Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-05 15:26:00
"Şagirdlərə məktəbli formaları və bütün dərs ləvazimatlarının pulsuz verilməsi mümkündür"-Ekspertdən irad

 

 

“Əgər nazirlik vahid məktəbli formasının olmasını çox istəyirsə, o zaman istehsalını dövlət hesabına həyata keçirərək, məktəblərə ödənişsiz verə bilərdi”.

 

Yeni tədris ilində aşağı siniflər üçün yay məktəbli formaları artıq satışdadır. Bakı Tikiş Evindən bildirilib ki, qərar gec verildiyinə görə, yuxarı siniflər üçün formaların hazırlanmasına gələn il başlanılacaq.

 

Hazırda məktəbli formasının satışı sadəcə Bakı Tikiş Evi və “Bravo” marketlər şəbəkəsində aparılır.

 

Bəs bu formaların satışı prosesində əlçatanlığa necə təsir göstərir? Məktəbli formalarının istehsalı və satışı necə həyata keçirilməlidir?

 

Tanınmış pedaqoq, ümumi təhsil üzrə mütəxəssis İlham Əhmədov AzEdu.az-a açıqlamasında məktəbli formasının istehsalının bir neçə şirkətə həvalə olunmasının vacib olduğunu söyləyib:

 

“Əgər nazirlik bütün şagirdlərin məktəbə vahid formada gəlməsini təkid edirsə, məktəbli formasının bir neçə variantını müəyyən etməli, məktəbə və valideynlərə də bu barədə məlumatı dəqiq çatdırmalıdır. Bu formaların hazırlanması bir deyil, bir neçə şirkətə həvalə edilməlidir. İstehsalı bir icraçıya həvalə etmək qiymət baxımından ürəkaçan vəziyyət yaratmır, rəqabət olmur. Rəqabət olmalıdır ki, qiymətlər endirilsin. Məktəbli formaları maya dəyərindən qat-qat baha satılır. Hesab edirəm ki, vahid dizayn təqdim edilməli və onun əsasında da istənilən tikiş fabriki məktəbli formasını hazırlayıb satışa buraxa bilməlidir. Yəni burada bazar münasibətləri olmalı, rəqabət yaradılmalıdır. Çalışmaq lazımdır ki, məktəbli formaları keyfiyyətli olsun və qiymətləri də valideynlərin büdcəsinə uyğun gəlsin”.

 

Pedaqoq istehsalın bir neçə şirkət tərəfindən həyata keçirilməsinin qiymətlərə də müsbət təsir edəcəyini bildirib:

 

“Məktəbli formalarının satış mərkəzləri də azdır, fabrik öz mağazasında satır. Çünki başqa məkanda satış həyata keçirilərsə, obyekt haqqı ödənməlidir. Belə olan halda isə ya formanın qiyməti qaldırılacaq, ya da istehsalçının gəliri az olacaq ki, bu da ona sərf etmir. Amma formaların istehsalını həyata keçirən şirkət sayı çox olarsa və satışı daha çox məkanda həyata keçirilərsə, həm keyfiyyəti, həm qiyməti, həm də əlçatanlığı ürəkaçan olar. Yəni bazar münasibətlərinin qurulması vacibdir”.

 

Ekspert təhsilə ayrılan büdcə ilə məktəbliləri ödənişsiz forma və dərs ləvazimatları ilə təmin edilməsinin mümkün olduğunu qeyd edib:

 

“Ümumilikdə hesab edirəm ki, məktəbli forması vacib deyil. Əgər nazirlik olmasını çox istəyirsə, o zaman istehsalını dövlət hesabına həyata keçirərək, məktəblərə ödənişsiz verə bilərdi. Məsələn, Qazaxıstan bütün məktəbliləri dövlət hesabına forma ilə təmin edir. Son illərdə bizim təhsil büdcəmiz 3 dəfə artıb. Demək olar ki, məktəb tikintiləri də başa çatıb. 2000-ci illərin əvvəllərindən 2015-ci ilə kimi təxminən, 4 minə yaxın məktəbin tikintisi həyata keçirildi. İndi bu büdcə hesabına şagirdləri məktəbli forması ilə də, dərs ləvazimatları ilə də ödənişsiz təmin etmək olar. Çünki pandemiyadan çıxmışıq, əhalinin sosial rifahı aşağıdır, qiymətlər gündən-günə artır. Məsələn, bir ailədə 3 uşaq təhsil alırsa, bütün gəlir məktəb alış-verişinə gedir”.