Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-13 12:01:00
Tələbələr üçün qış düşərgəsinə qeydiyyat davam edir

Təhsil İnstitutu Quba rayonunda fevralın 5-dən 13-dək tələbələr üçün qış düşərgəsi təşkil edəcək.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, düşərgədə ali təhsil müəssisələrinin riyaziyyat və texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura səviyyəsi üzrə təhsil alanlar iştirak edə bilərlər.

 

Düşərgədə iştirak etmək istəyən tələbələr yanvarın 24-dək https://anket.edu.az/link/174 linki vasitəsilə qeydiyyatdan keçməli və ali riyaziyyat üzrə baza biliklərin yoxlanılması məqsədilə təşkil olunacaq test imtahanında uğur qazanmalıdırlar. Test imtahanının yanvarın sonunda keçirilməsi nəzərdə tutulur.

 

Düşərgə çərçivəsində tələbələr üçün qeyd olunan istiqamətlərdə təcrübəli müəllimlər tərəfindən xüsusi hazırlanmış təlimlər təşkil ediləcək. Təlimlərin sonunda keçiriləcək test imtahanının nəticələrinə uyğun olaraq ilk 3 yeri qazanan iştirakçıya hədiyyələr və sertifikatlar, bütün iştirakçılara isə sertifikatlar təqdim olunacaq. İştirakçıların əylənərək öyrənməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə düşərgədə, həmçinin müxtəlif idman və bilik yarışları təşkil olunacaq.

 

Qeyd edək ki, düşərgənin təşkilində məqsəd tələbələr arasında ali riyaziyyat sahəsinə olan marağın artırılması, riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahəsində tətbiqi dairəsinə dair məlumatların verilməsi və qış tətili dövründə tələbələrin riyazi biliklərinin gücləndirilməsidir.