Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-13 17:40:00
“Şirməmməd Hüseynov mükafatı” Ramiz Abutalıbovun ailəsinə təqdim edildi - FOTOLAR 

Tanınmış diplomat, ictimai xadim, araşdırmaçı alim, diaspor fəalı, mərhum Ramiz Abutalıbovun Moskvada yaşayan qızı Sevil Abutalıbova və nəvəsi Cavada Parlament Jurnalistləri Birliyi (PJB) tərəfindən təsis edilən “Şirməmməd Hüseynov mükafatı” təqdim olunub.

 

AzEdu.az-ın məlumatına görə, təqdimat mərasimində çıxış edən PJB sədri Elşad Eyvazlı xatırladıb ki, Şirməmməd Hüseynov və Ramiz Abutalıbov Azərbaycanın görkəmli şəxsiyyətləri olublar:


“Biz hər zaman bu şəxsiyyətlərlə qürur duyacaq, onların yolunu davam etdirməyə çalışacağıq. Hər ikisi Azərbaycan üçün bir iz qoyub. Həm Şirməmməd Hüseynov, həm də Ramiz Abutalıbov öz əməlləri ilə sübut etdilər ki, vətən, millət məsələsində təmənna olmur. Mən arzulayıram ki, gəncliyimiz onların yolunu davam etdirə bilsin. Biz də bu məsələdə üzərimizə düşən vəzifələri hər zaman yerinə yetirəcəyik”.  
 

Birliyin sədr müavini, “Şirməmməd Hüseynov mükafatı”nın Ekspert Komissiyasının sədri Elşad Paşasoy isə qeyd edib ki, Ramiz Abutalıbov uzun illər dövrünü araşdırdığı Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığı tarixdə Bakıda olmağı arzulayıb. Sözügedən mükafat da məhz Cümhuriyyət günündə ona təqdim edilməli idi:

 

“Lakin çox təəssüf ki, tale buna imkan vermədi. Həm Şirməmməd Hüseynovun, həm də Ramiz Abutalıbovun vəfatı bütün Azərbaycan xalqının itkisidir. Ümid edək ki, ruhları şaddır. Biz isə media təmsilçiləri olaraq, onların yolunu davam etdirməyi, qoyub getdikləri irsə sahib çıxmağı özümüzə borc bilirik.

 

“Şirməmməd Hüseynov mükafatı”nın Ekspert Komissiyası olaraq, bu ödülə namizədlər arasından seçim edərkən çox düşünmədik. Çünki Ramiz Abutalıbovun keçdiyi yol, Azərbaycan dövlətinə, xalqına xidmətləri hər kəsə məlumdur. Onun ərsəyə gətirdiyi əsərlər, dövlətçilik tariximizin müxtəlif dövrləri, xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti haqqında dəyərli araşdırmaları bundan sonra da öyrəniləcək. Şirməmməd Hüseynovun və Ramiz Abutalıbovun davamçıları onların irsini layiqli şəkildə davam etdirəcəklər.

 

Ramiz müəllimə belə bir mükafata layiq görüldüyünü bildirəndə, o çox razı qaldı. Dostu, əqidə yoldaşı Şirməmməd Hüseynovun adına təsis edilmiş belə bir mükafatı məmnunluqla qəbul etmək istəyirdi. Tale buna imkan vermədi, lakin biz bu mükafatı dostu Nəsib müəllimin də iştirakı ilə Ramiz Abutalıbovun qızı Sevil xanıma və nəvəsi Cavad bəyə təqdim edirik”.
 

Ramiz Abutalıovun yaxın dostu,  Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi, şair Nəsib Nəbioğlu deyib ki, Ramiz Abutalıbovun vəfatı bir rayonun, bir bölgənin itkisi deyil, bütün Azərbaycan xalqı görkəmli şəxsiyyətini itirdi:
 

“Ramiz Abutalıovun xalq yolunda xidmətləri danılmazdır. Onun Moskvada yaşadığı dövrdə diaspor fəaliyyəti kifayət qədər böyük idi. Ramiz Abutalıbov tək öz ailəsi üçün deyil, bütün Azərbaycan xalqı üçün yaşadı, araşdırdı, yazdı. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli şəxsiyyətlərinin, mühacirət dövründəki fəaliyyəti, xalq üçün gördüyü işlər haqqında geniş araşdırmaları mövcuddur. O, 20 Yanvar faciəsi zamanı hətta öz həyatını təhlükə qarşısında qoyaraq, fransalı jurnalistlərin Bakıya gəlməsinə, bu qırğını işıqlandırmasına çalışdı. Düşünürəm ki, bundan sonra Ramiz Abutalıbovun irsi dərindən araşdırılacaq, gənclərimiz bu böyük şəxsiyyətin gördüyü işləri, əsərlərini öyrənəcəklər”.  

 

Şirməmməd Hüseynovun ömür-gün yoldaşı, “Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova da Ramiz Abutalıovun varislərinə təşəkkür ünvanlayıb:


“Adətən görkəmli şəxsiyyətlərə onlar həyatdan köçdükdən sonra daha böyük dəyər verilir. Ramiz Abutalıbov Azərbaycan xalqı üçün əbədi yaşayacaq şəxsiyyətdir. Onun irsini yaşatmaq bizim borcumuzdur”.  
 

Qeyd edək ki, “Şirməmməd Hüseynov mükafatı” ilə bağlı qərarı Parlament Jurnalistləri Birliyinin İdarə Heyəti 12 noyabr 2019-cu il tarixində qəbul edib. Əsasnamədə qeyd olunur ki, “Şirməmməd Hüseynov mükafatı”nın məqsədi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətini dəyərləndirmək, jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir.
 

“Şirməmməd Hüseynov mükafatı” fəaliyyəti və yaradıcılığı ilə jurnalistikanın inkişafında yüksək xidmətləri olmuş, jurnalistikanın tədrisi sahəsində mühüm nailiyyətlər əldə etmiş şəxslərə, peşə prinsiplərinə riayət etməsi ilə fərqlənən jurnalistlərə, ziyalılara verilir. Təsisçilərin bildirdiyi kimi, mükafat yalnız ölkəmizin hüdudlarını əhatə etməyəcək. Azərbaycanın milli və dövlət maraqlarını beynəlxalq aləmdə layiqincə təmsil edən əcnəbi vətəndaşlar, görkəmli elm xadimləri, tarixi araşdırmaçı və tədqiqatçılar, Azərbaycanın ictimai-ədəbi mühitində nüfuz qazanmış şəxslər, tanınmış mədəniyyət və incəsənət xadimləri də mükafatı qazanmaq üçün namizəd ola bilərlər. Bu mükafatı Azərbaycan dövləti və xalqı qarşısında göstərilmiş xidmətlərin qarşılığında qazanmaq mümkündür.