2022-09-24 14:28:00
AMEA-nın Rəyasət Heyətinin iclasında bu məsələlər müzakirə olunub
AMEA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bu barədə AzEdu.az-a AMEA-dan bildirilib. Əvvəlcə AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov dövlətimizin başçısı tərəfindən Azərbaycan musiqişünaslığının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunan AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri akademik Zemfira Səfərovaya mükafatını təqdim edib.
Akademik Zemfira Səfərova mükafata və təqdimata görə, Prezident İlham Əliyevə, AMEA-nın və Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyinə minnətdarlığını bildirib.
Daha sonra akademik Arif Həşimov iclasın gündəliyi barədə Rəyasət Heyətinin üzvlərinə məlumat verib.
Tədbirdə müzakirəyə çıxarılan ilk məsələ AMEA-nın yeni Nizamnamə layihəsi haqqında olub. Məsələ ilə bağlı çıxış edən AMEA-nın vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri akademik İsa Həbibbəyli dövlətimizin başçısının “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanını xatırladıb. Qeyd edib ki, sözügedən sənədin icrasından irəli gələrək və Azərbaycan Respublikasının maraqları, milli prioritetləri və inkişaf strategiyası, dünya elminə inteqrasiya, elm və təhsilin qarşılıqlı əlaqəsi əsas götürülərək yeni çağırışlara cavab verən, AMEA-nın digər qurumlarla münasibətlərini tənzimləyən 14 maddə və 228 bənddən ibarət olan Akademiyanın yeni Nizamnaməsinin layihəsi hazırlanıb. Onun sözlərinə görə, yeni Nizamnamə layihəsində Akademiyanın strukturu, vəzifələri və hüquqları, Akademiyanın Ümumi yığıncağının, Rəyasət Heyətinin, elmi bölmələrin, regional elmi mərkəzlərin, elmi müəssisələrin fəaliyyət istiqamətləri, Akademiyaya seçkilər, elmi fəaliyyətin istiqamətləndirilməsi və digər məsələlər əksini tapıb.
Həmçinin Humanitar və İctimai Elmləri əhatə etməklə dövlət ideologiyasının elmi əsaslarını müəyyən edən və cəmiyyətdə azərbaycançılıq düşüncəsinin, milli-mənəvi dəyərlərin inkişafına xidmət edən maddələrin də Nizamnamə layihəsində öz əksini tapdığı vurğulanıb.
İ.Həbibbəyli çıxışının sonunda qeyd edib ki, akademiya ölkəmizin dövlət tərəfindən müəyyən edilmiş milli prioritetlərinə və inkişaf strategiyasına xidmət etməlidir və AMEA-nın bu əsasda yenidən qurulması zəruridir.
Məsələ ilə bağlı çıxış edən akademik Arif Həşimov bildirib ki, AMEA-nın yeni Nizamnaməsinə əsasən akademiya Azərbaycan elminin dayanıqlılığı, dünya nailiyyətlərinə uyğun inkişafı, dövlətin elmi və elmi-texniki inkişafına uyğunlaşdırılması, elm sahəsində normativ hüquqi aktlara və dövlətin tərəfdaş çıxdığı sənədlərə rəylərin verilməsi, dövlət orqanlarının elmi müəssisələrinin istiqamətləndirilməsi üzrə məsləhət verən dövlətin akademik elmi təşkilatıdır.
Akademik Arif Həşimov yeni Nizamnamənin AMEA-nın müasir dövrün çağırışlarına uyğun fəaliyyətini yenidən təşkil etməsində və ölkəmizdə aparılan tədqiqatların respublikamızın milli maraqlarına uyğunlaşmasında başlıca hüquqi sənədlərdən olacağını deyib və yeni Nizamnamənin layihəsinin baxılması üçün müvafiq dövlət orqanlarına göndəriləcəyini diqqətə çatdırıb.
Daha sonra akademiklər Rasim Əliquliyev, Tofiq Nağıyev, Adil Qəribov və Fikrət Əliyev çıxış edərək AMEA-nın yeni Nizamnamə layihəsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Müzakirələrdən sonra Rəyasət Heyətinin qərarı ilə AMEA-nın yeni Nizamnaməsinin layihəsi akademiyanın Ümumi yığıncağına tövsiyə edilib.
Sonra akademik Arif Həşimov “Azərbaycan və Özbəkistan arasında elmi əlaqələr: əsas yekunları və qarşıda duran vəzifələr” mövzusunda çıxış edib.
Daha sonra AMEA Rəyasət Heyətinin 2022-ci il 19 avqust tarixli qərarının 5-ci bəndinin icrası ilə bağlı yaradılmış Komissiyanın sədri, akademik Fikrət Əliyev sözügedən Komissiyanın məlumatını təqdim edib və müvafiq qərar qəbul olunub.
Rəyasət Heyətinin iclasında, həmçinin AMEA və Fransanın Monpelye Universitetinin müştərək doktorantura hazırlığı səviyyəsində ilk PhD dərəcəsi almış Səbinə Fərhadovanın AMEA-nın Fəxri fərmanı ilə təltif edilməsi barədə qərar qəbul edilib. Xatırladaq ki, Genetik Ehtiyatlar İnstitutu və Monpelye Molekulyar Genetika İnstitutunun doktorantı Səbinə Fərhadova cari ilin iyun ayında “Siçanın embrion kök hüceyrə modelləri üzərində insanın imprintinq xəstəliklərinə səbəb olan epigenetik mexanizmlərin tədqiqi” mövzusunda tədqiqat işini müdafiə edib. O, AMEA və Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında saziş çərçivəsində həyata keçirilən doktorantura səviyyəsində ikili diplom proqramı üzrə ilk PhD dərəcəsini alıb.
Bundan əlavə, tədbirdə Geologiya və Geofizika İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi, akademik Telman Əliyevin “Noise technology and control systems” kitabının nəşrə tövsiyə edilməsi, eləcə də Fizika İnstitutuna 2020 və 2021-ci illərdə məqsədli qəbul olunmuş fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantların Biofizika İnstitutuna keçirilməsi haqqında qərarlar verilib.
Bu bölməyə aid digər xəbərlər
İsa Həbibbəyli: "Azərbaycan seysmologiya sahəsi üzrə doktorantura təhsili yoxdur"
2023-11-29 11:57:59
TÜBİTAK-ın AMEA ofisi yaradılıb
2023-11-19 10:31:00
AMEA-nın beynəlxalq təşkilata üzvlüyü təsdiqləndi
2023-07-18 09:24:40
Magistrlərin “Məzun günü” keçirilib
2023-07-07 13:52:20
AMEA-nın “tefal alimləri”, yoxsa "Pensiya fondu"na çevrilmiş “flaqman”? - İTTİHAM
2023-06-06 10:54:00
AMEA: Gəncləşmə siyasətində magistraturanın çox böyük rolu var
2023-03-16 12:19:24
Seysmologiya üzrə kadrlara ehtiyac var – İsa Həbibbəyli
2023-03-16 11:48:13
AMEA-nın Ümumi yığıncaq - nazir də iştirak etdi
2023-03-16 11:46:20
“Kamran Əliyev: tanınmış ədəbiyyatşünas, unudulmaz insan” - elmi konfrans
2023-03-04 12:01:00
Dissertasiya şuralarının fəaliyyəti müzakirə olunub
2023-03-02 09:05:14
kitabı
ÇOX OXUNANLAR
18 Aprel 2024, 12:35
Sertifikasiya imtahanının vaxtı AÇIQLANDI
18 Aprel 2024, 10:04
DİM-dən 17 mart buraxılış imtahanının nəticələri ilə bağlı AÇIQLAMA
20 Aprel 2024, 17:42
300 bal toplayan 9-cular - Onlar bu liseyin şagirdləridir
17 Aprel 2024, 10:21
Sertifikasiya:“Müəllimlərin hazırlığa getməsi qəbuledilməzdir”
19 Aprel 2024, 16:54
Qəbul imtahanında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA
19 Aprel 2024, 16:09
Regionlar üzrə ən çox bal toplayanlar... Şəki-Zaqatala bölgəsinin ŞAGİRDLƏRİ
17 Aprel 2024, 12:14
Regionlar üzrə ən çox bal toplayanlar – Mərkəzi Aran bölgəsinin ŞAGİRDLƏRİ
22 Aprel 2024, 09:57
7 aprel buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ
FACEBOOK