Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-23 10:18:00
Sertifikat almaq istəyənlər BU TARİXDƏ imtahan verəcək

Sentyabrın 25-də Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) keçirəcək.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahana qeydiyyat Mərkəzin saytı vasitəsilə aparılıb və imtahan vermək üçün 735 (KOSS-199, MHBS-230, İSMHBS-306) nəfər müraciət edib.

 

İmtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmır.

 

İmtahanın davametmə müddəti 3 saatdır və namizədə biliklərin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim ediləcək. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

 

Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası” da yerləşdirilib. DİM imtahan iştirakçılarından kitabça ilə mütləq tanış olmağı xahiş edir.

Namizədlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib), özləri ilə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və HB sərtliyində sadə karandaş, kalkulyator və aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

- imtahana buraxılış vərəqəsi;

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 3 binada təşkil olunacaq. İmtahanının keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 9 imtahan rəhbəri, 64 nəzarətçi müəllim, 8 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub.