https://modern.az/
2022-09-30 14:14:00
BDU Özbəkistanın daha iki universiteti ilə əməkdaşlığa başlayıb

Bakı Dövlət Universiteti (BDU) Özbəkistanın daha iki ali məktəbi - Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti və Abdulla Qədiri adına Cizak Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlığa başlayıb.

 

Bu barədə AzEdu.az-a BDU-dan məlumat verilib. Qeyd olunub ki, BDU beynəlxalq əlaqələrində türkdilli ölkələrin ali təhsil müəssisələri ilə münasibətlərin qurulmasına xüsusi önəm verir.

 

BDU-da Özbəkistan nümayəndə heyəti ilə keçirilən görüşdə universitetin rektoru Elçin Babayev bildirib ki, türkdilli ölkələr arasında münasibətlərin daha da inkişafında, xalqların yaxınlaşmasında elm, təhsil müəssisələri xüsusi rola malikdir. Rektor Azərbaycan və Özbəkistan arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini deyib. O, BDU-nun Özbəkistanın ali məktəbləri ilə əməkdaşlığının iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyinə və qısa müddətdə real nəticələri olacağına əminliyini bildirib.

 

Sonra BDU ilə Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti arasında anlaşma memorandumu imzalanıb.

 

Memoranduma əsasən, tərəflər tədris proqramlarının hazırlanması və mübadiləsi, inzibati və professor-müəllim heyətinin qısamüddətli və uzunmüddətli mübadiləsi sahələrində əməkdaşlıq edəcəklər. Akademik mübadilə proqramlarının hazırlanması, elmi tədqiqatlar sahəsində birgə əməkdaşlıq, elmi informasiya və materialların mübadiləsi də sənəddə əks olunub.

 

Görüşdə həm də BDU ilə Abdulla Qədiri adına Cizak Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Müqavilədə humanitar və təbiət elmləri sahəsində ortaq elmi tədqiqatların aparılması, birgə elmi seminar, ustad dərsləri, konfrans və simpoziumların keçirilməsi, elm və təhsil sahəsində birgə layihələrin hazırlanması nəzərdə tutulur.