Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-01 15:06:00
Bp və AzEdu-dan məktəb psixoloqlarına dəstək – Kitab onlara nələri qazandıracaq?-REPORTAJ

 

BP şirkəti və AzEdu təhsil portalının birgə layihəsi əsasında bütün  psixoloqları, xüsusilə də məktəbdə çalışanları əhatə edən vəsait çapdan çıxıb.

 

 

“Məktəb psixoloqunun stolüstü kitabı” geniş nəzəri biliklərin, eləcə də beynəlxalq miqyasda istifadə olunan və psixoloji metodları və yanaşmalarının praktiki tətbiqini əhatə edən bir mənbədir.

 

Kitabda orta ümumtəhsil müəssislərində psixoloji xidmət işini həyata keçirən şəxslər – məktəb psixoloqları üçün zəruri sayılan nəzəri-metodiki bilgilər, hüquqi baza sistemi şəklində əks olunmuş  praktiki tədqiqat metodları, vacib təcrübi modellər təqdim edilib.

 

 

Məktəb psixoloqu üçün stolüstü kitab rolunu oynayacaq bu zəruri vəsait onların peşə fəaliyyətləri zamanı nəzəri, təcrübi hüquqi bələdçisi missiyasını yerinə yetirəcəkdir.

 

Kitab məktəb psixoloqları , bu ixtisas üzrə təhsil alan tələbələrlə yanaşı, hər bir valideyn və müəllim üçün də yararlı nəzəri bilgilər və praktiki tətbiq metodları ilə zəngindir.

 

 

 

AzEdu.az xəbər verir ki, “Abşeron Marriot”da keçirilən təqdimatda  millət vəkilləri, tanınmış təhsil xadimləri və psixoloqlar, Təhsil Nazirliyinin rəsmi nümayəndəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri iştirak ediblər.

 

Tədbirdə çıxış edən bp-nin vitse-prezidenti  Bəxtiyar Aslanbəyli qeyd edib ki, psixologiya ilə bağlı lazım olan bəlli materialların bir arada toplanması çox əhəmiyyətli məsələdir:

 

 

“Sosial layihələrimiz sırasında təhsil istiqaməti xüsusi yer tutur. Məktəb psixoloqunun stolüstü kitabı” şagirdlərə böyük nailiyyətlərə gedən yolda dəstəyin göstəricisidir. Sözügedən mövzu  məktəblilərin və valideynlərin pandemiyadan sonra uşaqların psixi va fiziki sağlamlığında yaranmış problemlərdən irəli gələn çətinlikləri aradan qaldırmalı olduqları bu dövrdə xüsusilə aktualdır”.

 

Tədbirdə çıxış edən AZEDU MMC şirkətinin baş direktoru Elşad Eyvazlı məktəb psixoloqları üçün zəruri olan bu toplunun Təhsil Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikası Təhsil İnstitutunun peşəkar əməkdaşları və tanınmış psixoloqlar tərəfindən yazıldığını qeyd edib:

 

 

“Bp şirkəti ilə AzEdu təhsil portalının ortaq üçüncü layihəsidir. Bu kitab məktəb psixoloqlarının fəaliyyətində bələdçi rolunu oynayacaq. Psixoloqlar işlərini daha uğurlu şəkildə davam etdirəcəklər. Kitabın çap olunmasında əsas məqsəd məktəb psixoloqlarını məktəblərdə ən çox rast gəlinən mürəkkəb psixoloji problemlərin, o cümlədən stress, psixi və mənəvi travma halları, eləcə də pandemiyadan sonra yaranmış psixi və əqli sağlamlıq problemləri və sindromlarının aradan qaldırılması üçün zəruri olan nəzəri və praktiki biliklərlə təmin etməkdir".

 

Bakı Şəhər Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyeva çıxışında bildirib ki, lazımi vəsait tam vaxtında nəşr olunub:

 

 

“10 il bundan öncə psixologiyanın ehtiyacları bu qədər deyildi. İnsanın inkişafında psixoloji dəstəyin çox böyük rolu var. Həmçinin millət öz mədəniyyətini qoruyub-saxlamaq istəyirsə, məktəbə xüsusi qayğıyla yanaşmalıdır. “Məktəb psixoloqunun stolüstü kitabı” məktəbdəki psixoloqların peşəkar inkişafı üçün yol xəritəsi olacaq. Kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”.

 

Təhsil nazirinin müşaviri Elnur Nəsibov söyləyib ki, bu gün təhsilimizə belə töhvənin verilməsi böyük işdir və yüksək qiymətləndirilməlidir:

 

 

 

“Kitab məktəb psixoloqlarının işini inkişaf etdirəcək. Təklif edərdim ki, vəsaitin elektron variantda əlçatanlığı təmin edilsin. Xüsusilə də bölgələrdəki işçilər üçün kitabın istifadəsində əlçatanlıq mümkün olsun".

 

Kitabın elmi redaktoru və müəllifi Təhsil İnstitutunun şöbə müdiri Laləzar Cəfərova çıxışda qeyd edib ki, kitabın ərsəyə gəlməsində uzun illər psixologiya sahəsini araşdıran 9 müəllifin əməyi böyükdür:

 

 

“Hər bir müəllif çalışırdı ki, kitabda nəzəri bilgilərlə yanaşı müasir müəllimlər, valideynlər və şagirdlər üçün praktik tövsiyələrini versinlər. "Məktəb psixoloqunun stolüstü kitabı"nın nəşrində məqsəd məktəb psixoloqlarının öz işlərini daha səmərəli qurmalarına dəstək olmaqdır”.

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları