Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-12 17:00:00
Güney Azərbaycan məktəblərində acınacaqlı durum: Maaşlarını ala bilməyən müəllimlər, incidilən şagirdlər

 

Əvvəllər məktəb müəllimi kimi çalışmış güneyli fəal Yaşar Əsədi bir müddət öncə Amerikanın Səsinin Amerika icmalı proqramında oradakı müəllimlərin üzləşdiyi çətinlikləri,  Azərbaycanında iqtisadi durum və ana dilində təhsil haqda danışıb.

 

AzEdu.az son günlər Güney Azərbaycanla bağlı inkişaf etməkdə olan müzakirələri nəzərə alaraq  40 milyonluq soydaşımızın təhsil taleyindən bəhs edən həmin qeydləri yenidən təqdim edir.

 

Qeyd edək ki, keçmiş müəllim Güneydəki məktəblərdə müəllimlərin maaşlarının aşağı olduğunu, maaşlarının bəzən gecikdirildiyini deyib. Özü də məktəbdə müəllim olmuş Yaşar Əsədinin sözlərinə görə, müəllimlərinin durumu hazırkı iqtisadi şəraitdə daha da ağırdır.

 

“Orada olduğum zamanlarda müəllim var idi 8 ay maaş almırdı. Məktəblərdə ana dilində təhsilə icazə verilməməsi uşaqlarda artıq məktəbin ilk illərində psixoloji travmaların yaranmasına gətirib çıxarır.

 

Məktəblilər mənəvi baxımdan əziyyət çəkir. Məktəbə gəldikdə sanki özgə bir mühitə düşürlər. Biz çox şagirdlər görürdük ki, məktəblərə ilk gün gəldikdə hətta ağlayırdı. Bir həftə, 10 gün bunlar çox əziyyət çəkirdi. Bizim olduğumuz Ərdəbil vilayətində və digər Azərbaycan şəhərlərində az da olsa, Güney Azərbaycan müəllimləri ana dilində başa salmaq istəyir, amma bu, İran hakimiyyətinin qanunlarına görə qeyri-qanunidir. Çünki uşaq başa düşmür, ayrı bir mühitdən gəlib, 6 il ona evdə ana dilini öyrədiblər, gəlib məktəbdə farsca ona başqa dil kimi öyrədilirsə, təbii ki, uşağın mənəvi vəziyyəti və onun təhsilinin keyfiyyətinə də bunun təsiri olur.”