Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-17 10:04:00
BMU-İNHA ikili diplom proqramı ilə bağlı Sumqayıtda şagirdlərlə  görüş keçirilib

Bakı Mühəndislik Universiteti  (BMU) və Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı ilə bağlı orta məktəblərdə maarifləndirmə tədbirlərinə start verilib. İlk tədbir Sumqayıtda Təbiət Elmləri Təmayüllü Gimnaziyada baş tutub.

 

AzEdu.az xəbər verir ki, gimnaziyanın direktoru Nizami Əhmədov rəhbərlik etdiyi gimnaziyanın şagirdlərinin uğurlarından danışıb və Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda onların ən yüksək nəticələr göstərdiyini vurğulayıb. BMU ilə İNHA arasında həyata keçirilən ikili diplom proqramının icrasını yüksək qiymətləndirən N.Əhmədov görüşün bu proqram barədə ətraflı məlumat almaq baxımından önəmini qeyd edib, həmçinin belə təmasların məktəblilərin universitet seçiminə müsbət təsir göstərdiyini bildirib.

 

BMU-İNHA ikili diplom proqramının direktoru Humay Cəfərli 2 ildir gerçəkləşdirilən sözügedən proqrama uyğun olaraq İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektronika mühəndisliyi və Elektrik mühəndisliyi ixtisasları üzrə keyfiyyətli kadr hazırlığının həyata keçirildiyini diqqətə çatdırıb.

 

H.Cəfərli proqramın hədəfinin ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkədə XXI əsrin tələblərinə cavab verən yeni nəsil mütəxəssislərin yetişdirilməsi olduğunu söyləyib. Proqramın 3+1 modeli əsasında qurulduğunu deyən proqram direktoru tələbələrin 3 akademik ili BMU-da, 1 akademik ili isə İNHA Universitetində təhsil alacaqlarını vurğulayıb.

 

Proqramın tam olaraq dövlət hesabına maliyyələşdiyini deyən H.Cəfərli proqramın üstünlüklərindən biri kimi dərslərin hər iki universitetin tam sinxronlaşdırılmış tədris planına əsasən keçirildiyini bildirib. Məzunların işlə təminat imkanlarından da danışan H.Cəfərli çıxışında proqramın şərtləri və qəbul qaydaları ilə bağlı geniş məlumat verib.

 

Sonra çıxış edən ikili diplom proqramının idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang İNHA Universitetinin mühəndislik, biznes inzibatçılığı, tibb, sosial elmlər sahəsində Cənubi Koreyanın lider universitetlərindən biri olduğunu nəzərə çatdırıb. İNHA-nın reytinqinə görə Cənubi Koreyada 189 universitet arasında 8-ci yerdə qərarlaşdığını qeyd edən bölmə rəhbəri 20 mindən çox tələbənin təhsil aldığını fikirlərinə əlavə edib. Proqramın üstünlüklərinə toxunan Hyunjin Yang tələbələrin magistratura və doktorantura təhsillərini Cənubi Koreyada təqaüdlə davam etdirmək, beynəlxalq təcrübəni öyrənərək qeyd olunan mühəndislik sahələrində müasir bilik və bacarıqlara yiyələnmək, həmçinin dünyaca məşhur Samsung, LG, Hyundai, Kia kimi şirkətləri ziyarət etmək, orada işləmək imkanı əldə edəcəklərini də deyib. Hyunjin Yang çıxışının sonunda Azərbaycan dövlətinə gənc nəsil üçün belə bir proqramı təsis etdiklərinə görə minnətdarlığını bildirib.

 

Daha sonra BMU-İNHA ikili diplom proqramı ilə bağlı videoçarx nümayiş olunub.

 

Görüş şagirdləri maraqlandıran sualların cavablandırılması ilə sona yetib.