Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-13 18:00:00
İctimai Şura üzvləri ilə sertifikatlaşdırma prosesi müzakirə edilib  

Mayın 13-də Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının üzvləri ilə Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri arasında görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının sədri, təhsil nazirinin müavini Muxtar Məmmədov sertifikatlaşdırma prosesinin mahiyyəti və məqsədi barədə fikirlərini bölüşərək, prosesin təhsilverənlərin peşəkar inkişafında əhəmiyyətli rol oynayacağını vurğulayıb. Muxtar Məmmədov sözügedən prosesə ilkin mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin  tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunacağı barədə məlumat verib.

 

Sertifikatlaşdırma prosesinin uzunmüddətli hədəflərinin olduğunu bildirən nazir müavini sertifikatlaşdırmanın təhsilverənlər üçün özunüinkişaf aləti olmasını, nəticələrin təhsil sisteminə böyük töhfələr verəcəyini qeyd edib.

 

Daha sonra Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı ictimaiyyət arasında düzgün kommunikasiyanın qurulmasına dair məsələlər müzakirə olunub.

 

Görüşdə İctimai Şura üzvlərinin rəy və təklifləri dinlənilib, çoxsaylı sualları  cavablandırılıb.