http://www.position.az/ https://www.zirve.edu.az/
2022-05-17 11:27:00
Fənlərin monitorinqi aparılacaq! - Dərslik yazanlara “dərs keçiləcək”

“Bu gün dərsliklərimiz kölgədə qalmış böyük bir problemdir. Biz öz müzakirələrimizdə həm də bunun varlığını önə çəkəcəyik”

 

“İlk işimiz dərsliklərin ümumi monitorinqi oldu. Nöqsanlar ümumiləşdirildi”

 

“Bundan sonrakı müddətdə bizim işimiz hər fənn üzrə qüsurların monitorinqini aparmaq, çatışmazlıqları deməklə yanaşı, perspektivləri də önə çəkmək, “gələcəkdə daha yaxşı nə etmək olar?” sualına mütəxəssislərlə birlikdə cavab verməkdir”

 

AzEdu.az Təhsil Portalının nəzdində xüsusi mərkəzin əsası qoyulub. Dərsliklərin Müstəqil Monitorinqi  Mərkəzinin yaradılmasında əsas məqsəd dövlətin təhsil  siyasətinə dəstək, dərsliklərdəki yanlışlıqların aradan qaldırılması və təhsil üçün faydalı işlər görməkdir. 

 

Mərkəzin gələcək fəaliyyəti barədə AzEdu.az Təhsil Portalının baş redaktoru Elmin Nuri “Sherg.az”a danışıb. O, bildirib ki, belə bir mərkəzin yaranmasını uzun müddətdir arzulayıb:

 

“İcra prosesinə keçməzdən öncə təhsil üzrə tanınmış mütəxəssislərlə, hazırda bu  sahədə məsul və rəhbər vəzifədə çalışan şəxslərlə, eləcə də dərslik müəllifləri olan insanlarla öz aramızda məsləhətləşmə apardıq. Bəziləri ilə şəxsi görüşdük, bəzilərindən virtual olaraq məsləhətlər aldıq. Ondan sonra düşündük ki, bu prosesi, ideya halında olan işi gerçəkləşdirməyə dəyər. İdeyanın təşəbbüsü AzEdu.az Təhsil Portalının direktoru Elşən Eyvazlıdan gəldi.  İlk öncə qeyri-rəsmi, informasiya tərəfinin olmaması şərti ilə məşvərət-məsləhət xarakterli görüşlər keçirildi. Görüşlərdəki insanların zəruri təkliflərini və faydalı düşüncələrini aldıqdan sonra qərara gəldik ki, bu mərkəzi hərəkətə gətirmək zəruridir”.

 

Baş redaktor ilk görüşün iştirakçılarını sadalayıb. O, qeyd edib ki, iclasın nəzərdə tutulandan da uzun davam etməsi məsələnin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir:

 

 “İlk görüş mayın 14-də baş tutdu. Bir saatlıq görüş nəzərdə tutmuşduq. Lakin 3 saat 48 dəqiqə davam etdi. Bu da problemin nə dərəcədə vacib olduğunun əyani sübutu idi. Professor Şahlar Əsgərov, professor Fərrux Rüstəmov, professor və Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, sabiq millət vəkili və tanınmış pedoqoq Sona Əliyeva, “Zirvə” tədris mərkəzinin rəhbəri və təsisçisi Rahib İbrahimov, Azərbaycanın tanınmış fizika mütəxəsisi Namiq Süleymanov bizim  ilkin görüşün iştirakçıları idilər. Hər biri digər iclaslara tələssə də, bu görüş zamanı  növbəti iclasları unutmuşdular. Çünki hamısı bunun nə dərəcədə ciddi problem olduğunu anlayırdı”.

 

E.Nuri mərkəzin gələcək persperktivlərindən də söz açıb. O, hesab edir ki, dərsliyin kökündə çox vacib və təhsilin bönövrəsini təşkil edən məsələlər dayanıb:

 

“Biz adətən, dərsliklərdəki problemlə bağlı danışıdıqda deyirik ki, hansısa çalışmada səhv buraxılıb, hansısa hərf səhv gedib. Xeyr, bu dərslik xətası deyil. Bu, sadəcə mexaniki səhvdir və heç bir insan bundan sığortalanmayıb. Bizim əsas prinsipimiz məhz həmin məsələni bundan sonra gündəmdə saxlamaq, dövlətin təhsil siyasətini, dərsliklərdəki vacib nöqsanların bir daha təkrarlanmamasının informasiya, vətəndaş cəmiyyəti olaraq həyata keçirməsinə nail olmaqdır. Bizim işimiz rəsmi qurumlara bu işdə yardımçı olmaq və vətəndaşları, təhsil verənləri, eləcədə təhsil alanları və onların valideynlərini bu istiqamatlərdə məlumatlandırmaqdır.

İlk işimiz dərsliklərin ümumi monitorinqi oldu. Nöqsanlar ümumiləşdirildi. Bundan sonrakı müddətdə bizim işimiz hər fənn üzrə qüsurların monitorinqini aparmaq çatışmazlıqları deməklə yanaşı, perspektivləri də önə çəkmək, “gələcəkdə daha yaxşı nə etmək olar?” sualına mütəxəssislərlə birlikdə cavab verməkdir”.

 

Onun sözlərinə görə, dərsliklərin hazırkı vəziyyəti repetitor asılığını artırır:

 

“Burada vacib bir tezis var: dərslik təhsilin əsas sütunu, bünövrəsi kimi. Həqiqətəndə bu belədir. Təsəvvür edin ki, bu gün dərsliyin necəliyi, bizim təhsilin ümumi mənzərəsini özündə əks etdirir. Bugünkü dərslik proqramımız necədirsə, təhsilimizin də səviyyəsi elədir. Bu gün Təhsil Nazirliyinin təsdiqlədiyi dərsliyin proqramı, DİM-in özünə məxsus olan qeyri-rəsmi proqramı ilə uyuşmadığı üçün, hətta ondan geri qaldığı üçün bizim təhsildə repetitor asılılığı öz sözünü deyir. Bu gün istənilən dərsliyi mükəmməl bilən, mənimsəyən şəxsi qəbul imthanına buraxın. Sizcə, həmin şəxs bütün suallara düzgün cavab verə bilərmi? Təbii ki, xeyr. Bu gün dərsliklərimiz kölgədə qalmış böyük bir problemdir. Biz öz müzakirələrimizdə həm də bunun varlığını önə çəkəcəyik”.

 

E.Nuri sonda əlavə edib ki, media da bu işdə onlara dəstək versə, bundan çox şad olarlar.