Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-24 16:43:00
Türkiyəli şagirdlər Azərbaycanda səfərdədir

Türkiyə Respublikasının İstanbul, İzmir, Bursa, Ankara, Adana və Çanaqqala şəhərlərinin 9 -11-ci sinif şagirdləri və müəllimlərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb. Həmçinin şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib.

 

Qonaqlar Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub, mərkəzin fəaliyyəti haqqında məlumatlandırılıb. Həmin gün nümayəndə heyəti Heydər Əliyev Mərkəzini də ziyarət edib.

 

İyunun 24-də qonaqlar Heydər Əliyev adına Müasir Təhsil Kompleksində şagirdlər üçün yaradılan şəraitlə tanış olub. Burada qonaqlar üçün 44 günlük Vətən müharibəsi və Türkiyə-Azərbaycan qardaşlığını əks etdirən videoçarx nümayiş etdirilib. Müasir Təhsil Kompleksi ilə türk şagirdlərindən ibarət komandalar arasında intellektual oyun keçirilib.

 

Həmin gün nümayəndə heyəti Hərbi Qənimətlər Parkı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə də tanış olublar.