Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-18 12:18:00
Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslər üçün təlimlər davam edir

Müsahibələr DİM-in inzibati binasında və regional bölmə mərkəzlərində DİM-in məsul əməkdaşları tərəfindən aparılır. Müsahibədən məqbul alaraq test imtahanı üçün qeydiyyatdan keçən namizədlər psixometriya və ümumi intellekt səviyyəsinin yoxlanılması üçün imtahana cəlb edilirlər. Qeyd edək ki, bu günə qədər 962 namizəd müsahibə mərhələsində iştirak edib.

 

AzEdu.az xəbər verir ki, Psixometriya və ümumi intellekt səviyyəsinin yoxlanılması üçün imtahan yanvarın 16-da Dövlət İmtahan Mərkəzində 1,5 saat müddətində elektron qaydada aparılıb və 135 namizəd iştirak edib. Ümumi intellekt səviyyəsinin yoxlanılması üçün imtahanda minimum 40% nəticə göstərən və psixometrik testlərinin nəticəsi məqbul olan namizədlər müəyyən edilmiş qrafikə uyğun olaraq təlimə cəlb olunurlar. Məlumat üçün bildirək ki, bu günə qədər ilkin test imtahanında 682 namizəd iştirak edib.

 

Ötən günlər ərzində test imtahanından uğurlu nəticə əldə edən namizədlər üçün 15 və 16 yanvar tarixlərində Azərbaycan Universitetində 20-22 nəfərlik qruplarda növbəti təlimlər təşkil olunub və 84 namizəd iştirak edib.

 

Təlimlərin birinci günü səmərəli ünsiyyət, işgüzar etiket texnikaları, ünsiyyət prosesində stresin idarə olunması və etik davranış qaydaları mövzularını əhatə edir. Bundan əlavə, psixometrik testlər vasitəsilə namizədlərin stresə qarşı emosional davamlılığı, özünütənqid və idarəetmə qabiliyyəti, eləcə də çətin situasiyalarda qərarvermə bacarığı yoxlanılır.

 

Təlimlərin ikinci günündə isə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarə edilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilir və fikir mübadiləsi aparılır. Bu günə qədər 169 namizəd təlimlərə cəlb edilib.

 

Eyni zamanda ötən həftədə təlimləri uğurla başa vuran 80 namizəd yanvarın 16-da DİM-inzibati binasında yekun test imtahanına dəvət edilib. Yekun test imtahanında isə namizədlərin təlimlər zamanı əldə etdikləri imtahanların texnologiyası, zal nəzarətçilərinin vəzifələri və funksiyaları haqqında nəzəri bilikləri yoxlanılıb.

 

İmtahanlardan 60% və daha yüksək nəticə göstərənlər A və ya B kateqoriyalı zal nəzarətçisi sertifikatı əldə edərək DİM-in elektron nəzarətçilər bazasına daxil edilirlər. Zal nəzarətçisi sertifikatı əldə etmiş namizədlər mütəmadi olaraq DİM tərəfindən keçirilmiş imtahanlara cəlb olunacaqlar.

 

Qeyd edək ki, zal nəzarətçisi sertifikatı əldə etmək üçün qeydiyyat oktyabr ayından etibarən başlanılıb və bu müddət ərzində 1457 nəfər öz ərizəsini təsdiq edib. Ümumi prosesin fevral ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulub.