Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-05 14:39:00
“Təhsilin İnkişafı Fondu” nələri dəyişəcək? - Bir çox problemlər  aradan qalxacaq - Ekspert rəyləri

Bir neçə ay bundan öncə “Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxsin idarəetmə qaydası və nizamnamə fondu müəyyənləşib.

 

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Təhsilin İnkişafı Fondunun Nizamnaməsi”ndə əksini tapıb.

 

Fondun idarəetmə orqanı İdarə Heyəti olacaq. İdarə Heyəti Fonda ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək. İdarə Heyəti Azərbaycan Respublikasının təhsil naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun müavini daxil olmaqla 3 üzvdən ibarət olacaq. Fondun nizamnamə fondu 1 000 000 (bir milyon) manat olacaq.

 

Fond artıq bir neçə vacib layihələrə imza da atıb. Yeni yaranmasına baxmayaraq, qısa zamanda təhsilverənlərin xüsusi maraq dairəsinə düşməyi bacarıb. 

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının rəhbəri, Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Rüfət Əsədzadə AzEdu.az-a açıqlamasında fondun fəaliyyətinə münasibət bildirib:

 

“Təhsilin İnkişafı Fonduna publik hüquqi şəxs statusunun verilməsini yüksək qiymətləndirirəm. Bunun əsas üstünlüyü ondan ibarətdir ki, əlavə maliyə resursları cəlb oluna biləcək. Bu, da öz növbəsində bir çox şəxslərin təhsilə cəlb edilməsi və onun inkişafına şərait yaradacaq. Burada əsas məqsəd maliyənin şəffaf olmasıdır, həmçinin, inam və etibar da çox önəmlidir. Maliyə şəffaflığının təmin olunması üçün  vacib addımdır.

 

Gənc Müəllimlər Assosiasiyası  qeyri-hökumət təşkilatı olduğu üçün  müxtəlif fondlardan maliyə yardımı almaqla müəllimlərin inkişafını hədəfləyir. Düşünürük ki, bu fondlarla  yaxından əməkdaşlıq edərək özəl şirkətlərin cəlb edilməsini və bu istiqamətdə təbliğat və təşviqatın idarə olunması üzrə  müxtəlif istiqamətdə işlər apara bilərik. Müəllimlərin inkişafı üçün  də proqramlar hazırlanır.

 

Təhsilin İnkişaf Fondunun müxtəlif mexanizmləri var. Hər bir halda şəffaflıq və hesabatlılıq əsas meyyarlardan biri olmalıdır”.

 

Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov  fondun fəaliyyətinin rüşvətin azaldılmasına kömək edəcəyini vurğulayıb:

 

“Təhsilin İnkişafı Fondunun qurulması daha əvvəl də müzakirə edilən məsələlərdən biri idi. Onun yaradılması müsbət hal kimi qiymətləndirilə bilər, çünki ölkədə müəyyən qədər maddi resursu olan şirkətlər, fiziki və hüquqi şəxslər var. Onlar bu fonda maliyə  dəstəyi göstərə bilər. Bizdə müxtəlif təhsil müəssisələri dövlətdən maliyələşir. Bu baxımdan da fiziki və hüquqi şəxslər təhsil sahəsinə yardım etdikdə müəyyən problemlər yaşayırlar. Çünki bu məsələnin hüquqi bazası yox idi və belə bir model tətbiq edilməmişdi. Fondun yaradılması da həmin məsələnin inkişafına tövhə verəcək. Valideyn övladının oxuduğu məktəb üçün maddi yardım etmək istəyirsə,  həmin prosesi bu fond vasitəsi ilə həyata keçirilə bilər. Bu fond vasitəsi ilə valideyn qeyd olunan məktəbə  maliyəni təqdim edərək baş verən prosesə nəzarət etmək imkanı əldə edəcək.  Bu, tələbə və şagirdlərin təhsilə yardımını təmin edəcək, həmçinin, bu addım məktəblərin fiziki infrastruktutrunun inkişafı  istiqamətində müsbət  olaraq qiymətləndirilə bilər. Eyni zamanda insanların  maddi yardımının da  hüquqiləşdirilməsi və legitimləşdirilməsi  baxımından  gözlənilən və lazımlı məsələdir. Təklif edirəm ki, hər məktəbin bu fondun daxilində hesabı olsun və  ora köçəcək pul da həmin məktəbə xərclənsin. Bu, təmin oluna bilsə, proses qanuniləşəcək, nazir də bunu ötən brifinqlərin birində  vurğulanmışdı  Bu  fondun fəaliyyəti də həmin prosesin qanuniləşdirilməsi kimi qiymətləndirilə bilər.

 

Fondun yaradılması müəyyən mənada rüşvət və digər məsələlərin qarşısını ala bilər. Valideyn birbaşa xərcləmək istədiyi pulu bank hesabına köçürə bilər. Əgər direktor və müəllim valideyndən əldən pul alacaqsa, bu qeyri-qanuni olacaq, həmçinin, cinayət məsuliyyətinə cəlb oluna bilər. Çünki artıq fond yaradılıb, kim yardım etmək istəyirsə,  o vəsaiti fonda köçürməlidir. Bu, birmənalı olaraq rüşvətin qarşısı ala bilər. Kim yardım etmək istəyirsə, pulu fonda köçürəcək”.

 

Qeyd edək ki, fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) büdcədənkənar vəsaitindən, habelə ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən ayırmalardan, Fondun fəaliyyətindən əldə olunmuş gəlir, ianələr, qrantlar və cəlb edilən investisiyalar və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşacaq.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları