməsi və nəticələrinin elan olunması artıq operativ şəkildə həyata keçirilir. Müsahibə mərhələsi də vaxt itkisinə yol verməyəcək şəkildə təşkil edilir. Seçimlər zamanında və dəqiq aparılır, əvvəllər olduğu kimi hər hansı məktəb uzun müddət müavinsiz, yaxud direktorsuz qalmır. Ən əsas məqam isə prosesin şəffaf keçirilməsinin təmin edilməsidir. Son yeniliklərin nəticəsi olaraq artıq məktəblərə direktor və direktor müavini vəzifələrinə layiqli namizədlər seçiləcək”.

 

Təlimçi prosesin ötən illərlə müqayisədə daha operativ keçirildiyini vurğulayıb:

 

 

“Direktorların işə qəbulu müsabiqəsi adətən Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilirdi. Bu zaman nəticələrin elan olunması, müsahibədən sonrakı mərhələlərə keçidlə bağlı müəyyən gecikmələr müşhidə olunurdu. Amma Regional Təhsil İdarələrinin nəzarətində bu proses operativ şəkildə həyata keçirilir. Prosesdə gecikmələrin olması, hansısa məktəbdə sözügedən vəzifələrin müəyyən zaman müddətində boş qalmasına səbəb olur. Bu da yaxşı hal deyil. İndi isə prosesin şəffaf və operativ təşkili bu kimi problemləri aradan qaldırdı”.

 

A.Kərimov gələcəkdə müsabiqənin test mərhələsindən keçən namizədlər üçün təlimlərin keçirilməsini təklif edib:

 

“Çox yaxşı olardı ki, ilk mərhələ, yəni test mərhələsindən keçən namizədlər idarəetmə sahəsində təlimlərə cəlb olunsunlar. Çünki müsabiqədə iştirak edən namizədlərin əksəriyyəti sadəcə nəzərə biliklərə malik olan şəxslərdir. Buna uyğun olaraq test imtahanından keçirlər, amma təcrübələri olmur.Bu mərhələdən keçən namizədlər üçün təcrübənin artırılması məqsədilə təlimlərin təşkil edilməsi arzuolunandır. Həmçinin onların ayrı-ayrı məktəblərdə təcrübə keçməsinə şərait yaradıla bilər. Ancaq təcrübə müddəti tamamlandıqdan sonra müsahibə və təsdiq mərhələlərinin həyata keçirilməsi daha məqsədəuyğundur. Düşünürəm ki, belə olan halda gənc direktor və müavinlər vəzifələrinin icrasına daha inamlı şəkildə başlayacaqlar”.