https://www.zirve.edu.az/
12.03.2018 09:55
Təhsil problemlərini çəkən məşhur videobloqçu: “Deyirlər ki, get fəhlə işlə”

Texnologiya dünyasında – internet əsrində yaşayırıq. İndi hər  kəs özünü “Twitter”, “Facebook”, “İnstagram”, “Youtube” kimi sosial şəbəkələrdə ifadə edə bilir, informasiya və ya video paylaşır.

Bunlarla yanaşı, bəzi fərdi videobloqlar da ictimai fikrin formalaşmasında mühüm rol oynamağa başlayıb. “Blog” sözünün ingiliscədən mənası “onlayn gündəlik” deməkdir. Dolayısı ilə bloq bir şəxsin gündəlik olaraq yazı yaza bildiyi, video çəkib paylaşdığı, fikirlərini bölüşdüyü virtual mühitdir. Həmin mühitin yazarları isə bloqçulardır.

Azərbaycan gəncləri arasında videobloqçuluqla məşğul olanların  sayı artmaqdadır. Say çoxluğu digər gənclər, xüsusilə tələbələr arasında bu işə olan marağı artırır. Yeni trend-tələbəlik və videobloqçu  kimi ifadələr səslənməyə başlayır. Elə həmin vaynlara- 15 saniyə ərzində çəkilən komik videolar-maraq göstərənlərin əksəriyyəti də tələbələrdir.

Tələbələrin maraqla izlədiyi gənc və populyar vaynerlərin siyahısında isə Elvin İbrahimzadənin- Elvin İbra - adını çəkə bilərik.

Elvin İbrahimzadə Azərbaycan Texniki Universitetinin “Radiotexnika və rabitə” fakültəsini bitirib və həmin universitetdə magistr pilləsi üzrə təhsil alıb. Videobloqçu kimi fəaliyyətə IV kursun sonlarında başlayıb. Bir müddət internet mühəndisi kimi çalışsa da, hazırda vayner, ssenarist kimi çalışır və reklamlara çəkilir.

Elvin İbrahimzadənin “İnstagram” sosial şəbəkəsində 327 min izləyicisi var.

AzEDU.az Elvin İbrahimzadəylə olan müsahibəni təqdim edir:

- Elvin bəy, necə oldu ki, vayn çəkmək qərarına gəldiniz?

- Azərbaycan Texniki Universitetində IV kursda oxuyanda, atamla birlikdə video çəkdik. Sonra bu video sosial şəbəkələrdə, “İnstagram”da paylaşıldı. Beləliklə, məndə bu işə maraq yarandı vəyn çəkməyə başladım.

- Vaynlarınızda hansı səbəbdən daha çox tələbə həyatına üstünlük verirsiniz?

- Tələbələrlə daha rahat oluram, onların nə fikirləşdiyini, hansı videoya baxmaq istədiklərini daha yaxşı bilirəm. Əvvəllər vaynları qrup yoldaşlarımla çəkirdim. Universiteti bitirdikdən sonra yollarımız ayrıldı və  başqa dostlar qazandım. Hazırda izləyici kütləsi az olan vaynerləri həvəsləndirmək üçün onlarla bir yerdə işləməyə başlamışam. Eyni zamanda, sinif yoldaşlarımla da işləyirəm.

- Tənqid olmasa, inkişaf da olmaz. İnsanlar sizə əsas olaraq nəyi irad bildirirlər?

-  Əsasən, “vayn çəkə bilmirsən, çəkmə”, “ get, başqa  işlə məşğul ol”, “get, fəhlə işlə” kimi ifadələrdə tənqid olunuram. Onların yumoru mənim yumoruma uyğun gəlmir deyə, başqa iş tapmağımı istəyirlər. Hətta söyənlər belə olur.

- Azərbaycanda ən çox hansı videobloqçunu bəyənirsiniz?

- Son vaxtlar demək olar ki, heç birini bəyənmirəm. Heç öz çəkdilərimə də gülə bilmirəm. Görürsən ki, yaxşı maraqlı ideyalar fikirləşib çəkirlər, amma mənim fikrimcə,  son vaxtlar gülməli vayn çəkən videobloqçu yoxdur.

- Azərbaycan xalqının yumor zövqünü necə qiymətləndirirsiniz?

- 2 il yarımdır, video çəkirəm, amma mənim vaynlarımda nəyə güldüklərini bilmirəm. Tələbələr universitet, qayıb, gecikmək, kəsilmək və s. kimi məsələlərin hər gün əyani şahidi olurlar deyə, onlara bu videolar  gülməli gəlir. Amma digər izləyici kütləsinin  nəyə güldüyünü aydınlaşdıra bilmirəm. Məsələn, 13 yaşlı uşaq mənə deyir ki, universitetlə bağlı çəkdiyin videolar  çox qəşəngdir. Axı sən nə bilirsən ki, universitet nədir?

Bizim xalq çoxluq nəyə gülürsə, ona gülməyi sevir. Tələbələrlə bağlı vaynlar izlənilir, amma çəkdiyim videoların mövzularını genişləndirmək istəyəndə, başqa nəyə güləcəklərini  müəyyənləşdirməkdə çətinlik çəkirəm.

- Universitetlərdə tələbələrlə tez-tez görüşlərə gedirsiniz. Onların sizə münasibəti necə olur?

- Universitetlərə gedib tələbələrlə görüşməyi çox sevirəm. Görüşlərimiz sual-cavab şəklində keçir. Tələbələr mənə daha çox özümlə bağlı yox, ümumi suallar verirlər. Məsələn,bir dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi  “yadplanetlilərə inanırsınızmı?” sualını vermişdi. Belə suallar və bu suallar ətrafında müzakirə aparmaq daha maraqlı olur.

Azərbaycan Dövlət İqtisad Universitetində ilk görüşüm möhtəşəm keçdi. Zalda təxminən, 500 nəfər var idi. Tələbələr mənə suallar verir, şəkillər çəkdirirdilər. İndiyə qədər 3 nəfər isə məndən imza istəyib.

29136393_2063915543886366_8159273728694288384_n.jpg

- Azərbaycan Texniki Universitetində təhsil aldığınız müddətdə rektor sizin üçün əlçatan olubmu?

- Mən Azərbaycan Texniki Universitetində təhsil alan zaman rektor professor Havar Məmmədov idi. O, hazırda Bakı Mühəndislər Universitetinin rektorudur. Çox gözəl insandır. Tələbə vaxtı münasibət qurmaq üçün hər hansı bir problem yaşamamışam deyə, müraciət də etməmişəm. Amma tələbələrlə daim maraqlandığının, tez-tez ünsiyyətdə olduğunun şahidi olmuşam.

Ümumilikdə, Azərbaycan Texniki Universiteti oxumaq üçün ideal yerdir, amma tələbə həyatı üçün uyğun deyil. Həyəcan, macəra axtaranların buranı seçmələrini tövsiyə etmirəm. Bu universitetdə ya oxuyacaqsan, ya da çoxlu oğlan dost qazanacaqsan.

- Bizə maraqlıdır, Elvin İbra orta məktəbdə və universitetdə dərslərini necə oxuyub?

- Universitetə qəbul imtahanında 515 bal toplamışam.  Bakalavr və magistr pilləsini də əlaçılıqla başa vurmuşam. Radiotexnika və rabitə çox yaxşı ixtisasdır. Azərbaycan Texniki Universitetində rabitə sahəsi çox yaxşı inkişaf edib. Hazırda vəzifədə olan şəxslərin əksəriyyəti də bu universitetin məzunlarıdır.

Məktəb vaxtı isə hədəfləri və məqsədləri olmayan  şagird olmuşam. Ədəbiyyatla aram elə də yaxşı olmayıb. Bugünə qədər cəmi, 10 və ya 12 bədii kitab oxumuşam.

- Yeri gəlmişkən, ali məktəblərə qəbul imtahanında yüksək bal toplayan gənc kimi abituriyentlərə nələri tövsiyə edərdiniz?

- Mən abituriyent olanda hazırlıqdan çıxıb birbaşa evə gəlirdim. Ümumiyyətlə, televiziyaya baxmırdım. Sabahkı gün digər işlərlə məşğul ola bilim deyə, yeməyimi yedikdən sonra dərslərimi oxuyurdum. Çünki hazırlıqdan informasiya dolu başla  gəlirsən və o beyinlə dərsləri daha rahat edirsən. Səhər durub həmin dərsi oxumaq eyni nəticəni vermir. Yəni, şagirdlərə bugünün işini sabaha saxlamamalarını tövsiyə edirəm. Belə olan halda həm vaxtında dərslərini oxuyacaqlar, həm də istədikləri qədər istirahət edəcəklər. Düzü, o dövrlə müasir dövr də bir deyil.  İndi 6-cı sinifdə oxuyan uşaq “İphone” işlədir. Halbuki, mənim 23 yaşım olsa da, hələ indi “İphone” almışam.

- Sizcə,  tələbənin videobloqçu kimi fəaliyyətə başlaması, onun  təhsil həyatına mane ola bilər?

- Tələbələrlə görüşdə mənə tez-tez “biz də video çəkək?” sualını ünvanlayırlar.  Cavabım həmişə “yox” olur. Çünki videobloqçu olmaq sosial həyatı gücləndirib insanlarla ünsiyyəti yaxşılaşırdırsa da, təhsildə zəifləmə mütləq olur və bu iş tələbənin təhsilinə mənfi təsir göstərir.

Mən, IV kursun sonlarından vayn çəkməyə başlamışam. Abituriyentlərə isə bu işi qəti şəkildə məsləhət görmürəm. Soruşanda da deyirəm ki, universiteti bitirdikdən sonra çəkərsiniz. Çünki ali təhsil aldıqdan sonra əlində ən azı bir ixtisasın olur. Amma videobloqçu kimi 3 ay video çəkməsən, artıq yoxsan.

- Hansı videobloqçunu özünüzə rəqib görürsünüz?

- Populyar videobloqçuların hamısı dostlarımdır. Onları özümə rəqib görə bilmərəm. Hər birinin yaxşı iş görməyi mənə də xoşdur, onların uğurunu qısqanmıram. Sadəcə olaraq, başqa vaynerlərdən eyni ideyanı götürüb çəkənləri sevmirəm. Bütün xarici videobloqçuları izləyirəm. Onların videosundan nəsə götürəndə belə pis oluram. Bir sözlə, öz ideyası olmayan vaynerləri sevmirəm. Populyarlar içində də belələri var. Elə həmin adamın çəkdiyi videoya  baxanda öz ideyası olmadığı bilinir.

- Minlərlə izləyici kütləsinə sahib olmağın hansı üstünlükləri var?

- Ən birinci, bu çox yaxşı motivasiyadır, məni həyatda ruhdan düşməyə qoymur. Tanımadığn insanların sənlə maraqlanmağı, sənlə səmimi söhbət etmək istəmələri əla hissdir.

Digər bir məqam isə populyar olduqdan sonra qızların mənə olan diqqətinin artmasıdır. Saxta insanları sevmirəm. Ona görə də sırf populyarlığıma görə mənə yazan qızlarla danışıram. Onların hissləri ilə oynayıram (gülür).

- Sizcə, Azərbaycanda bloqçuluq institutu varmı?

- Xeyr. Azərbaycanda bu sahə mütləq inkişaf etməlidir. Ümumi götürsək, cəmi 7- 8 nəfər populyar videobloqçu var.Zaman keçdikcə isə bu sahə  məhvə doğru gedir və gedəcək. Düzü, Azərbaycanda çoxsaylı vaynerlərin olmasını istəmərəm. Çünki kəmiyyət artdıqca, xalqın yumor hissi də bir o qədər azalacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları