Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-07 13:26:00
Bizim kimi ola bilməyən “Z-nəsil”  

“Rəqəmsal uşaqlar” oxumurlar, baxırlar

Övladının təhsilinə ümidlə baxan valideynlərlə yanaşı, uşağının dərsə hazırlaşmadığından, kitab “üzü” açmadığından, saatlarla kompüterin qarşısında “itib-batdı”ğından şikayətlənən ata-analar günümüzün reallığıdır. Əlimizdə statistika olmasa da, hər halda ikincilər birincilərdən çoxdur. Əslində, bu, həmişə belə olub. Ancaq müasir texnologiyalar, internet, şəbəkə oyunları, rəqəmsal gerçəklik fonunda müasir uşaqların dərsdən yayınmaları daha qabarıq gözə dəyir. Belə olan halda yeni nəslin valideyni nə etsin? Övladını kompüterdən necə ayırsın? Onu kitaba, dərsə meyl salmağa necə məcbur etsin? 

Ötən əsrin ikinci yarısında gündəmə “baby boomer” deyilən bir ifadə gəldi. Amerikalılar tərəfindən yayılmışdı. 1940-50-ci illərdə doğulmuş nəslə deyilirdi. Hazırda bu nəsildən sağ qalanlar 70-80 yaşdadırlar. İkinci Dünya müharibəsi və onun fəsadları şəraitində dünyaya gəlmiş və tərbiyə olunmuşdular. Təbii ki, həyata baxışlarında müharibə amili rol oynamaya bilməzdi. Texnologiyadan uzaq bir dövrdə yetişən bu nəsil hər şeyi özü etməyə alışmışdı, çalışqan, qayğıkeş idi. Özləri, ailələri ilə yanaşı, valideynlərinə də baxırdılar. Valideynlərin çoxu buna ehtiyac da duyurdu: dünya müharibədən qurtulmuşdu. 

1960-70-ci illərdə dünyaya gələnlərə “X-nəsil” deyilir. Hazırda 50-60 yaşları var. Olduqca intizamlıdırlar, işlərində səbrlidirlər, karyera iyerarxiyasına inanırlar, işləməyi sevirlər, adətən bir iş yerləri olur. Əksər texnoloji ixtiralar - paltaryuyan və tozsoran maşınlardan tutmuş mobil telefonlar və kompüterlərə qədər hər yeniliklə tanışdırlar. Ancaq bu texnoloji ixtiralardan övladlarıtək yararlana bilmirlər. Onlardan geri qalırlar. 

80-90-cı illərdə doğulanlara “Y-nəsil” deyilir. Siyasi tarixin keçid dövrünün yetirmələridirlər. Fərdi azadlıq aşiqidirlər, ailələrini şübhəsiz ki, sevirlər. Ancaq müstəqillikdən xoşları gəlir. Gözəl yaşamaq üçün çalışırlar. Bu səbəbdən idarə edən olmaq, şəxsi işləri və bizneslərini üçün “dəridən-qabıqdan” çıxırlar, tez-tez iş dəyişirlər, çünki ən yaxşısının axtarışındadırlar. Sosial medianın açdığı imkanlardan maksimum istifadə edirlər. Əslində, ən rəngarəng nəsildirlər. Zamandan bacarıqla istifadə edirlər, eyni gündə həm işləyə bilərlər, həm də əylənə. 

2000-ci ildən sonra doğulanlara isə “Z-nəsil” deyilir. Bu gün ən böyüyünün 18 yaşı var. İnternet erasında doğulub boya-başa çatırlar. Bu səbəbdən öncəki nəslin sevdiyi oyuncaqlar onlar üçün primitivdir. 

Yeri gəlmişkən, Qərbdə 40-50 yaşlı insanların 45%-nin uşaqlıq oyuncaqlarını saxladıqları, hətta əksəriyyətinin gecələr yatarkən belə sevimli qəhrəmanları ilə yatdıqlarını statistika da təsdiqləyir. “Z-nəsil” isə smartfonlar dövrünün yetirmələridir. Uşaqlıqdan internet istifadəçiləri olduqları üçün eyni anda 3-4 işlə maraqlana, icra edə bilirlər. Filmə baxa-baxa sosial şəbəkədən istifadə edirlər, söhbətləşdikdə paralel olaraq gözləri smartfonlarındadır. Fikirlərini tez-tez dəyişə bilərlər, fundamental elm sahələrinə maraqları azdır, çünki... Çünki hər şeyi internetdən alırlar. Beləliklə, mövzumuz “Z-nəsil”dir. 

Məktəb

Bu nəslin nümayəndələri valideynlərində bəlkə də ən çox qorxu və həyəcan yaradanlardır. Axı niyə kitabları qadjetlər əvəzləyib? Onların internetdən asılılığı təhlükəlidirmi? Diqqət çatışmazlığı sindromu necə yaranır? Bütün bu sualların olduqca konkret cavabı var: onlar və biz ayrı-ayrı dünyalarda yaşayırıq. Onların kompüter dünyası var, biz isə hələ kitab oxuyuruq. Uşaq üzərində nəzarətin zəifləməsi, yaxud itirilməsi, intizam çatışmazlığı, münasibətlərdə anlaşılmazlıq hər zaman olub. İndi bu problemin daha mürəkkəb olmasının səbəbi bizlərin fərqli nəsillər olmağımız ilə yanaşı, həm də başqa-başqa kommunikativ sistemlərə mənsubluğumuzdur. 

Bir sıra mütəxəssislər əmindirlər ki, yeni nəsli oxumağa məcbur etməyin heç bir faydası yoxdur, onsuz da oxumayacaqlar. Bəşəriyyət tarixində mütəmadi olaraq kommunikativ sistemlərin dəyişilməsi prosesi baş verir. Bu, təbiidir və biz hazırda yeni dəyişikliyin astanasındayıq. Sensor modallıq dəyişib: bizdən fərqli olaraq uşaqlar oxumurlar, baxırlar. Oxuyarkən biz təsəvvür edirik. Uşaqlar isə baxdıqlarından təsəvvürə ehtiyac yoxdur, hər şey görünür. Ona görə də onlar fərqli kommunikativ mədəniyyətə mənsubdurlar. “Harvard Business Review”in məlumatına görə, Toronto Kommunikasiya nəzəriyyəsi məktəbinin nümayəndələri hesab edirlər ki, kommunikativ texnologiyalar insanın mədəniyyət və mentalitetini müəyyən edir. Orta əsrlər insanı ilə Yeni dövr insanını onların dəyərləri, dünyaya baxışları fərqləndirir. Sosium necə formalaşırsa, bizim şüurumuz da ona uyğunlaşır, axı insan hər halda sosial canlıdır. 

Biz tədricən təsəvvür dövrünü geridə qoyub tamaşaçı registrinə qədəm qoyuruq. Bunun üçün öyrənmək o qədər də vacib deyil. Ümumi qəbul edilmiş standartlar yoxa çıxır, məsələn, yaxşı uşaq hansı uşaqdır və ona nəyi öyrətmək lazımdır? Biliklər o qədər artıb, həcm o qədər böyükdür ki, hər şeyi yadda saxlamaq mümkün deyil. Rusiyalı psixoterapevt Anna Varqa hesab edir ki, belə bir reallıqda yalnız məktəblilərdə olan diqqət çatışmazlığı sindromu və hiperaktivlikdən şikayətlənmək düzgün deyil. Onun fikrincə, məktəblərdə də günah var: uşaqlara əxz edəcəkləri formada informasiya verə bilmədiklərinə görə. 

Varqanın fikrincə, hələlik məktəb yeni nəslə, müasir uşağa və onun yaşayacağı cəmiyyət tipinin tələblərinə cavab verə bilmir. Problemin qaynağı da məhz budur. Məktəblərdə uşaqlara yenə əvvəlki həcmdə informasiya verilir, halbuki bu gün onları müxtəlif treklər vasitəsilə özlərinin bilik əldə etmələrinə yönəltmək daha düzgün olardı. Qabaqcıl təhsil ocaqları belə də edirlər: öyrənmək məcburiyyəti yoxdur, diskussiyalar, oyunlar, onlayn-təhsil vasitəsilə uşaqları hesabat və təqdimatlar hazırlamağa stimullaşdırırlar. “Diqqət çatışmazlığı sindromu müasir uşaqların yeni və köhnə nəsil arasındakı quyuya düşüb qalmalarının nəticəsidir”, - deyə A.Varqa düşünür.

Mütəxəssislərin fikrincə, uşaqları kompütersiz, yaxud smartfonsuz qoymaqla onları təhsilə yönəltmək cəhdləri əbəsdir. Gözlənilir ki, bu problem yeni nəsil müəllimlərin gələcəkləri an həllini tapacaq. Həmin müəllimlər uşaqları yeni reallıqların metodları ilə öyrədəcəklər. Yeri gəlmişkən, dünyanın bir sıra ölkələrində sosial şəbəkələr və internet vasitəsilə təhsil vermə praktikası həyata keçirilir və bu mövzuya qəzetimizdə toxunmuşuq. Belə demək mümkündürsə, indi biz bir keçid mərhələsini yaşayırıq.Hazırda uşaq onun dərketmə metodu və kommunikasiya formasına uyğun olmayan cəmiyyətdə yaşayır, həmin cəmiyyətin məktəbində oxuyur. Ona görə də valideynlər uşağa kömək etməlidirlər. Bəlkə elə bu səbəbdən müəllimlərin verdikləri ev tapşırıqları da sanki uşaqlara deyil, onların valideynlərinə ünvanlanıb.

 İnternet 

Günümüzdə uşaqların sosiallaşması prosesi internetdə baş verir. Əvvəlki nəsillər birbaşa ünsiyyət vasitəsilə sosiallaşırdılar. Bu gün uşaqların rəqəmsal dünyadan kənar ünsiyyəti tutaq ki, yay fəslində, tətildə, harasa səyahət edərkən baş verir. Yaxud uşaq komanda idman növləri ilə məşğuldursa. Böyüklər gələcəyə qorxu ilə baxırlar, ancaq bu o demək deyil ki, sabah həqiqətən təhlükəlidir.

Sadəcə, uşaqlar onlayn-ünsiyyəti sevirlər. Bizim onları anlamamağımız, yaxud qəbul etməməyimiz normaldır. Hesab edilir ki, onlar öz övladlarını bizim onları anladığımızdan yaxşı başa düşəcəklər. 

Əvvəllər valideynlər uşaqları evə gec qayıdarkən ehtiyat edirdilər. İndi isə internetdə “qeyb” olduqlarına görə. Təbii ki, nəzarət bu və ya digər formada hər zaman olub, indi də ola bilər. Müxtəlif filtrlər qoymaqla, yaxud provayderlərlə vaxt məhdudiyyətinə dair anlaşma yolu ilə. Sadəcə reallıq qəbul edilməlidir: “Z-nəsil”i bizim kimi olmağa məcbur etmək əbəsdir. 

Gəlin baş vermiş dəyişikliklərə qısa nəzər yetirək, heç də hər şey elə də qorxulu deyil. Əvvəllər analar uşaqları əylənsin deyə onların dostlarını, sinif yoldaşlarını evə dəvət edir, dadlı yeməklərə, şirniyyata qonaq edərdilər. Atalar isə tutaq ki, birlikdə velosiped sürmək, futbol oynamaq, yaxud futbola getməyi təklif edirdilər. İndi analar övladları ilə birlikdə internetdə, sosial şəbəkələrdəki səhifələrini tərtib edə, bəzəyə bilərlər. Atalar isə uşaqları ilə internet vasitəsilə son futbol yenilikləri ilə tanış ola, müzakirə edərlər. İstənilən halda valideyn övladın yanında olmalı, kömək etməli və anlamalıdır. 

Bununla belə, məsələnin fərqli tərəfi də var - asılılıq! Varqa hesab edir ki, “əgər uşaq saatlarla kompüterdən ayrılmırsa, siz onun əlindən smartfonunu alanda ağlayır, isterikaya düşürsə, artıq söhbət asılılıqdan gedir. Bu halda peşəkar köməyə müraciət etmək lazımdır. Ancaq uşaq məktəbə gedir, dərslərinin öhdəsindən gəlirsə, onun kompüter arxasında oturmasından narahat olmağa dəyməz”. İnsandan fərqli olaraq internet uşaqların başına sığal çəkmir, ümidləndirmir, təsəlli vermir, sabaha inam bəxş etmir. Bütün bunları yenə də valideyn edir. Bu səbəbdən danlamaqdan çox məhz qayğı göstərmək lazımdır. 

Cəza və məqsəd 

“Rəqəmsal uşaqlar”ın valideynləri nə etməlidirlər? Mütəxəssislər məsləhət görürlər ki, ilk növbədə öz ambisiyalarını arxa plana keçirməlidirlər. Mədəniyyət tipi dəyişib və bizim biliklər onlara lazım deyil. Ancaq biz emosional kömək göstərə bilərik. Beynin qabıqaltı sahələri qabığın özündən gec inkişaf edir. Ona görə də uşağın emosional davranışı valideyninkindən fərqlənmir. Yeri gəlmişkən, bizim bu xüsusiyyətimiz ibtidai insanda necədirsə, elə də qalır. Bu səbəbdən uşağın möhkəm psixi sağlamlığa ehtiyacı var. Bu ehtiyac isə adətən yüksək psixoterapevtik potensialı olan ailədə ödənir. Bu elə bir ailədir ki, üzvləri birlikdə, firavan vaxt keçirirlər, bir-birlərini dəstəkləyirlər. Hər bir uşaq üçün lazım olan emosional dəstək belə formalaşır.

Bu məqama təsadüfən toxunmadıq. Müasir uşaqlarda cəza qorxusu demək olar ki, yoxdur, yaxud aşağı səviyyədədir. Ona görə də olduqca vacibdir ki, uşaqla valideyn arasında emosional bağ formalaşsın. Əgər belə bir rabitə varsa, məntiqlə, uşağın ən çox qorxacağı həmin bu emosional bağın itirilməsi təhlükəsi ola bilər. Əsas təzyiq “rıçaq”ı da məhz bu olmalıdır.

Bu gün başlıca məqsəd uşağı məqsədə yönəltməkdir. Məsələn, elə ailələr var ki, heç bir ehtiyacları yoxdur. Ancaq valideynlər övladları da zəhmətkeş olsun deyə, motivasiya və uğura ehtiras məqsədilə onları inkişafetdirici diskomfort şəraitində böyüdürlər. Belə hallara xüsusilə Qərbdə tez-tez təsadüf edilir. Məsələn, Almaniyada məktəblilər yay tətillərində pul qazanmaqla məşğuldurlar. Supermarketlərdə, valideynlərinin şirkətlərində işləyir, kuryerlik edirlər, - dəxli yoxdur, valideyn imkanlıdır, ya kasıb. Məqsəd o vaxt peyda olur ki, nəyəsə ehtiyac yaranır.

Hazırda “Z”lər “Y”lərdən çoxdur. Bu o deməkdir ki, yeni nəsil amansız rəqabət şəraitində yaşayacaq. Ancaq yeni kommunikativ texnologiyalar bu rəqabəti bir az yumşaldır. Söhbət nədən gedir? Cəmiyyətə bizim dövrdə olduğu qədər ali təhsilli vətəndaşlar lazım olmayacaq. Artıq indidən dünyanın qlobal korporasiyaları işə götürərkən diploma ehtiyac duymurlar. “Gəl görək, nəyi bacarırsan” prinsipi önə keçib. İnternetdə isə hamı bərabərdir. Hər kəsin biznes qurmaq və pul qazanmaq imkanı var. Odur ki, təhsildə uğursuzluq oldu, narahat olmağa dəyməz, əsas odur uşağa ürəyincə olan sənəti, işi tapmağa kömək edək, qalanlarını o özü edəcək. Axı o, “rəqəmsal uşaq”dır! (Azərbaycan Müəllimi qəzeti)