Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-28 14:49:00
Şagirdlərin erkən nikahına görə kimlər məsuliyyət daşıyır? - Cəza nədir?  

Zaman-zaman Azərbaycanda məktəblilərin erkən nilkaha cəlb olunması halları müşahidə edilir.

 

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəsmi göstəricilərə  əsasən ötən il 20 yaşadək analar tərəfindən doğulan uşaqların ümumi sayı 9476 nəfər olub. Onlardan 84 nəfəri 16 yaşa qədər olan analar, 341 nəfəri 16 yaşlı analar (ümumilikdə 425 nəfər), 1225 nəfəri 17 yaşlı olan analar, 2972 nəfəri 18 yaşlı analar, 4854 nəfəri 19 yaşlı analar tərfindən doğulanlardır.

 

Bəs erkən nikah hallarında kim məsuliyyət daşıyır,hansı cəzalar tətbiq olunur?

 

AzEdu.az bu suallara rəsmi sənədlər əsasında, qanunvericilik səviyyəsində verilən cavabları təqdim edir.

 

İlk olaraq vurğulamaq vacibdir ki, BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyası, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda, həmçinin Azərbaycan Respublikasının Konstitutsiyasında hər bir şəxsin, uşağın təhsil almaq hüququ olduğu qeyd olunur. Təhsildən yayındırılma, məcburi nikaha daxil edilmə və digər bu kimi hallarda uşaqların təhsil almaq hüquqlarının əllərindən alınması yolverilməz hesab olunur.

 

18 yaş 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir, uşaqların,yetkinlik yaşına çatmayanların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur.

Eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının Ailə Məcəlləsində də nikah yaşının 18 olduğunu qeyd edilir.

 

Yalnız, üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

 

Digər hallarda nikaha daxilolma erkən nikah hesab edilir və müvafiq qanunvericiliyə əsasən belə nikahlar etibarsız sayılır.

 

Verilən yaşdan aşağı olan şəxslər nikaha daxil olmağa məcbur edildiyi halda cəza forması Azərbaycan Respublikası Cinayət Məcəlləsilə tənzimlənib.

 

Azyaşlının məcbur nikaha daxil edilməsinə görə bu cinayəti törədən şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Valideynlərin erkən yaşda və ya yetkinlik yaşına çatmış şəxsi ailə qurmağa məcbur etməsi, həm müxtəlif növ zorakılıqlara səbəb olur, həm də hüquqi baxımdan məsuliyyət yaradır.

 

Yetkinlik yaşına çatmayan şəxslər valideynləri, yaxud qanuni himəçilərinin məsuliyyətindədir. Heç kəsin uşağın təhsil almaq və azadlıq hüququndan məhrum etmək ixtiyarı yoxdur. Hətta himayəçilər tərəfindən belə halın müşahidə olunması da yolverilməz hesab olunur.

 

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı mövcuddur.

 

Gənclər arasında erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə bir sıra dövlət orqanları və qurumlar tərəfindən həyata keçirilir. Bu maarifləndirmə tədbirlərini həyata keçirən qurumlar arasında Təhsil Naziriyi də qeyd olunur.