Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-08 10:14:00
ABŞ-da yüksək təqaüd qazanan Lamiə: “Yaşayış xərclərim də qarşılanacaq”-FOTO

 

“Müəllimimin tövsiyəsi ilə müraciət etdim, tam təqaüdlə qəbul aldım”

 

Azərbaycanlı gənclərin nüfuzlu xarici universitetlərə tam təqaüdlə qəbul alması xəbərləri gəlməyə davam edir.

 

Belə gənclərimizdən biri də Bakı Mühəndislik Universitetinin sonuncu kurs tələbəsi Lamiə Hidayətovadır. O, 2017-ci ildə 582 balla Bakı Mühəndislik Universitetinin Kimya mühəndisliyi ixtisasına (tədris ingiliscə) qəbul olub.

 

Lamiəyə Almaniyanın FH Münster Universitetinin magistratura, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Oklahoma Universitetinin isə birbaşa doktorantura pilləsinə 40 min dollar məbləğdə təqaüdlə qəbul təklifi gəlib.

 

Bu istedadlı gəncimiz AzEdu.az-a açıqlamasında müəlliminin tövsiyəsilə universitetə müraciət etdiyini bildirib:

 

“Təhsilim müddətində əsasən laboratoriyada, əsasən kafedra müdirimiz, dosent, fəlsəfə elmləri doktoru Yusif Abdullayevin rəhbərlik etdiyi tədqiqat qrupunda çalışmışam. Bir ildən artıq idi ki, kafedra müdirimizin nəzarəti altında laboratoriyada işləyirdim. Yusif müəllimin xarici əlaqələri də çox genişdir, bir neçə xarici universitet ona tələbələrin müraciət edə biləcəyini demişdi. Müəllimimiz də tələbələrlə məsləhətləşdi və müraciət etməyimizi tövsiyə etdi. Mən də araşdırmışdım, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Oklahoma Universiteti diqqətimi çəkmişdi və müraciət etdim”.

 

 

 

Lamiə  Almaniyada müraciət göndərdiyi universitetdən də təklif aldığını, amma artıq seçimini etdiyini qeyd edib:

 

“Həmçinin Almaniyada təhsil almağı da çox arzulayırdım. Bu səbəblə Almaniyanın FH Münster Universitetinə magistratura səviyyəsi üçün müraciət etdim və buradan da qəbul aldım. Amma seçimimi artıq etmişəm. Oklahoma Universitetində Kimya və biokimya ixtisasına tam təqaüdlə qəbul almışam,buranı seçəcəyəm”.

 

“Amerikada təhsilim 5 il davam edəcək. İlk 2 il magistratura, növbəti  3 il isə doktorantura dərəcəsi üzrə təhsilim davam edəcək. Təqaüdüm çərçivəsində həm təhsil, həm də yaşayış xərclərim qarşılanacaq”-deyə, o, qeyd edib.

 

O, ixtisasını marağı olan sahə üzrə dəyişdiyini və bu istiqamətdə yeniliklər etmək arzusunda olduğunu nəzərə çatdırıb:

 

“Məlumdur ki, hazırda “yaşıl enerji” üzrə bir çox işlər görülür, Amerikada görəcəyim iş də buna əsaslanır. Mən də gələcəkdə bu sahəni inkişaf etdirmək istəyirəm, özümü bu sahədə görürəm. Öz ixtisasım kimya mühəndisliyidir, buna baxmayaraq artıq kimya-biokimya üzrə fəaliyyətimə davam edəcəm”.

 

İstedadlı tələbə gələcək planlarını bizimlə bölüşüb:

 

“Amerikada təhsilimi başa vurduqdan sonra orada qalıb, yaşamağı, yaxşı iş təklifi gələrsə, dəyərləndirməyi düşünürəm. Həmçinin geri qayıdıb, ölkəm üçün layiqli vətəndaş olmaq istəyərəm”.