https://modern.az/ http://www.position.az/
2022-07-28 13:53:00
Qəbul imtahanlarından narazılıq: “Fənlərin sayı azaldılsın, təhsil müddəti üç il olsun” – FOTO

Ali məktəblərə qəbul imtahanları yekunlaşsa da, ətrafındakı müzakirələr bitmək bilmir. Qəbul imtahanlarının ümumiyyətlə ləğvi və yaxud fənlərin sayının azaldılması ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər irəli sürülür. Mütəxəssislər hesab edirlər ki, abituriyentin seçdiyi ixtisas qrupunda o qədər də əhəmiyyəti olmayan fənlər var. Şagird də sırf həmin fənnə görə aşağı nəticə göstərir və istədiyi ali məktəbə daxil ola bilmir.

Hətta qəbul imtahanlarının ləğv olunmasını təklif edənlər də var. 

Xatırladaq ki, ötən ay təhsil naziri Emin Əmrullayev AzTV-nin efirində yayımlanan “Hədəf” verilişində valideynlərin fənlərin çoxluğundan şikayətləndiklərini bildirib. Nazir şikayətləri haqlı hesab etdiyini, bu məsələni gündəmdə saxladığını əlavə edib. 

Maraqlıdır, növbəti ildə qəbul imtahanlarında fənlərin sayının azaldılması gözlənilirmi? 

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə görə, gənclərin ali məktəblərə qəbulunu asanlaşdırmaq lazımdır:

“Ali məktəblər giriş qapılarını tələbələrin üzünə geniş açmalı, çıxış qapılarını daraltmalıdır. Təəssüf ki, biz çətin imtahanları giriş qapısında aparırıq. Lakin tam əksi olmalıdır. Diplomda güzəşt olmalı deyil. Savadlı kadr yetişdirmək üçün bunu etməlidirlər. Sərbəstliyi özümüzdən uzaqlaşdırmışıq. Yenilik edəndə onu dərk etməli, fəlsəfəsini başa düşməliyik”. 

Təhsil eksperti Ramal Şəmşədli yersiz fənlərin çoxluğundan danışıb:

“Ümumi olaraq ballara nəzər yetirsək, görərik ki, nəticələr olduqca aşağı oldu. Bunun ən böyük səbəbi düzgün qrup və ixtisasların müəyyənləşdirilməməsidir. Kimin bacarıqları hansı istiqamət üzrədirsə, oraya da yönəlməlidir. 9-cu sinifdən artıq qruplar məlum olmalıdır. O qədər hazırlaşanlar var ki, onların çoxunun bilik və bacarıqları seçdiyi qrupa uyğun deyil”. 

R.Şəmşədli əlavə edib ki, fənlərin sayı maksimum dərəcədə azaldılmalıdır:

“Ölkəmizdə yüzlərlə tələbə attestatla xaricə üz tutur. Hər hansı ölkə vətəndaşı bizim dilimizi bilməyə-bilməyə burada oxuya bilir, öz vətəndaşımız təhsil ala bilmir. Gedib Avropada təhsil ala bilirsə, biz niyə altı-yeddi fənnə yüklənmişik? Fənlərin sayı üçə endirilməlidir”.

Ekspert gənclərin savadsızlığa doğru irəlilədiklərini qeyd edib:

“Təhsilimizin çatışmayan cəhətləri çoxdur. Bu il də 700 bal toplayan olmadı. Fikrimcə, orta məktəb 12 illik olmalıdır. Universitet təhsili üç ilə endirilməlidir. Gənclər savadsızlığa, boş əzbərçiliyə doğru gedirlər. Əzbərçilik də inkişaf yolu deyil”.